Məhkəmə qərarları › İş №2(006)-3034/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3034/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3034/2020 11.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddaçı ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi" tələbinədair iddiası üzrə mülki işə açıq məkhəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1dan və Cavabdeh2 müştərək qaydada 1242,87 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 1298,76 ABŞ dolları məbləğində faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 174,59 ABŞ dolları borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1383,76 ABŞ dolları məbləğində cərimə borcunun,ümumilikdə 4100,04 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat məbləğinində dövlət rüsumunun tutularaq ləğv prosesində olan "İddiaçı" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin “Səbail” filialı tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 29% ödəmək şərti ilə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklədə müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə xx.xx.2015ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Hazırda Cavabdeh1 kredit üzrə banka olan əsas borcu 1242,87 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə faiz borcu 1298,76 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu 174,59 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 1383,76 ABŞ dolları, cəmi isə 4100.04 ABŞ dolları təşkil edir. Ləğv prosesində olan İddiaçı ASCtərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan "İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli İKM 01 saylı kredit müqaviləsindən görünür ki, "İddiaçı" ASC Cavabdeh1 24 ay müddətinə, illik 29% ödəmək şərti ilə 2000 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "İddiaçı" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015ci il tarixli zəmanət müqaviləsindən görünür ki, zəmanət verən Cavabdeh2 borclunun xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəlikləri tamamilə icra etməsi üçün Bank qarşısında borclu ilə birlikdə tam məsuliyyət daşımağıöhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, ləğv prosesində olan "İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 əsas borcu 1242,87 ABŞ dolları, faiz borcu 1298,82 ABŞ dolları, əsas borca illik 5% hesablanmış borc 174,59 ABŞ dolları, cərimə borcu 1383,76 ABŞ dolları olmaqla, cəmi borcu 4100,04 ABŞ dolları təşkil edir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borcunun ödənilməsi barədə ləğv prosesində olan İddiaçı ASC tərəfindən xəbərdar olunmuşlar. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən zamin Cavabdeh2 ünvanlanan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borcunun ödənilməsi barədə ləğv prosesində olan İddiaçı ASC tərəfindən xəbərdar olunmuşlar. İş materiallarında olan mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdehlər kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; Eyni Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli İKM 01 saylı kredit müqaviləsinə əsasən ləğv prosesində olan İddiaçı ASC (borc verən) tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 29% ödəmək şərti ilə 2000 ABŞ dolları məbləğində kredit verilmiş, həmçinin kredit müqaviləsinin təminatı olaraq ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 (zamin) arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zaminliklə təmin edilmiş öhdəlik üçün sonuncu borclu ilə birgə kreditor qarşısında tam həcmdə məsuliyyət daşımağıöhdəsinə götürmüşdür. Lakin cavabdehlər iddiaçı ilə aralarında bağlanmış müqavilələr üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etməmiş və nəticədə banka 1242,87 ABŞ dolları əsas borc, 1298,82 ABŞ dolları faiz borcu, 1383,76 ABŞ dolları cərimə borcu və gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 174,59 ABŞ dolları borc olmaqla, ümumilikdə 4100,04 ABŞ dolları məbləğində borc yaranmışdır. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, 1383,76 ABŞ dolları cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 83 ABŞ dolları məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1242,87 ABŞ dolları məbləğində əsas borc, 1298,76 ABŞ dolları faiz borcu, 83 ABŞ dolları cərimə borcu və 174,59 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 2799,22 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, həmçinin dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 1242,87 (min iki yüz qırx iki dollar, səksən yeddi sent) ABŞ dolları məbləğində əsas borc, 1298,76 (min iki yüz doxsan səkkiz dollar, yetmiş altı sent) ABŞ dolları faiz borcu,83 (səksən üç) ABŞ dolları cərimə borcu, 174,59 (yüz yetmiş dörd dollar, əlli doqquz sent) ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 2799,22 (iki min yeddi yüz doxsan doqquz dollar, iyirmi iki sent) ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASCyə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar