Məhkəmə qərarları › İş №2(006)-3039/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3039/2023

18.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3039/2023 18.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 10 saylı Xəzinədarlıq İdarəsi, "xxxx" ATSC və Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 10 saylı Xəzinədarlıq İdarəsi, "xxxx" ATSC və Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və ailə üzvləri 1993-cü il tarixdə Qubadlı rayonundan məcburi köçkün düşərək, Bakı şəhərinə gəlmişdir. Dövlət onları yaşamaq üçün "xxxx" ATSC-nin həyətinə yerləşdirdi. "xxxx" ATSC tərəfindən onlara yaşamaq üçün vaqon verildi. 1999-cıı ilə kimi iddiaçı və ailəsi həmin vaqonda məskunlaşaraq yaşadılar. 1999-cu ildə Sabunçu Rayon İcra Hakimiyyətinin, eləcə də "xxxx" ATSC-nin direktoru Hamlet müəllimin razılığı ilə "xxxx" ATSC-nin həyətində mərhum atası bir otaqlı ev tikdi və onlar 2010-cu ilə kimi o evdə yaşadılar. Ailə üzvlərinin sayının artması, iddiaçının da ailə qurmağı və uşaqlarının doğulması səbəbindən bir otaqlı evə yerləşmək, orada yaşamaq mümkün deyildi. İddiaçı da məcburiyyət qarşısında qalıb "xxxx" ATSC-dən şifahi razılıq alıb 2010-cu ildə "xxxx" ATSC-nin həyətində ümumi sahəsi 120 kv.m olan, 3 otaqlı kürsülü evin tikintisinə başladı. Evin tikintisinə və təmirinə ümumilikdə 60000 manat pul xərclədi. Ev kürsüdə tikilmiş, 3 otaqdan, hamam-tualet, dəhliz və mətbəxdən ibarətdir. 2010-cu il tarixdən iddiaçı, arvadı Zeynalova Viktoriya, qızı Zeynalova Məryəm həmin evdə yaşayırlar. X4 Ağca qızı isə səhmdarı olduğu "xxxx" ATSC-nin şifahi razılığı əsasında, ATSC-nin həyətində mərhum atasının tikdiyi ümumi sahəsi 50 kv.metr olan 30000 manat dəyərində bir otaqlı evdə yaşayır. "xxxx" ASC onların Bakı şəhəri, Sabunçu rayonu, B.Bünyadov 10 ünvanında yerləşən ümumi sahəsi 3337,4 kv.m olan ərazidən çıxarılmaları və həmin ərazinin boşaldılaraq cəmiyyətə təhvil verilməsini tələb etdiyindən, iddiaçı və anası da, cavabdeh "Azərrabitəinşaat” ATSC-yə qarşı qarşılıqlı iddia verərək, Bakı şəhəri, Sabunçu rayonu, Ziya Bünyadov 10 ünvanında yerləşən ümumi sahəsi 120 m: olan, 3 otaqlı evin hazırkı bazar dəyəri 80000 manat məbləğində pul vəsaitinin, ümumi sahəsi 50 m2 olan, 1 otaqdan, mətbəx və sanitar qovşaqdan ibarət evin hazırki qiyməti olan 30000 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Hesab etmişdilər ki, "xxxx" ATSC-yə məxsus binada deyil, "xxxx" ATSC-nin binasının yerləşdiyi həyətdə, öz şəxsi vəsaitləri hesabına inşa etdikləri evdə yaşayırlar. Belə olan halda evin yerləşdiyi torpaq "xxxx" ATSC-nin istifadəsində olsa da, ev onlara məxsusdur. Əgər "xxxx" ATSC onların həmin həyətdən çıxmaqlarını tələb edirsə, o zaman şəxsi vəsaitləri hesabına tikdirdikləri evin dəyərini onlara ödəməlidir. Çünki, onlar evdən çıxdıqdan sonra hazırki bazar dəyəri 80000 manat və 30000 manat olan evləri "xxxx" ATSC-yə qalacaq. Bundan əlavə evi "xxxx" ATSC-nin razılığı ilə tikdirmişlər. Əgər "xxxx" ATSC ona məxsus həyətdə evtikməyi istəmirdisə, o zaman evin tikintisinə etiraz edərdi və tikintinin aparılmasına imkan verməzdi. "xxxx" ATSC onlara qarşı belə bir iddia irəli sürməklə onları çox çətin bir maddi duruma salmaq istəyir. İllər boyu yığıb topladıqları pul vəsaiti hesabına bu evləri tikdirmişlər. Onların bütün vəsaitləri bu evlərə xərclənib. Belə olan halda "xxxx" ATSC-nin onlara heç bir kompensasiya ödəmədən onları bu evlərdən çıxarmaq istəməsi çox ədalətsiz bir tələbdir. "xxxx" ATSC iddia ilə müraciət edərkən, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsini (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) tələb etməmişdir. Bu hal isə onun tikintilərdən faydalanmaq niyyətində olduğunu təsdiq edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)5643/2021 saylı qətnaməsi ilə ilk iddia təmin edilərək İddiaçı, Tahirova Raya Ağca qızı və X2 "xxxx" ATSC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ziya Bünyadov 10 ünvanında yerləşən ümumi sahəsi 3337,4 m2 olan ərazidən çıxarılması və həmin ərazinin boşaldılaraq "xxxx" ATSC-yə təhvil verilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-2852/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-758/2023 saylı qərarı ilə cavabdehlər İddiaçı və Tahirova Raya Ağca qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)2852/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hesab etmişdir ki, məcburi köçkünlərin mənzillə təmin olunması öhdəliyi dövlətin vəzifəsi olduğundan məhkəmələr düzgün olaraq cavabdehlərin mübahisəli ərazidən çıxarılması qənaətinə gəlmişdirlər. Məskunlaşdırıldıqları vaqon yaşayış üçün yararlı olmadığından və yararlı hala salınması mümkün olmadığından cəmiyyət hələ Dövlətə məxsus olduğu dövrdə həyətində fərdi yaşayış ev tikintisinə başladılar. Tikintinin aparıldığı və sonrakı uzun müddət ərzində nə Dövlət orqanları, nə də ki, xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" ATSC tərəfindən hər hansı irad və ya etirazla qarşılaşmadılar. Əksinə, təsisçisi Dövlət olan Azərsu ASC, Azəriqaz ASC və Azərişıq ASC bu evləri müvafiq olaraq su, qaz və elektriklə təmin etdi. Bundan başqa, vaqonda deyil, hazırda da Dövlət mülkiyyətində olan və 'Azərrabitəinşaat” ATSC-nin mülkiyyətinə keçəcəyi bəlli olmayan torpaq sahəsində inşa etdikləri, Dövlətin təsisçisi olduğu cəmiyyətlər tərəfindən komunal xidmətlərlə təmin edilmiş, yaşayış sahəsinə dair tələblərə cavab verən mənzilə malik olduqları üçün Dövlət onları məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə dövlət proqramlarına əsasən tikilən mənzil fonduna daxil edilmiş yaşayış sahələri ilə də təmin etmədi. ‘"Azərrabitəinşaat” ATSC-nin məhkəməyə müraciət etdiyi tarixədək birinci evin tikilməsindən keçən 20 ildən, ikinci evin tikilməsindən keçən 10 ildən artıq müddət ərzində fərdi yaşayış evlərinə dair Dövlət orqanları və ya ATSC-nin özü tərəfindən hər hansı xəbərdarlığın olmaması, əksinə evlərin təsisçiləri Dövlət olan cəmiyyətlər tərəfindən elektrik enerjisi, qaz və su ilə təmin edilməsi tikililərə mülkiyyət hüquqlarının yarandığını təsdiq edir. Göstərilənlərə əsasən, zərərin əvəzi üzrə 80.000 (səksən min) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 10 saylı Xəzinədarlıq İdarəsi, "xxxx" ATSC və Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa dəvət edilmiş, lakin qabacadan heç bir məlumat vermədən məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və işə onların iştriakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə hazırki işə cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Bakı şəhəri Sabunçu rayonu sektoru tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 1358№-li Arayışdan görünür ki, Qubadlı rayonundan məcburi köçkün İddiaçı Bakıxanov qəsəbəsi, B.Bünyatov 10 ünvanında müvəqqəti məskunlaşmışdır. -Məhkəmə Ekspertizası Mərkəzinin 02 avqust 2022-ci il tarixli, 10/2737№-li Ekspert rəyinin surətindən görünür ki, baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ziya Bünyadov 10 ünvanında yerləşən iddiaçı "xxxx" ASC-yə məxsus torpaq sahəsinin sərhədləri və cavabdehlərin faktiki yaşayış yeri müəyyən edilmiş, baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən "xxxx" ASC-yə məxsus torpaq sahəsinin sərhədləri daxilində yerləşən “J” literli talvarın altında tikili inşa edildiyi, “F” literli tikili üzərində isə konstruktiv dəyişikliklər və təmir işləri aparıldığı müəyyən olunmuş, baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, iddiaçıya məxsus torpaq sahəsinin hüdudları daxilində cavabdehlər tərəfindən aparılmış tikinti və təmir işlərinin dəyərinin hazırki orta bazar qiymətinə uyğun olaraq təqribən 48840,2 manat olduğu müəyyən olunmuşdur. -Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5643/2021 saylı qətnaməsinə əsasən, iddiaçı "xxxx" ATSC-nin cavabdehlər İddiaçı, Tahirova Raya Ağca qızı və X1rşı “ərazidən çıxarılma” tələbinə dair ilk iddianın təmin edilməsi, İddiaçı, Tahirova Raya Ağca qızı və X2 "xxxx" ATSC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ziya Bünyadov 10 ünvanında yerləşən ümumi sahəsi 3337,4 kv.m olan ərazidən çıxarılmaları və həmin ərazinin boşaldılaraq "xxxx" ATSC-yə təhvil verilməsi, İddiaçı və Tahirova Raya Ağca qızının cavabdeh "xxxx" ATSC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 2852/2022 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5643/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-758/2023 saylı Qərarına əsasən, cavabdehlər İddiaçı və Tahirova Raya Ağca qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-2852/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilən işin faktiki halları ondan ibarətdir ki, iddiaçı və onun ailəsi 1997-ci ildən "xxxx" ATSC-yə məxsus ərazidə məskunlaşmış, anası və arvadı ilə birlikdə orada yaşamağa başlamış, həmin ərazidə ümumi sahəsi 120 kv.m olan 3 otaqlı ev və ümumi sahəsi 50 kv.m olan 1 otaqlı ev tikilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında iddiaçı və onun ailəsinin "xxxx" ATSC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ziya Büynadov 10 ünvanında yerləşən ümumi sahəsi 3337,4 kv.m olan ərazidən çıxarılmaları və həmin ərazinin boşaldılaraq "xxxx" ATSC-yə təhvil verilməsi nəzərdə tutulmuşdur. Hazırda iddiaçı iddia edir ki, özünün inşa etdiyi ev onun əlindən alındığından ona evin dəyəri həcmində zərər dəymişdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının 16.1-ci bəndinə əsasən, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə, onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” qərarına əsasən, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. MPM-in 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Hazırki iş üzrə iddiaçı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsini onunla əsaslandırır ki, onu mənzillə təmin etmək öhdəliyini daşıyan Dövlət onu mənzillə təmin etməmiş, özünün tikdiyi və dəyəri 80.000 manat olan ev "xxxx" ATSC tərəfindən əlindən alınmış, bununla da evinin dəyəri miqdarında ona zərər dəymişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə İddiaçı qaldırdığı iddia tələbinin hüquqi əsasları daha əvvəl "xxxx" ATSC-yə qarşı onun və Tahirova Raya Ağca qızı tərəfindən qaldırılan “pul” tələbinə dair iddianın hüquqi əsasları ilə eynidir və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında iddiaçı və Tahirova Raya Ağca qızı tərəfindən "xxxx" ATSC-yə qarşı verilən “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Göründüyü kimi hazırki iş üzrə iddiaçının mübahisələndirdiyi hallar daha əvvəl qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında araşdırılmış və həmin hallara münasibət bildirilmiş, yekun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-758/2023 saylı Qərarı qəbul edilmişdir. Həmin Qərarda qeyd edilmişdir ki, cavabdeh tərəfin həmin məskunlaşdığı sahəni yaşayış üçün yararlı hala gətirməsi, orada əlavə tikililər inşa etməsi ona həmin təmir-tikinti işlərinə görə iddiaçıdan pul (kompensasiya) tələb etməsinə əsas vermir. Cavabdeh tərəfin inşa etdiyi tikili statusuna görə özbaşına tikili olmaqla, iddiaçının həmin tikiliyə görə kompensasiya və s. əsaslarla pul ödəməli olması əsaslı sayıla bilməz. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 10 saylı Xəzinədarlıq İdarəsi, "xxxx" ATSC və Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi dair təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar