Məhkəmə qərarları › İş №2(006)-3055/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3055/2022

29.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3055/2022 29.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(078)-736/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində 250 manat olmaqla, 2 uşağa görə cəmi 500 manat alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2006-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə, ailə qurmuşlar. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə isə nikahları pozulmuşdur. Cavabdehlə birgə nikahlarından 2 uşaqları var və hal-hazırda da uşaqları onunla yaşayırlar. O, Cavabdeh qarşı Naxçıvan Şəhər Məhkəməsində alimentin miqdarının artırılması tələbinə dair iddia qaldırmışdır. Həmin tələbi üzrə işə baxılaraq xx.xx.2019-cu il tarixli, 2(078)-736/2019 nömrəli qətnamə qəbul edilmişdir. Həmin qətnamə ilə Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 110 manat olmaqla, iki uşağa görə cəmi 220 manat aliment tutularaq xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ona ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh tərəf apelyasiya şikayəti vermiş və Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(108)-184/2019 nömrəli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsinin məlun qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd etmək istəyir ki, övladları artıq böyüyür və onların maddi tələbatları da günü-gündən artır. X10 orta məktəbin 9-cu sinfində, oğulları Atabəy Həbibzadə isə 8-ci sinifdə oxuyur və xərcləri böyüdükcə artır. Onları pulsuz verilən tədris vəsaitlərindən əlavə, mükəmməl orta təhsil almaq üçün tez-tez dəyişilən əlavə dərs ləvazimatları ilə təmin edə bilməyi üçün, həmçinin məktəbdən əlavə hazırlıq kurslarına gedirlər ki, bunların ona ödənilən 220 manat alimentlə qarşılanması əvvəllər çətinliklə də olsa bacarırdı. Hazırda isə ona ödənilən cəmi 220 manat aliment pulu ilə bir övladının qidalanma, təhsil, müalicə və s. xərclərini artıq qarşılamağı qeyri-mümkün hala gəlmişdir. O, da bir ana olaraq bu maddi tələbatları ödəməkdə çətinlik çəkir, cavabdeh isə bir ata olaraq öz övladlarının güzəranı ilə maraqlanmır və onların heç bir xərclərinin ödənilməsində iştirak etmir. Yuxanda qeyd etdiyi kimi, o, övladlarının maddi tələbatlarını hazırda ona hər iki uşaq üçün ödənilən 220 manat alimentlə qarşılaya bilmir. Buna görə də, aliment miqdarının artırılmasını istəyir. Ona görə də, cavabdehdən uşaqları üçün bir uşağa 250 manat olmaqla, 2 uşağa görə cəmi 500 manat miqdarında alimentin tutularaq ona ödənilməsini istəyir. Onu da bildirmək istəyir ki, məhkəməyə müraciət etməmişdən əvvəl mübahisələrini öz aralarında həll etmək üçün mediasiyaya müraciət etmiş, lakin cavabdeh tərəf mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən məhkəməyə teleqram ünvanlanaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən teleqramı nəzərə alıb, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və iddia tələbinə etiraz edərək bildirdi ki, iddianın təmin edilməməsini xahiş edir. Belə ki, o, heç yerdə işləmir. Bununla yanaşı ikinci dəfə ailə həyatı qurmuş və həmin nikahdan 2 övladı dünyaya gəlmişdir. O, illər öncə qəzaya düşmüş, baş vermiş qəza nəticəsində İİ qrup əlil statusu almış və qəza nəticəsində sağ qolu fəaliyyətini itirmişdir. Əvvəllər əlillik pensiyası alsa da, hazırda həmin pensiyanın ödənilməsi də dayandırılmışdır. O, kirayədə qalır və aylıq kirayə haqqının ödənilməsində ailəsi ona köməklik göstərir. Maddi sıxıntıları çoxdur və iddiaçının tələb etdiyi həcmdə aliment ödəməyə imkanı çatmır. Başqa gəlir yeri də yoxdur. Digər tərəfdən iddiaçı əmək fəaliyyəti ilə məşğuldur. O, X1 müəllimə kimi işləyir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 01 avqust 2019-cu il tarixli 2(078)-736/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(078)-1249/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 110 manat olmaqla, iki uşağa görə cəmi 220 manat miqdarında alimentin tutularaq xx.xx.2007ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anaları İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(108)-184/2019 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi və Naxçıvan Şəhər Məhkəməsinin 01 avqust 2019-cu il tarixli 2(078)- 736/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin öncələr nikahda olmaları, onların 2 övladlarının olması, uşaqların iddiaçının yanında qalması və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ikinci nikahından xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı iki övladı vardır. İş materiallarına əlavə edilmiş Tibbi Sosial Ekspert Komissiyasının cavabı adlı sənəddən görünür ki, “əlillik və sağlamlıq imkanının məhdudluğu təyin edilmişdir” qrafasının qarşısında “təyin olunmayıb” məlumatı öz əksini tapmışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh rəsmi iş yeri mövcud deyildir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı X1 təlimatçı-metodist vəzifəsində çalışır və aldığı aylıq əmək haqqı 470 manat təşkil edir. Məhkəmə qeyd edir ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı onun himayəsində olan uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün təyin edilmiş alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat məbləğində alimentin ödənilməsini tələb edir. Cavabdeh isə iddiaya bir neçə əsasla, o cümlədən işsiz olması, himayəsində ikinci nikahdan anadan olmuş iki azyaşlı uşağının olması, əlillik pensiyasının verilməsinin dayandırılması, sağlamlığı ilə əlaqədar əmək fəaliyyəti ilə məşğul ola bilməməsi və s. hallarla etiraz edərək, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin faktiki vəziyyətini və uşaqların mənafelərini, onların gündəlik tələbatlarının artmasını və uşaqların saxlanılmaları üçün minimum yaşayış xərclərini rəhbər tutaraq hesab edir ki, alimentin miqdarı dəyişdirilməlidir. Məhkəmə cavabdehin işsiz olmasını, sağlamlığı ilə əlaqədar əmək fəaliyyəti ilə məşğul ola bilməməsini və s. halları nəzərə alıb, iddia tələbinin qismən təmin edilməklə, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(078)-736/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (artırılaraq), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin tutulmalı olduğu qənaətinə gəlir. Məhkəmə bu qənaətə gələrkən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alaraq, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər bir uşaq üçün 140 manat olmaqla, ümumilikdə 280 manat alimentin tutulmasını məqsədəuyğun hesab edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Digər tərəfdən məhkəmə hesab edir ki, ididaçı İddiaçı cavabdehdən hər ay ümumilikdə 500 manat (hər ay hər uşağa görə 250 manat) məbləğində alimentin ödənilməsini tələb etsə də, cavabdehin kifayət qədər yüksək gəlirə malik olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, uşağa baxmaq hər iki valideynin vəzifəsi və borcudur, uşağın maddi xərclərinin yalnız bir valideynin üzərinə qoyulması ədalətli deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(078)-736/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (artırılaraq), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddianın qalan hissəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(078)-736/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (artırılaraq), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutulsun. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar