Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3059/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 2000 ABŞ dolları məbləğində olan kompensasiya və 45 (qırx beş) manat dövlət rüsumunun iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC-də dollar valyutasında hesabı olmuşdur. İddiaçı 2019-cu ildə əmək fəaliyyəti ilə əlaqədar Böyük Britaniyaya köçməli olmuş və halhazırda da orada işləyir. Həmin vaxt iddiaçının bank hesabında 2000 ABŞ dolları məbləğində pulu var imiş. “COVİD-19” pandemiyasına görə sərhədlər bağlı olduğundan iddaçı Azərbaycana ancaq 2020-ci ilin avqust ayında qayıtmışdır. Həmin gün xaricdən gələn şəxslər karantində qalmalı idilər. İddiaçının əvvəlcədən aldığı biletə görə geri dönüşü 13 gündən sonra olduğundan, karantində qaldığı üçün banka müraciət etməyə imkan tapmamışdır. İddiaçı təkrarən 22 aprel 2021-ci il tarixdə Azərbaycana qayıtmış, özünütəcrid rejimi bitdiyi gün, yəni 07 may 2021-ci il tarixində "xxxx" ASCnin Nəsimi filialına müraciət etmiş, bankın tələb etdiyi balans haqqında arayışı "xxxx" ASC-dən alıb Yasamal filialına təqdim etsə də, filialda iddiaçıya bildirilmişdir ki, əmanətini Əmanətlərin Sığortalanması Fondundan almalıdır. İddiaçı Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, lakin imtina cavabı almışdır. O, dəfələrlə, bir il müddətində, yəni 2021-ci ilin may ayından 2022-ci ilin may ayının axırına kimi Əmanətlərin Sığortalanması Fonduna müraciət etməməsinin üzrlü səbəblərdən olmasını təsdiq edən sənədləri həmin Fonda göndərsə də, eyni məzmunlu imtina məktublarını almışdır. Maraqlıdır ki, standart cavabında Əmanətlərin Sığortalanması Fondu ümumiyyətlə iddiaçıdan nə sənəd tələb etməsini göstərmir. İddiaçı dəfələrlə Fondun hər hansı məsul şəxsi ilə görüşmək istəsə də, əvvəl pandemiya səbəbindən, sonradan isə müxtəlif bəhanələrlə görüş baş tutmamışdır. İddiaçının görüşdüyü şəxslər isə “məktubda göstərilmişdir” cavabı ilə onu başdan eləmişlər. Görünən odur ki, Əmanətlərin Sığortalanması Fondu iddiaçının pulunu geri qaytarmaqda maraqlı deyil və məqsədyönlü şəkildə iddiaçını get-gələ salır. Bütün imtina məktublarında Əmanətlərin Sığortalanması Fondunun əsaslandığı “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu onu icra etməli olan orqan tərəfindən kobud şəkildə pozulur. Göründüyü kimi, iddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-3(103)-132/2020 saylı qərarından bir il keçdikdən sonra, yəni kompensasiya alınması üçün tələb olunan müddətdə müraciətini qeyri-mümkün etmiş halların mövcudluğunu təsdiq edən sənədləri Fonda dəfələrlə təqdim etməsinə baxmayaraq, hər dəfə ancaq tarixləri dəyişən eyni məzmunlu standart imtina cavabı almışdır. Cavablarda isə cavabdehin iddiaçıdan nə sənəd istəməsi aydın olmur. İddiaçının sonuncu ərizəsinə əlavə etdiyi 1 fevral 2023-cü il tarixli Böyük Britaniyada işlədiyi konsernin arayışında göstərilmişdir ki, İddiaçı 11 mart 2020-ci il tarixindən 17 dekabr 2021-ci il tarixinə qədər X3 şəhərində işləmişdir, başqa sözlə, tələb olunan 1 (bir) il ərzində onun müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğu və Azərbaycanda olmaması səbəbindən bu 1 (bir) ili üzürlü səbəbdən buraxmışdır. İddiaçı respublikada olmadığını təsdiq edən sənədləri (şəxsi pasportdan çıxarışlar, arayışlar və s.) dəfələrlə cavabdehə təqdim etməsinə baxmayaraq, cavabdeh yenə də iddiaçıdan əlavə sənəd tələb edir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu etiraz təqdim edərək, iş üzrə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi tam əsassızdır. Qanuna görə, ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir. Qanunvericiliyə müvafiq olaraq, Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. İş materiallarına əlavə edilmiş iddiaçının ərizəsindən görünür ki, İddiaçı kompensasiya ödənişinin həyata keçirilməsi üçün xx.xx.2021-ci il tarixli ilk müraciəti həmin tarixdə Əmanətlərin Sığortalanması Fonduna təqdim edilmişdir. Qanunun açıq şəkildə pozuntusu müraciəti sübut edən və iddia tələbinə əlavə edilmiş ərizədən görünür. Qanunla nəzərdə tutulmuş 1 il ərzində iddiaçının Fonda müraciətini qeyri-mümkün etmiş hal araşdırılmalıdır. Belə ki, materiala əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı cavabdeh Fonda müraciət üçün müəyyən edilmiş müddəti ötürmüş, lakin bu ötürülmənin üzürlü səbəblə olmasını təsdiq edən sənəd əlavə etməmişdir. İddiaçı iddia ərizəsində və ƏSF-yə ünvanladığı müraciətində bildirmişdir ki, guya sığorta hadisəsi baş verdikdən sonra Azərbaycan Respublikasının ərazisinə daxil olmamışdır. Lakin cavabdeh tərəfindən şəxsin ümumvətəndaşlıq pasportunun araşdırılması zamanı məlum olmuşdur ki, şəxs Bankda sığorta hadisəsi baş verdikdən sonra dəfələrlə respublika ərazisinə daxil olmuşdur. Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı qısa müddətdə qanunverciliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. Hazırki mübahisə predmeti olan və birinci instansiya məhkəməsi tərəfindən əmanət üzrə kompensasiya olunacaq məbləğ kimi tanınan kreditor tələbinin növbədənkənar qaydada ödənilməsi digər kreditorların hüquqlarının pozulmasına gətirib çıxaran amildir. İddiaçı tələbi kreditor tələbi kimi qeydə alınmış və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən qanunverciliklə müəyyən olunmuş formada qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı nümayəndəsi X7 cavabdeh Əmanətlərin Sığortalanması Fondunun etirazına cavab təqdim edərək bildirmişdir ki, cavabdeh etirazında qanunla nəzərdə tutulmuş 1 il üzrlü səbəbin ötürüldüyünü təsdiq edən sənədin sübut kimi ərizəyə əlavə edilməməsini göstərmişdir. Çox məntiqsiz, heç bir sağlam düşüncəyə əsaslanmayan bir rəydir. Bu fikir ƏSF-nin iddiaçının onlara göndərdiyi ərizələrinin ana xəttidir. Bəs bu üzrlü səbəb nədir? Nə cavab məktublarında, nə də ki etirazlarında ƏSF bunu göstərmir. Cavabdehin 2-ci əsaslandırması iddiaçının respublika ərazisində ilk bir il ərzində bir neçə dəfə olmasını göstərməkdir. İddiaçı 2019-cu ildən respublikada olmadığını təsdiqləmək üçün pasportunun bütün səhifələrini ərizəsinə əlavə edərək ƏSF-yə göndərmişdir. İddiaçının gəlməsinin səbəbi - ağır xəstə olan anasını Türkiyəyə müalicəyə aparmaq olmuşdur. Bunu təsdiq edən sənədləri ərizəyə əlavə etmişdir. Sonra pandemiyanın tüğyan etdiyi dövrdə Bakıya gəlmiş və 13 gün karantində qalmış, ilk ərizəni vermə ərəfəsində 7 may 2021-ci ildə "xxxx" ASC-yə müraciət etmiş və həmin gündən ƏSF-nin yaratdığı oyuna cəlb olunmuşdur. Bank sisteminin müxtəlif yerlərində olsa da, heç kim ona 1 illik müddət və ərizəsinin 14 maya qədər verilməsi barədə məlumat verməmişdir. May ayının 26-da olan müraciət və ondan sonrakı ərizələrinin cavabı isə məlumdur. ƏSF-nin etirazından daha bir məntiqsiz məna alınır. Respublikaya bir-iki günlük gəlmək şəxsin imtiyazlarını əlindən alır. Yəni artıq üzrsüz səbəb yoxdur. Ancaq etiraza imza edən sadə bir həqiqəti anlamır ki, respublikaya təzə gələn adama 2020-ci il 15 may tarixli dövlət qəzetlərini təqdim etmirlər. İddiaçı pasport qeydlərinin ƏSF-ni qane etmədiyini görüb, xaricdə 2019-cu ildən işlədiyini təsdiq edən 1 fevral 2023-cü il tarixli “Private and X9 it may concern” başlıqlı arayışını da ərizəsinə əlavə etmiş və yenə tipik bir cavab almışdır. Pandemiya dövrü başladıqdan sonra heç bir kitabxana işləməmiş, onların qiraət zallarında 2020-ci ilin may ayı daxil olmaqla ilin sonuna qədər heç bir qəzet olmamışdır. İddiaçı bu qəzeti ancaq M.F.Axundov adına kitabxanada görmüşdür. Lakin ƏSF-nin etirazında bir müsbət hal da var ki, bu da dolayı yolla pulunun onlarda saxlanılmasının təsdiqidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək və cavabdehin etirazının əsassız olduğunu bildirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini, cavabdehin etirazını nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: Doğum haqqında Vİİ-ЖГ seriyalı 489346 nömrəli şəhadətnamədən görünür ki, X1 Xuraman Ariz qızının atasıdır. Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsinin “Xəbərlər” bölməsindən çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə “Əmanətlərin Sığortalanması Fondunun və ləğv prosesində olan bankların vətəndaş müraciətlərinin qəbulunu elektron qaydada həyata keçirməsi barədə” xəbər yayımlanmışdır. Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsinin “Xəbərlər” bölməsindən çıxarışdan görünür ki, xx.xx.2020-ci ildə «"xxxx" ASC və "xxxx" ASC-də yerləşdirilən sığortalı əmanətlər barədə» başlıqlı xəbər dərc olunmuşdur. Xəbərin mahiyyəti Azərbaycan Respublikası Mərkəzi X6 xx.xx.2020-ci il tarixli qərarı ilə "xxxx" ASC və "xxxx" ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaların ləğv edilməsi, həmin banklarda yerləşdirilən sığortalı əmanətlərin Fond tərəfindən qanunvericiliyə uyğun müddətdə əmanətçilərə qaytarılacağı, əmanətlərin qaytarılması üçün sənəd qəbulunun yeri və vaxtı barədə əlavə məlumat veriləcəyi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-3(103)-132/2020 saylı qərarı ilə "xxxx" ASC-nin müflis elan edilməsi və iflas proseduruna başlanması, məhkəmə qərarına əsasən Əmanətlərin Sığortalanması Fondunun bankın ləğvedicisi təyin edilməsi barədə məlumatlardan ibarət olmuşdur. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlandığı xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2020-ci il tarixində Böyük Britaniyada yaşadığına görə "xxxx" ASC-nin bağlanması barədə onun heç bir məlumatı olmamış və ölkədə olmadığı üçün həmin bankdan vəsaitin alınması mümkün olmamışdır. Odur ki, "xxxx" ASCdəki hesabında mövcud olan məbləğin qeyd olunan bank rekvizitlərinə köçürülməsini xahiş etmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2022-ci ildə daxil olmuş İddiaçı ərizəsində qeyd etmişdir ki, artıq üçüncü dəfədir ki, eyni məsələ ilə bağlı müraciət edir və ondan təsdiqedici sənədlər tələb olunur. Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2023-cü il tarixdə qəbul edilmiş İddiaçı nümayəndəsi X2 ərizəsində qeyd edilmişdir ki, qızının xaricdə yaşayıb işləməsi barədə sənədi təqdim edir. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı nümayəndəsi X4 ünvanlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli müraciətlərə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli cavab məktublarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-3(103)-132/2020 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Kompensasiya alınması üçün təqdim edilən sənədlər tələb olunan müddət ərzində müraciəti qeyri-mümkün etmiş halların mövcudluğunu təsdiq edən sənəd kimi məqbul hesab edilməmişdir. Nəzərə alınması xahiş olunmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin: xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, “COVİD-19” pandemiyası çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlər Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir və Azərbaycan Respublikasının ərazisində havadamcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma prosesi də bu tədbirlər çərçivəsində həyata keçirilir. Odur ki, sorğunun cavablandırılması TƏBİB-in nizamnaməsi ilə müəyyən edilmiş səlahiyyətlər xaricində olduğundan, məsələ ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etmək tövsiyə olunmuşdur; xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, “COVİD-19” pandemiyası çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi 01 may 2020-ci il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları” rəhbər tutulmaqla Operativ Qərargah tərəfindən tənzimlənirmişdir. Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma prosesi də bu tədbirlər çərçivəsində həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 01 may 2023-cü il tarixli 2130 nömrəli Fərmanı ilə təsdiq edilmiş TƏBİB-in Nizamnaməsinin 2.1.1-ci yarımbəndinə əsasən TƏBİB-in səlahiyyətlərinə tibb müəssisələrinin idarə edilməsi və fəaliyyətinə nəzarəti həyata keçirmək daxildir. Odur ki, TƏBİB vətəndaş İddiaçı karantin rejimində saxlanılıbsaxlanmaması barədə məlumatlara malik deyil; Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli cavab məktublarından görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: xx.xx.2020-ci il – çıxış; xx.xx.2020-ci il – giriş; xx.xx.2020-ci il – çıxış; xx.xx.2020-ci il – giriş; xx.xx.2020-ci il – çıxış; xx.xx.2021-ci il – giriş; xx.xx.2021-ci il – çıxış; xx.xx.2021-ci il – giriş; xx.xx.2021-ci il – çıxış; xx.xx.2022-ci il – giriş; xx.xx.2022-ci il – çıxış; xx.xx.2022-ci il – giriş; xx.xx.2022-ci il – çıxış; xx.xx.2022-ci il – giriş; xx.xx.2022-ci il – çıxış; xx.xx.2022-ci il – giriş; xx.xx.2022-ci il – çıxış; xx.xx.2022-ci il – giriş; xx.xx.2022-ci il – çıxış; xx.xx.2023-cü il – giriş; xx.xx.2023-cü il – çıxış; xx.xx.2022-ci il – giriş; xx.xx.2023-cü il – çıxış; xx.xx.2023-cü il – giriş. Hesabdan çıxarışdan görünür ki, İddiaçı LPO "xxxx"da ABŞ dolları valyutasında olan hesabında xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün dövrün əvvəlinə qalıq 2347.36 ABŞ dolları olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, “Mobil Notariat” tətbiqi vasitəsilə Azərbaycan Respublikası vətəndaşları tərəfindən etibarnamələrin rəsmiləşdirilməsi imkanı xx.xx.2019-cu il tarixdən yaradılmışdır. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə X7 tərəfindən 54 (əlli dörd) manat rüsum ödənilmişdir Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mərkəzi X6 xx.xx.2020-ci il tarixli qərarı ilə "xxxx" ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-3(103)-132/2020 saylı qərarı ilə isə bank müflis elan edilmiş və barəsində iflas proseduruna başlanmış, cavabdeh Əmanətlərin Sığortalanması Fondu isə bankın ləğvedicisi təyin edilmiş, bu barədə xəbər xx.xx.2020-ci ildə cavabdehin rəsmi internet səhifəsində dərc edilmişdir. Həmin vaxt İddiaçı "xxxx" ASC-də olan dollar hesabında 2000 ABŞ dolları olmuşdur. İddiaçı həmin məbləğin qaytarılması barədə ilk dəfə xx.xx.2021-ci il tarixli və sonradan dəfələrlə müxtəlif tarixli ərizələrlə (iş yeri barədə arayışı və pasportunun müvafiq səhifələrinin surətini əlavə etməklə) bankın ləğvedicisi – hazırki iş üzrə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən həmin müraciətlərə cavab olaraq, müddətin üzrlü səbəbdən ötürülməsinə dair iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin məqbul hesab edilməməsi iddiaçıya bildirilmişdir. Məhkəmə araşdırmaları nəticəsində əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, İddiaçı bankın lisenziyasının ləğv edilməsi, məhkəmə qərarı ilə müflis elan edilərək barəsində iflas proseduruna başlanması və cavabdehin bankın ləğvedicisi təyin edilməsi tarixindən keçən 1 il müddət ərzində 2 dəfə Azərbaycana gəlmiş, lakin həmin dövrdə cavabdehə müraciət etməmişdir. Belə ki, aiddiyyəti dövlət orqanı tərəfindən məhkəməyə təqdim edilmiş məlumatlardan müəyyən edilir ki, iddiaçı xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək ölkədə olmuşdur. İddiaçının cavabdehə ilk müraciətinin tarixi onu deməyə əsas verir ki, o, xx.xx.2021-ci ildə ölkəyə gəldikdən sonra xx.xx.2021-ci ildə məbləğin qaytarılması barədə ərizə ilə cavabdehə ilk dəfə müraciət etmişdir. Məhkəmə araşdırmaları nəticəsində o da müəyyən edilmişdir ki, “Mobil Notariat” tətbiqi vasitəsilə elektron qaydada etibarnamələrin rəsmiləşdirilməsi imkanı xx.xx.2019-cu il tarixdən yaradılmış, ən əsası isə xx.xx.2020-ci ildən Əmanətlərin Sığortalanması Fondu və ləğv prosesində olan banklar vətəndaş müraciətlərinin qəbulunu elektron qaydada həyata keçirməyə başlamışdır. İddia tələbinin dəlilləri ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələb etdiyi məbləğin sığortalanmış əmanət olması, sığorta hadisəsinin baş verməsi və cavabdeh Fondun iddiaçıya tələb olunan məbləğdə kompensasiya vermək öhdəliyinin yaranması, lakin iddiaçının qanunla nəzərdə tutulmuş 1 il müddət ötürüldükdən sonra cavabdehə müraciət etməsi hazırki işin mübahisəsiz hallarıdır. İddiaçı tərəf cavabdehin etirazına cavab məktubunda əslində həmin 1 il müddəti ərzində - xx.xx.2021-ci ildə "xxxx" ASC-yə müraciət etdiyini bildirsə də, bunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Hətta iddiaçının bu dəlili təsdiq olunsaydı da belə, iddiaçı Fonda deyil, banka müraciət etdiyindən, məhkəmə bu dəlilin təsdiqləndiyi halda da iddiaçı tərəfindən müddətin ötürülməməsi qənaətinə gəlməzdi. Buna görə də iddiaçının hesabında olan pul məbləğinin qaytarılmasına dair müraciətini qanunla nəzərdə tutulmuş 1 il müddət ötürüldükdən sonra cavabdehə təqdim etməsi hazırki işin mübahisəsiz halı hesab olunur. Hazırda iddiaçı müddətin üzrlü səbəblərə görə ötürüldüyünü bildirərək, həmin pul məbləğinin kompensasiyasının ödənilməsini cavabdehdən tələb edir. Bununla əlaqədar iddiaçı tərəf bildirir ki, o, Böyük Britaniyada işləyir və orada yaşayır, həmin 1 il müddətində cəmi 1 dəfə xəstə anasını Türkiyəyə aparmaq niyyətilə gələ bilmiş, həmin müddətdə isə pandemiya qaydalarına müvafiq olaraq karantində olmuşdur. Cavabdeh tərəf isə iddiaçının bu dəlilini üzrlü səbəb kimi qəbul etmir və iddiaçının bir dəfə deyil, bir neçə dəfə ölkəyə gəldiyini qeyd edir. Deməli, işin mübahisəli halı iddiaçının qanunla nəzərdə tutulmuş 1 il müddətində cavabdehə müraciət etməməsinin üzrlü, yaxud üzrsüz səbəbdən olmasıdır. Bununla bağlı məhkəmə tərəfindən Dövlət Sərhəd Xidmətindən əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, iddiaçı bildirişin rəsmi dərc olunduğu xx.xx.2020-ci ildə, həqiqətən də, ölkədə olmamış, lakin həmin tarixdən başlayan 1 il müddətində 2 dəfə - xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək 13 gün və xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək isə 24 gün olmaqla ölkə ərazisində olmuş, lakin nə birinci gəlişi, nə də ikinci gəlişi zamanı cavabdehə müraciət etməmişdir. Bununla bağlı iddiaçı 1 il ərzində ilk dəfə gəldiyi vaxt karantində olması səbəbindən cavabdehə müraciət edə bilməməsini məhkəmədə mötəbər sübutlarla təsdiq edə bilməmiş, ikinci dəfə gəlməsi barədə məlumatı isə ümumiyyətlə məhkəməyə bildirməmiş və həmin gəlişi zamanı ölkədə olduğu 24 gün müddətində cavabdehə müraciət edə bilməməsinin üzrlü səbəblərini də təqdim etməmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, qanunvericilikdə iddiaçının səlahiyyətli nümayəndəsinin müraciət imkanı da nəzərdə tutulmuşdur. İddiaçı ölkədə olduğu 13 gün və 24 gün müddətində şəxsən müraciət etməsə də, bununla bağlı üçüncü şəxsə etibarnamə verə bilərdi. Hətta elektron hökumətin inkişafı nəticəsində iddiaçı ölkədə olmadığı halda və ya ölkədə olsa da, notariat ofisinə getməyə imkan tapmadığı halda belə “Mobil Notariat” tətbiqi vasitəsilə elektron qaydada təsdiq edilmiş etibarnaməni üçüncü şəxsə verə bilərdi (vətəndaşlara bu imkan xx.xx.2019-cu il tarixdən yaradılmışdır). İddiaçının cavabdehə 1 il ərzində nümayəndə vasitəsilə müraciəti də olmamışdır. Məhkəmə yekun olaraq qeyd edir ki, Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində dərc edilmiş xx.xx.2020-ci il tarixli xəbər Fondun və ləğv prosesində olan bankların vətəndaş müraciətlərinin qəbulunun elektron qaydada həyata keçirməyə başlamasını, yəni cavabdehə müraciət etmək üçün məhz ölkədə olmağa zərurət olmamasını nəzərə çatdırır. Bütün bunlar iddiaçının cavabdehə müxtəlif vasitələrlə müraciət etmək imkanları olduğu halda müraciət etməməsini bir daha sübut edir. Məhkəmə qeyd olunanları ümumiləşdirərək belə qənaətə gəlir ki, iddiaçının cavabdehə müraciət etməli olduğu zaman kəsiyində, yəni 1 il müddətində 2 dəfə 13 gün və 24 gün olmaqla, cəmi 37 gün Azərbaycan Respublikası ərazisində olmasına baxmayaraq, cavabdehə şəxsən müraciət etməməsi, ölkədə olmadığı müddətdə isə nümayəndə vasitəsilə və ya elektron qaydada şəxsən müraciət etmək imkanından istifadə etməməsi öz əmlakına qarşı laqeyd münasibətinin göstəricisi olmaqla müddətin üzrlü səbəbdən ötürülməsi, yəni müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən hallar hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının “kompensasiya ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən, qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. 5.1-ci maddəsinə görə, əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.1-ci maddəsinə görə, əmanət – hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir, o cümlədən notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləridir. 2.1.2-ci maddəsinə görə, qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Həmin maddədə qorunan əmanətlərə aid edilməyən əmanətlərin siyahısı verilmişdir. Şəxsin hesabındakı pul vəsaiti həmin siyahıda göstərilənlərə aid deyil. Deməli, iddiaçıya məxsus olan əmanət qorunan əmanətdir. 2.1.11-ci maddəsinə görə, kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. 25.1.4-cü maddəsinə görə, əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüququ var. 26.1-ci maddəsinə əsasən, Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 (bir yüz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20 (iyirmi) min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödənilir. 28.1-ci maddəsinə görə, Fond sığorta hadisəsinin baş verməsi barədə Mərkəzi Bankdan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində mediada kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir. 28.2-ci maddəsinə görə, kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir. 28.3-cü maddəsinə görə, Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. 28.4-cü maddəsinə görə, əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Bu normada qeyd edilmiş “müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər” ifadəsi cavabdeh üçün vəzifə kimi deyil, dispozitiv hüquq kimi müəyyən edilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-3059/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3059/2023
17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver