Məhkəmə qərarları › İş №2(006)-3061/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3061/2022

07.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3061/2022 07.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01 iyul 2006-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 01 iyul 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-3049/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, Cavabdeh onun xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 193 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Nəsimi rayon Məhkəməsində iddia qaldıraraq Cavabdeh ilə aralarında bağlanmış 27 noyabr 1999-cu il tarixli nikahın pozulması, 10 fevral 2003-cü il təvəllüdlü X2 və 01 iyul 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər birinə 150 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 mart 2010-cu il tarixli 2(006)- 598/2010 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, onunla Cavabdeh arasında 27 noyabr 1999-cu il tarixdə Nəsimi rayon VVAQ şöbəsində 534 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, 10 fevral 2003-cü il təvəllüdlü X2 və 01 iyul 2006-cı il təvəllüdlü X1 onun yanında saxlanılması müəyyən edilmiş, Cavabdeh 11 yanvar 2010-cu il tarixdən başlayaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Bundan sonra o, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, öncəki qətnayə əsasən tutulan alimentin məbləğinin artırılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği artırılaraq, hər uşaq üçün 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda qızı Zümrüd yetkinlik yaşına çatmışdır və qanuna əsasən ona dair alimentin alınması başa çatmış hesab olunur. Buna baxmayaraq, onun qızı ali təhsil alır. Oğlu Xanışın isə 15 yaşı vardır və hal-hazırda orta məktəbdə oxuyur. O, oğlunu saxlamaqda çətinlik çəkir. Belə ki, özü də hal-hazırda heç yerdə işləmir. Ona görə də, oğluna münasibətdə məhkəmə qətnaməsi ilə tutulan alimentin artırılmasına zərurət yaranıb. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, sağlamlıq imkanları məhdud olduğu üçün işləmir və alimenti ödəməyə maddi imkanı yoxdur. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-3049/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası təmin edilmiş, aliment məbləği artırılaraq, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh oğundan hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, həmin nikahdan 2 övladlarının olması, uşaqların iddiaçının yanında qalması, onlardan Xanış adlı bir uşağın hazırda yetkinlik yaşına çatmaması, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Bakı 6 saylı Mediasiya Təşkilatının 17 may 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh arasında olan alimentin artırılması tələbinə dair mübahisə üzrə xx.xx.2022-ci il tarixdə saat 12.30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir. Mediator mediasiyaya dair xərc almamışdır, mediasiya pulsuz həyata keçirilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 193 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 01 iyul 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-3049/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. 30 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 01 iyul 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-3049/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 193 manat sabit pul məbləğində aliment tutulsun. 30 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar