Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3071/2021 23.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məmmədov İlkin Umud oğlunun katibliyi, İddiaçı Yaqubova (Zəkərgəyeva) Cəmilə Heydərəli qızının iştirakı ilə, İddiaçı Yaqubova (Zəkərgəyeva) Cəmilə Heydərəli qızının Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Yaqubova (Zəkərgəyeva) Cəmilə Heydərəli qızı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2021-ci ilin yanvar ayından başlayaraq 2 (iki) uşağın saxlanması üçün hər ay hər uşağa 350 manata qədər sabit pul məbləğində aliment artırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikahdan doğulmuş xx xxx 2003-cü il təvəllüdlü X3 və xx xxxxxx 2006-ci il təvəllüdlü X4 adlı iki uşağı anadan olmuşdur. Birgə yaşadıqları müddət ərzində cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən ailədə münaqişələr yaranmış, bir yerdə yaşamaqları dözülməz hal almış, 2006-cı il avqust ayından rəsmi ayrılmışlar. Bu illər ərzində cavabdeh övladlarını maddi cəhətdən heç vaxt təmin etməmiş, yardıç istəsə də cavabdeh müxtəlif bəhanələr gətirərək heç bir köməklik göstərməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(001)-2795/2019 saylı qətnaməsinə əsasən hər ay hər uşağa görə 160 (yüz altmış) manat , ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı Yaqubova (Zəkərgəyeva) Cəmilə Heydərəli qızına verilməsi qət edilmişdir. Hazırda cavabdeh fərdi əməklə məşğuldur və aylıq qazancı 2000 manatdan çoxdur. Sonradan iddiaçı Yaqubova (Zəkərgəyeva) Cəmilə Heydərəli qızı iddia tələbinin dəyişdirilməsi haqqında ərizə verərək, xx.xx.2003-cü il X1 və xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(001)-2795/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləğinin artırılmasını, hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Yaqubova (Zəkərgəyeva) Cəmilə Heydərəli qızı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı şəhəri Binəqədi rayonu “Leyla” Nikah Evi tərəfindən verilmiş xx xxxx 2003-cü il tarixli, AZ-İ seriyalı, 367767 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx xxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 1012 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası Yaqubova (Zəkərgəyeva) Cəmilə Heydərəli qızıdır. Bakı şəhəri Binəqədi rayon VVADQ tərəfindən verilmiş xx xxxxxx 2006-cı il tarixli, AZ-İ seriyalı, 725769 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx xxxxxx 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 216 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası Yaqubova ( Zəkərgəyeva) Cəmilə Heydərəli qızıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-cı il tarixli qətnaməsindən görünür ki, xx xxx 2003-cü il təvəllüdlü X1 və xx xxxxxx 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay 76 (yetmiş altı) manat ümumilikdə 152 (bir yüz əlli iki) manat, həmin məhkəmənin xx xxxxxx 2014-cü il tarixli, 2(001)-1378/2014 saylı qətnaməsinə əsasən hər ay hər uşağa görə 103 (bir yüz üç) manat , ümumilikdə 206 (iki yüz altı) manat, eyni məhkəmənin xx.xx.2019-cu il tarixli 2(001)-2795/2019 saylı qətnaməsinə əsasən hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat məbləğində, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq Yaqubova (Zəkərgəyeva) Cəmilə Heydərəli qızına verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2006-cı il təvəllüdlü X4 üçün 160 manat, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(001)-2795/2019 saylı qətnaməsinin qəbul edilməsindən xeyli müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Məhkəmə yuxarıda sadalanan xüsusatları və 2021-ci il üçün uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, xx.xx.2003-cü il təvəllüdlü X1 və xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(001)-2795/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməli və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaiti Cavabdeh tutularaq iddiaçı Yaqubova (Zəkərgəyeva) Cəmilə Heydərəli qızına ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, xx xxxx 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2003-cü il təvəllüdlü X1 və xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-2795/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaiti Cavabdeh tutularaq iddiaçı Yaqubova (Zəkərgəyeva) Cəmilə Heydərəli qızına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3071/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3071/2021
23.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver