Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3071/2025 08.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı "müəyyən öhdəliklərin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı "müəyyən öhdəliklərin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində kredit tarixçəsindəki Cavabdeh BOKT ASC-nə ("xxxx" ASC) aid borc barədə neqativ məlumatların Cavabdeh BOKT ASC tərəfindən dəyişiklik edilərək məhv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, məhkəməyə müraciət edərək bildirir ki, onunla "PARABANK” ASC arasında bağlanmış 09 aprel 2010-cu il tarixli kredit müqaviləsinə əssaən 30% ödəmək şərti ilə 12 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Qeyd olunmalıdır ki, tərəfindən banka 2010-2011-ci illər ərzində 2045 manat məbləğində kredit ödənilmişdir. Kredit müqaviləsinin müddəti 2011-ci ilin aprel ayında bitmişdir, həmçinin üç illik iddia müddəti 2014-cü ilin aprel ayında sona çatmışdır. Hal-hazırki dövrədək bank tərəfindən ona qarşı məhkəmədə tələb irəli sürülməmiş, kredit müqaviləsi və ya digər məsələlər mübahisələndirilməmişdir, məhkəmədə işə baxılmamış, qərar çıxarılmamışdır. Nəzərə çatdırır ki, o, 2025-ci ildə “Azərbaycan Kredit Bürosu" MMC-dən kredit tarixçələri ilə bağlı çıxarış alarkən "xxxx" ASC-nə aid borcla bağlı neqativ məlumat yer almışdır. Kredit müqaviləsinin müddətinin bitməsindən 10 ildən də çox vaxt keçmişdir, lakin bu neqativ məlumat məhv edilməmiş və kredit bürosunun məlumat resurslarında saxlanmışdır. "xxxx" MMC-nə ərizə ilə müraciət edərək onun barəsində olan kredit tarixçəsindəki "xxxx" ASC-nə aid neqativ məlumatların məhv edilməsi barədə tədbir görülməsini xahiş etmişdir, lakin heç bir tədbir görülməmişdir. "xxxx" BOKT ASC tərəfindən 04 aprel 2025-ci il tarixli cavabında "kredit müqaviləsi üzrə iddia müddəti keçsə də vətəndaşın hazırda "xxxx" BOKT ASC-ə aktiv kredit borcunun qalması, bununla əlaqədar olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 fevral 2023-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən iddia müddəti ötürülsə də öhdəliklərin mövcud olması, lakin iddia ilə təmin edilməyən (natural) öhdəliklər kimi xarakterizə edilməsi vətəndaşın kredit üzrə öhdəliyinin hazırda mövcud olaraq qalması" və məhkəməyə müraciət edilməsi tövsiyə edilməsi qeyd edilmişdir. Həmçinin AKB tərəfindən 09 aprel 2025-ci il tarixli cavabda "qeyd edilmiş məsələnin araşdırılması üçün məlumat təchizatçısına (bank, bank olmayan kredit təşkilatı və s.) müraciət edilməsi, məlumat təchizatçısı tərəfindən Büroya göndərilən rəsmi məktubda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən iddia müddətinin keçməsinin öhdəliyin xitamı üçün əsas olmadığı və müvafiq borc öhdəliyinin hələ də aktiv olduğunun qeyd edilməsi, məlumat təchizatçısının rəsmi məktubunda müvafiq məsələ ilə bağlı tələbinizin hüquqi əsasının olmaması səbəbindən məhkəməyə müraciət etməyinizin tövsiyə edilməsinin bildirilməsi" göstərilmişdir. Cavabdeh tərəfin göstərdiyi dəlillərin heç bir əsası yoxdur, mənfi məlumatların qanunvericlikdə daimi saxlanılması nəzərdə tutulmamışdır və neqativ məlumatların məhv edilməsi üçün bütün əsaslar mövcuddur. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Qeyd olunmalıdır ki, AKB tərəfindən verilmiş kredit tarixçəsindəki məlumatda "xxxx" BOKT ASCnə 1609 ,13 manat əsas , 867,99 manat faiz borcunun olması göstərilmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 fevral 2023-cü il tarixli qərarına istinad edərək ərizəni təmin etməməklə düzgün olmayan mövqe nümayiş etdirmişdir. Cavabdeh BOKT Açıq Səhmdar Cəmı̇ yyətı̇ məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə iddia müddəti keçsə də, vətəndaşın hazırda Cavabdeh BOKT ASC-yə aktiv kredit borcu qalmaqdadır. Bununla əlaqədar olaraq bildirir ki, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin 15 fevral 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyə əsasən iddia müddəti ötürülsə də, öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəliklər kimi xarakterizə edilir. Bu halda vətəndaşın tələbinin hüquqi əsası yoxdur. Çünki vətəndaşın kredit üzrə öhdəliyi hazırda mövcud olaraq qalmaqdadır. İddiaçı ilə Cavabdeh BOKT ASC arasında bağlanan xx.xx.2010-cu il tarixli Kredit müqaviləsi üzrə hazırda 1609.13 manat əsas, 867.99 manat faiz və 521,82 manat dəbbə pulu olmaqla ümumilikdə 2998,94 manat borcu mövcuddur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanan xx.xx.2010-cu il tarixli “Kredit (borc)” müqaviləsinə əsasən, kredit verən Cavabdeh BOKT ASC tərəfindən borclu İddiaçı evin təmiri məqsədilə 12 ay müddətinə, illik 30% ödəmək şərtilə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş kassa məxaric orderinə əsasən, xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı, 00-8496-3801-AZM-00 hesabına 2940 manat pul köçürülmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, borcalan İddiaçı tərəfindən xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixinə qədər hər ayın 9-dan gec olmamaq ilə 293 manat, xx.xx.2011-ci il tarixdə isə 285 manat ödənilməlidir. Gecikdirilmiş günlər üçün əlavə, kredit qalığının 0.2% məbləğində cərimə hesablanacaq. İş materiallarına əlavə olunmuş Azərbaycan Kredit Bürosundan çıxarışa əsasən İddiaçı kreditlər üzrə qalıq borcu mövcuddur. İş materiallarına əlavə olunmuş Cavabdeh BOKT Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh BOKT ASC ilə vətəndaş İddiaçı arasında xx.xx.2010-cu il tarixli kredt müqaviləsi imzalanmışdır. Kredit müqaviləsi üzrə iddia müddəti keçsə də, vətəndaşın hazırda Cavabdeh BOKT ASC-yə aktiv kredit borcu qalmaqdadır. Bu halda vətəndaşın tələbinin hüquqi əsası yoxdur. Vətəndaşın MKR məlumatlarının dəyişdirilməsi üçün hüquqi əsası olmadığından tərəflərindən təmin edilmir və məhkəməyə müraciət etməsi tövsiyə olunur. İş materiallarına əlavə olunmuş Cavabdeh BOKT ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, hazırda Cavabdeh BOKT ASC-yə aktiv kredit borcu qalmaqdadır. Bu halda vətəndaşın tələbinin hüquqi əsası yoxdur, bu səbəbdən də məhkəməyə müraciət etməsi tövsiyə olunur. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2010-cu il tarixli müqavilə üzrə 1609,13 manat əsas, 867,99 manat faiz, 521,82 manat cərimə borcu yaranmışdır. İş materiallarına kredit bürosundan çıxarışlar əlavə olunmuşdur. Mülki işin materiallarında olan ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər-hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iş materialları ilə müəyyən olunduğu kimi, İddiaçı Cavabdeh BOKT ASC ilə xx.xx.2010-cu il tarixdə kredit müqaviləsi bağlamış və həmin müqaviləyə əsasən 12 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit almışdır. Müqaviləyə uyğun olaraq, iddiaçı müəyyən hissə ödənişlər etmiş, lakin kredit öhdəliyini tam şəkildə icra etməmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-dən alınmış çıxarışdan və Cavabdeh BOKT ASC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, iddiaçının hal-hazırda da kredit müqaviləsi üzrə 1609,13 manat əsas borcu, 867,99 manat faiz borcu və 521,82 manat dəbbə pulu mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına” dair 15 fevral 2023-cü il tarixli qərarından görünür ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. Bundan başqa, "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının göstərdiyi arqumentlər ondan ibarətdir ki, kredit müqaviləsinin müddətinin bitməsindən və iddia müddətinin keçməsindən uzun zaman ötməsinə baxmayaraq, neqativ məlumatın hələ də saxlanılması onun hüquqlarını pozur. Lakin Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı və Qanunun müvafiq müddəaları birlikdə təhlil edildikdə, kredit üzrə öhdəliyin hüquqi qüvvədə qalması və həmin öhdəliyin Kredit Bürosunun məlumat bazasında əks etdirilməsi qanunauyğun hesab olunmalıdır. Buna görə də, iddiaçının kredit tarixçəsindən neqativ məlumatların silinməsi barədə tələbinin hüquqi əsası yoxdur. İddiaçının Bank qarşısında öhdəliyi hələ də mövcud olduğundan, tələb etdiyi kimi cavabdehin üzərinə neqativ məlumatların məhv edilməsi öhdəliyinin qoyulması qanunvericiliklə nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı "müəyyən öhdəliklərin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı "müəyyən öhdəliklərin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-3071/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3071/2025
08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver