Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-308/2024 10.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağlamanın çatdırılmamasına görə dəymiş 1.602 manat 14 qəpik maddi zərərin Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, xx.xx.2023-cü il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 1.602 manat 14 qəpik maddi zərərin, əlavə olaraq 1.000 manat pul vəsaitinin və ödənilmiş 47 manat dövlət rüsumunun Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, xx.xx.2023-cü il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, notebook almaq üçün 799 ABŞ dolları pul vəsaiti, 236,14 manat gömrük rüsumları, 47 manat dövlət rüsumu, 150 manat hüquqi yardıma görə ödənilmiş vəsait, əlavə xərclərə görə 1.000 manat olmaqla, cəmi 2.641 manat 44 qəpik pul vəsaitinin Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə amazon.com saytından X1 M1 2020 markalı notebook sifariş etmişdir. O, 799 ABŞ dolları dəyərində notebook-u kargo ilə Azərbaycana çatdırılması üçün Cavabdeh MMC ekspress logistika şirkətinin rəsmi saytı olan mover.az-dan qeydiyyatdan keçmiş və sifarişi tamamlamışdır. Bağlaması xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin xarici anbarına çatdırılıb. Cavabdeh MMC kargonun çatdırılmasını xx.xx.2022-ci il tarixdən öhdəliyinə götürmüş, lakin həmin tarixdən ona müxtəlif vədlər verərək bağlamasını çatdırmamış və götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə də, ona 799 ABŞ dolları notebook-un pulu, 236,14 manat gömrük rüsumları, ümumilikdə 1.602 manat 14 qəpik zərər dəymişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlər toplusundan (mover.az portalında İddiaçı məxsus şəxsi kabinet məlumatlarından çıxarışlar, bəyannamə məlumatlarından, amazon.com resursuna ödəniş sənədindən, mover.az portalında yazışmalardan) görünür ki, İddiaçı 24 noyabr 2022-ci il tarixdə «Amazon.com» saytından (Amazon.com Services LLC) yeni, qiyməti 799 ABŞ dolları olan 2020 X1 Laptop (texniki parametrləri: Apple M1 Chip, 13 düym Retina Displey, 8GB RAM, 256GB SSD Storage, Backlit Keyboard, FaceTime HD Camera, Touch İD (iPhone/iPad-la əlaqəli şəkildə işləyə bilən), Space Gray) almışdır. Həmin malın alıcıya çatdırılması üçün iddiaçı Cavabdeh MMC-yə müraciət etmiş, 2,6 kq yükün çatdırılması haqqı kimi 20 ABŞ dolları 67 sent (məzənnə üzrə manatla 35 manat 14 qəpik) ödəniş edilmişdir. Alınan mal 28 noyabr 2022-ci il tarixdə alıcıya göndərilmiş, 30 noyabr 2022-ci il tarixdə Cavabdeh MMC-nin xarici anbarına daxil olmuşdur. Müştəri kodu və izlənmə kodları qeyd edilən məhsul barədə sadələşdirilmiş bəyannamə təqdim olunmuşdur. İddiaçı tərəfindən 236 manat 14 qəpik gömrük rüsumu ödənilmişdir. Lakin alınan mal iddiaçıya çatdırılmamışdır. İddiaçı sifariş verdiyi və aldığı malın ona təhvil verilməsini cavabdehdən tələb etmiş, cavabdeh tərəf yazışmalarda müxtəlif səbəblər göstərməklə, alınmış malın təhvil verilməsinə çalışdıqlarını, xarici anbarda yaranmış texniki nasazlıq səbəbindən yubanma olduğunu və s. bildirmişdir. Mahiyyət etibarı ilə cavabdeh tərəf üzərinə düşən öhdəliyi icra etməmiş, iddiaçının aldığı və cavabdehin xarici anbarında olduğu qeyd edilən əşyanı iddiaçıya çatdırmamışdır. Eyni səpkili işlər üzrə çıxarılmış yekun məhkəmə aktlarında «Mover.az» adlı sosial şəbəkə istifadəçi hesabından xx.xx.2022-ci il tarixdə «Facebook» sosial şəbəkəsində yazılmış yazıya və «Marja.az» xəbər portalında xx.xx.2023-cü ildə dərc edilmiş xəbərə istinadən qeyd olunmuşdur ki, bir müddətdir əməkdaşlıq etdikləri hava yolları şirkətinin onlara qarşı qərəzli münasibət bəsləməsinin nəticəsi olaraq Cavabdeh MMC ABŞ anbarına daxil olan bağlamaları müştərilərə çatdırmaqda problemlərlə üzləşir və gecikmələr yaşayır. Buna görə də, ABŞ anbarının fəaliyyətinin xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək dayandırılması, xx.xx.2023-cü ildən sonra həmin anbara daxil olan bağlamalar üçün isə şirkətin məsuliyyət daşımayacağı əlavə edilmişdir. Bundan başqa, Cavabdeh şirkətinin 6 aydan çoxdur, bir çox vətəndaşın ABŞ-da olan bağlamalarını gətirib təhvil vermədiyi, bunun səbəbinin əməkdaşlıq etdikləri hava yolları şirkətinin onlara qarşı qərəzli münasibət bəsləməsinin olması qeyd edilmiş, «Mover.az»ın «Facebook» sosial şəbəkəsində yazılmış yazısına istinad edilmişdir. Bu səbəbdən, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin məhsul üçün ödədiyi pulun və digər xərclərin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən icraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən işlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var. Yuxarıda sadalananlardan göründüyü kimi, İddiaçı xx.xx.2022-ci ildə Amerikanın «Amazon.com» internet səhifəsindən dəyəri 799 ABŞ dolları olan məhsul sifariş etmiş, dəyərini ödəyərək almış və daşımasını Cavabdeh MMC-yə həvalə etmişdir. Məhsul xx.xx.2022-ci ildə cavabdehin Amerikada yerləşən anbarına daxil olmuş, iddiaçı tərəfindən cavabdehin tətbiqi vasitəsilə bəyan olunmuş, lakin iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin məhsul hal-hazıradək iddiaçıya təhvil verilməmişdir. Çox uzun müddət keçməsinə baxmayaraq, malın hazıradək iddiaçıya çatdırılmaması həmin məhsulun itirilmiş hesab olunması üçün kifayət qədər əsas verir. Belə olduğu təqdirdə, itirilmiş məhsulun tam dəyəri daşıyıcı şirkət olan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödəniş qəbzlərindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 47 manat dövlət rüsumu, göstərilən hüquqi xidmətlərə görə Bakı şəhəri 9 saylı vəkil bürosuna 150 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.15-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2020 X1 Laptop model notebook-a görə ödənilmiş 799 ABŞ dolları, yükün çatdırılması haqqı qismində ödənilmiş 20 ABŞ dolları 67 sent ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla, 236 manat 14 qəpik məbləğində xərclər (44 manat 17 qəpik idxal gömrük rüsumu, 166 manat 97 qəpik əlavə dəyər vergisi, 15 manat gömrük yığımları və 10 manat elektron xidmət haqqı) və hüquqi yardıma görə vəkilə ödənilmiş 150 manat pul vəsaiti Cavabdeh MMCdən İddiaçı xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 48 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Cavabdeh MMC-dən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 38 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı tərəf ona yuxarıda qeyd olunan zərər həddindən daha artıq məbləğdə zərər vurulmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2020 X1 Laptop model notebook-a görə ödənilmiş 799 ABŞ dolları, yükün çatdırılması haqqı qismində ödənilmiş 20 ABŞ dolları 67 sent ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla, 236 manat 14 qəpik məbləğində xərclər (44 manat 17 qəpik idxal gömrük rüsumu, 166 manat 97 qəpik əlavə dəyər vergisi, 15 manat gömrük yığımları və 10 manat elektron xidmət haqqı) və hüquqi yardıma görə vəkilə ödənilmiş 150 manat pul vəsaiti Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 48 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. Cavabdeh MMC-dən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 38 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-308/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-308/2024
10.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver