Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3091/2021 08.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Müslüm qızına qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh Müslüm qızına qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.319 manat əsas borc, 473 manat 31 qəpik faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5.649 manat 61 qəpik olmaqla, cəmi 20.441 manat 92 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh Müslüm qızından tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Səbail filialı ilə Cavabdeh Müslüm qızı arasında bağlanmış 08 dekabr 2009-cu il tarixli 06 saylı kredit müqaviləsinə əsasən cavabdehə ev təmiri məqsədi ilə 18 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 23.500 manat məbləğində kredit verilmişdir. Bundan əlavə, 25 iyul 2011-ci il tarixli 01 saylı 08.12.2009-cu il tarixli 06 saylı kredit müqaviləsinə əlavəyə əsasən kredit müqaviləsinin müddəti 25.01.2013-cü il tarixədək uzadılmışdır. Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən borc alan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 23.02.2018-ci il tarixli **********234 saylı və 25.09.2020-ci il tarixli 20/1866 saylı bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh Müslüm qızının kredit üzrə cəmi borcu 20.441 manat 92 qəpik təşvil edir. Bundan 14.319 manat əsas borc, 473 manat 31 qəpik faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5.649 manat 61 qəpik faiz təşkil edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etdi və izahat verərək bildirdi ki, cavabdehin iddiaçı təşkilata heç bir borcu və qarşısında heç bir öhdəliyi yoxdur. Hesab edir ki, bank tərəfindən cavabdehə qarşı bu predmetlə iddia tələbinin irəli sürülməsi üçün qanunla müəyyən edilmiş iddia müddəti, o cümlədən də öhdəliyin icra müddəti ötmüşdür. İddia ərizəsində göstərilir ki, bağlanmış kredit müqaviləsinin müddəti əvvəlcə 18 ay olmuş, sonradan həmin müddət əlavə razılaşma ilə 25.01.2013-cü il tarixədək uzadılmış və son icra müddəti 25.01.2013-cü il tarixdə tamamlanmış və iddia müddətinin axımı həmin vaxtdan başlanmışdır. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğundan və iddiaçının iddia qaldırması üçün müddətin axımı 25.01.2016-cı il tarixdən başladığından iddia müddəti ötürülmüşdür. Məhkəmə tərəfindən qanunvericiliyə uyğun olaraq iddia tələbi baxılmağa qəbul edilsə də, hesab edir ki, cavabdehə qarşı irəli sürülmüş iddia tələbinə iddia müddəti tətbiq edilməli və iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Bundan başqa, hazırkı iş üzrə tələb beş il keçdikdən sonra, yəni 25.01.2018-ci il tarixdə qüvvəsini itirdiyindən, öhdəliyin qüvvədə olma müddəti bitmiş və sonuncunun bank qarşısında heç bir öhdəliyi qalmamışdır. Bu səbəbdən, iddia müddəti keçdiyindən, həmçinin öhdəliyə xitam verilməsi səbəbi ilə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ASC-nin Səbail filialı ilə Cavabdeh Müslüm qızı arasında bağlanmış 08 dekabr 2009-cu il tarixli 06 saylı kredit müqaviləsinə əsasən borc alana ev təmiri məqsədi ilə 18 ay müddətinə illik 25 % dərəcəsi ilə 23.500 manat kredit verilmişdir. 25 iyul 2011-ci il tarixli 01 saylı əlavəyə əsasən 08.12.2009-cu il tarixli 06 saylı kredit müqaviləsinin müddəti 25.01.2013-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İlk əvvəl məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə cavabdehin müqavilə üzrə sonuncu ödənişləri barədə hər hansı bir sənəd təqdim edilməmişdir. Bununla da, məhkəmə bu qənaətə gəlir ki, sonuncu ödəniş tarixini müəyyən etmək mümkün olmadığından, müqavilənin bitmə tarixi nəzərə alınmaqla, iddia müddəti tətbiq edilməlidir. Həmçinin, işin faktiki hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə 29.03.2021ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Müslüm qızına qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Müslüm qızına qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3091/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3091/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver