Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3093/2021 03.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Hüseynova (Mahmudzadə) Günel Arif qızının iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Hüseynova (Mahmudzadə) Günel Arif qızına qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh Hüseynova (Mahmudzadə) Günel Arif qızına qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Hüseynova (Mahmudzadə) Günel Arif qızından 607 manat 25 qəpik əsas, 948 manat 90 qəpik faiz, 298 manat 54 qəpik cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 222 manat 32 qəpik borc olmaqla, cəmi 2.077 manat 01 qəpik pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Səbail filialı ilə Hüseynova (Mahmudzadə) Günel Arif qızı arasında bağlanmış 28.03.2012-ci il tarixli 01 saylı kredit müqaviləsinə əsasən cavabdehə gündəlik tələbat məqsədi ilə 12 ay müddətinə illik 30 % ödənilmək şərti ilə 1.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********067 saylı 21.09.2020-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh Hüseynova (Mahmudzadə) Günel Arif qızının kredit üzrə 607 manat 25 qəpik əsas, 948 manat 90 qəpik faiz, 298 manat 54 qəpik cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 222 manat 32 qəpik borc olmaqla, cəmi 2.077 manat 01 qəpik manat borcu təşkil edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Hüseynova (Mahmudzadə) Günel Arif qızı iddia ərizəsinə etiraz etdi və izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. O, banka olan borcunu tam şəkildə ödəmişdir. Habelə, bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, kredit müqaviləsi üzrə sonuncu ödəniş 2014-cü il tarixində edilmişdir. Bununla da, aydın olur ki, bank tərəfindən iddia müddəti ötürülmüşdür. Qeyd olunanlara əsasən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, LPO İddiaçı ASC ilə Hüseynova (Mahmudzadə) Günel Arif qızı arasında 28.03.2012-ci il tarixli 01 saylı kredit müqaviləsi bağlanmış, ona illik 30 % dərəcəsi ilə 12 ay müddətinə 1.000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş “hesabdan çıxarış”dan görünür ki, Hüseynova (Mahmudzadə) Günel Arif qızı tərəfindən 28.03.2012-ci il tarixli müqavilə üzrə sonuncu ödəniş 11.06.2014-cü il tarixdə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin faktiki hallarından görünür ki, tərəflər arasında qarşılıqlı razılıq əsasında 28.03.2012-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 1.1-ci bəndindən görünür ki, müqavilə 12 ay müddətinə bağlanmışdır. Yəni həmin müqavilənin müddəti 28.03.2013-cü il tarixdə başa çatmışdır. Habelə iddiaçı tərəfindən vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddəti üzrsüz səbəbdən ötürülmüş (müddət sonuncu ödənişə əsasən 11.06.2017-ci il tarixdə başa çatmış), iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə 29 mart 2021-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Hüseynova (Mahmudzadə) Günel Arif qızına qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Hüseynova (Mahmudzadə) Günel Arif qızına qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3093/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3093/2021
03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver