Məhkəmə qərarları › İş №2(006)-3093/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3093/2022

14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3093/2022 14.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 fevral 2020-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdeh iddiaçıdan dəyəri 784 manat olan məişət avadanlığı əldə etmişdir. Müqavilə üzrə qismən ödənişlər etdikdən sonra cavabdehin iddiaçıya 420 manat borcu qalmışdır. Qeyd edilən kredit müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq 1 % ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1890 manat faiz borcu yaranmışdır (420 manat x 450 gün x 1% = 1890 manat). Bundan başqa, iş üzrə cavabdehlə iddiaçı arasında müddəti 12 ay olmaqla 12 iyul 2020-ci il tarixli kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 744 manat olan məişət avadanlığı əldə etmişdir. Müqavilə üzrə qismən ödənişlər etdikdən sonra cavabdehin iddiaçıya 684 manat borcu qalmışdır. Qeyd edilən kredit müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq 1% ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 2052 manat faiz borcu yaranmışdır (684 manat x 300 gün x 1% = 2052 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 500 (beş yüz) manat məbləğində tələb edir. Göstərilənlərə əsasən, 15 fevral 2020-ci il tarixli SRK5858154 saylı kredit müqaviləsi üzrə 420 manat əsas borc, 12 iyul 2020-ci il tarixli SRK5887556 saylı kredit müqaviləsinə əsasən 684 manat əsas borc, hər iki müqavilə üzrə hesablanmış 500 manat faiz və 37 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1641 manat pul vəsaitinin Cavabdeh alınaraq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə görə, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli SRK5858154 saylı borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərtilə 784 (yeddi yüz səksən dörd) manat məbləğində məişət avadanlığını əldə etmiş, ondan 64 (altmış dörd) manat ilkin ödəniş etmiş və qalan 720 (yeddi yüz iyirmi) manat məbləği 12 ay müddətinə aylıq 60 (altmış) manat olmaqla, İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, iş materiallarında olan xx.xx.2020-ci il tarixli SRK5887556 saylı borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərtilə 744 (yeddi yüz qırx dörd) manat məbləğində məişət avadanlığını əldə etmiş, ondan 60 (altmış) manat ilkin ödəniş etmiş və qalan 684 (altı yüz səksən dörd) manat məbləği 12 ay müddətinə aylıq 57 (əlli yeddi) manat olmaqla, İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 1148 qeyd №-li maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli SRK5858154 №-li müqavilə üzrə ödənilməmiş 420,00 manat, xx.xx.2020-ci il tarixli SRK5887556 saylı müqavilə üzrə ödənilməmiş 684,00 manat olmaqla, ümumilikdə 1104,00 AZN əsas (qalıq) borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 37 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbinin “əsas borcun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, əsas borca münasibətdə iddia tələbi əsaslı olduğundan və bu barədə məhkəməyə sübut (maliyyə arayışı) təqdim edildiyindən, iddia tələbi əsas borca münasibətdə təmin edilməlidir. Məhkəmə iddia tələbinin “hər iki müqavilə üzrə hesablanmış 500 (beş yüz) manat faiz borcunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli SRK5858154 saylı və xx.xx.2020-ci il tarixli SRK5887556 saylı borc müqavilələrinin “qeyd” hissəsindən görünür ki, borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1 %-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir. İddiaçı iddia ərizəsində hər iki müqavilənin “qeyd” hissəsinə istinad edərək apardığı hesablamaların nəticəsinə görə, cavabdehin ona xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1890 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə isə 2052 manat məbləğlərində faiz borcunun yarandığını bildirmiş, lakin cavabdehdən hər iki müqavilə üzrə cəmi 500 manat məbləğində faiz borcunu tələb etdiyini bildirmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış hər iki borc müqaviləsinin qeyd hissəsinə əsasən, məhkəmə iddiaçının cavabdehdən tələb etdiyi 500 manat məbləğində pul vəsaitini faiz borcu kimi deyil,cərimə borcu kimi qiymətləndirir. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar — iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə SRK5858154 saylı borc müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərtilə 784 (yeddi yüz səksən dörd) manat məbləğində məişət avadanlığını əldə etmiş, 64 (altmış dörd) manat ilkin ödəniş etmiş və qalan 720 (yeddi yüz iyirmi) manat məbləği 12 ay müddətinə aylıq 60 (altmış) manat olmaqla İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə SRK5887556 saylı borc müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərtilə 744 (yeddi yüz qırx dörd) manat məbləğində məişət avadanlığını əldə etmiş, 60 (altmış) manat ilkin ödəniş etmiş və qalan 684 (altı yüz səksən dörd) manat məbləği 12 ay müddətinə aylıq 57 (əlli yeddi) manat olmaqla İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklər tam və vaxtında icra edilmədiyindən, onun xx.xx.2020-ci il tarixli borc müqaviləsi üzrə iddiaçıya 420 manat və xx.xx.2020-ci il tarixli borc müqaviləsi üzrə isə 684 manat məbləğlərində əsas borcu yaranmışdır. Həmçinin, iddiaçı cavabdehdən hər iki müqavilə üzrə cəmi 500 manat məbləğində faiz borcu tələb etsə də, bu borcun faiz borcu olmasına dair sübutları (iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında cavabdehin iddiaçıya faiz borcunun olmasına dair hər hansı məlumat yoxdur) məhkəməyə təqdim etməmiş, faiz borcunun yaranması əsası kimi aralarında bağlanan müqavilələrə istinad etmişdir. Məhkəmə həmin müqavilələrin məzmununa əsasən, yaranmış borcun cərimə borcu olduğu qənaətinə gəlmiş və 500 manat məbləğində borcu cərimə borcu kimi qiymətləndirmişdir. Mülki qanunverciliyin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Belə olan halda hazırki iş üzrə İddiaçı MMC müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin lazımınca icra edilməməsi və icranın gecikdirilməsi səbəbindən cavabdehdən cərimə borcunun qaytarılmasını tələb etməkdə haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin tələbi cərimə borcuna münasibətdə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, hər iki müqavilə üzrə hesablanmış 500 manat cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli, həmin məbləğ xx.xx.2020-ci il tarixli borc müqaviləsi üzrə 21 manat, xx.xx.2020-ci il tarixli borc müqaviləsi üzrə isə 34 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.5-ci maddəsinə görə, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə müvafiq olaraq, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 15 fevral 2020-ci il tarixli SRK5858154 saylı borc müqaviləsi üzrə 420 manat əsas borc, 21 manat cərimə borcu, 12 iyul 2020-ci il tarixli SRK5887556 borc müqaviləsi üzrə 684 manat əsas borc, 34 manat cərimə borcu, cəmi 1159 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı və iddia tələbinin “37 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, iş üzrə ödənilmiş 37 manat dövlət rüsumunun 26 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 11 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələrinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15 fevral 2020-ci il tarixli borc müqaviləsi üzrə 420 manat əsas borc, 21 manat cərimə borcu; 12 iyul 2020-ci il tarixli borc müqaviləsi üzrə 684 manat əsas borc, 34 manat cərimə borcu, cəmi 1159 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. Ödənilmiş 37 manat dövlət rüsumunun 26 manat hissəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin, qalan 11 manat hissəsi isə İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar