Məhkəmə qərarları › İş №2(006)-3097/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3097/2025

31.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3097/2025 31.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X10 oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bir baş inəyin ölməsi nəticəsində ona dəymiş ziyanın əvəzi olaraq 1800 manat və ödənilmiş dövlət rüsumuna görə 38 manat, cəmi 1838 manat pulun cavabdeh "xxxx" ASC-nin X2 alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Axtaçı Qarabucaq kəndində yaşayır. Kənli kimi təsərrüfatla məşğul olur və ailəsini dolandırır. Bir neçə baş iri buynuzlu heyvanları var. xx.xx.2024-cü il tarixdə heyvanlarını otlaq sahəsindən evə gətirərkən ona məxsus bir baş inək digər heyvanlardan ayrılaraq Axtaçı-Qarabucaq su nasosunu qidalandıran transformatorun yanına yaxınlaşdıqda həmin heyvanı elektrik cərəyanı vurduğunu görmüşlər. Lakin elektrik cərəyanının insan həyatı üçün təhlükəli olduğunu bilib heyvana yaxınlaşa bilməmişdir. Bundan sonra Kənd İcra nümayəndəliyinə məlumat verilmişdir. İcra nümayəndəsi gəlib elektrik cərəyanı vurmuş inəyin cəsədini gördü. Həmin vaxt elektrik cərəyanı vurmuş heyvanın şəklini çəkmiş, sonra inəyin cəsədini oradan götürə bilmişlər. İcra nümayəndəsi tərəfindən iddiaçıya məxsus bir baş iri buynuzlu yanı balalı heyvanını Axtaçı-Qarabucaq su nasosunu qidalandıran transformatorun yanından keçərkən həqiqətən də elektrik cərəyanının vurması nəticəsində ölməsi ilə bağlı akt tərtib olunmuşdur. Bir baş iri buynuzlu heyvanın işıq idarəsinin günahı üzündən ölməsini nəzərə alıb ona dəyən ziyanın ödənilməsi ilə bağlı "xxxx" ASC-nin X5 müraciət etmişdir. Lakin dəyən ziyanın ödənilməsi ilə bağlı heç bir nəticə olmamışdır. Bundan sonra lazımi sənədləri toplayıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı hesab edir ki, ona məxsus bir baş inək cavabdeh üzündən ölmüş və nəticədə ona 1800 manat ziyan dəymişdir. Belə ki, iş materiallarına əlavə olunmuş foto şəkillərdən də göründüyü kimi Axtaçı-Qarabucaq su nasosunu qidalandıran transformatorun ətrafı heç bir qoruyucu vasitə ilə əhatə olunmayıb, elektrik enerjisinin təhlükəli olduğu bilindiyi halda mühafizə zonası müəyyən olunmayıb. Əgər transformator qanuna uyğun qaydada mühafizə olunsaydı orada inəyin ölməsi ilə nəticələnən hadisə baş verməzdi. Ona görə də bir baş inəyin ölməsi nəticəsində iddiaçıya dəymiş ziyanın əvəzi olaraq 1800 manat pul cavabdehdən alınıb iddiaçıya verilməlidir.

a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 iddianı qəbul etməyib, iddiaçının inəyinin ölməsinə cavabdehin səbəb olması barədə heç bir sübutun olmadığını bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə təqdim edərək baxış iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

6. Kürdəmir RİHB-nin Axtaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə K.H.Babaşov və müavini R.A.Nəsirov tərəfindən imzalanmış və nümayəndəliyin möhürü ilə möhürlənmiş arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus 1 baş inək Axtaçı-Qarabucaq kəndini su ilə təmin edən su nasosunu qidalandıran elektrik transformatorunun yanından keçərkən tok vurması nəticəsində ölmüşdür. xx.xx.2024-cü il tarixdə akt tərtib edilmişdir.

7. Kürdəmir RİHB-nin Axtaçı kənd İƏD üzrə nümayəndəsi Babaşov Kərim Hacıbala oğlu, həmin nümayəndəliyin məsləhətçi mühasibi X1, kənd sakinləri X6, İddiaçı tərtib etdikləri və imzaladıqları xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus bir baş inək Axtaçı-Qarabucaq su nasosunu qidalandıran transformatorun yanından keçəndə tok vurması nəticəsində ölmüşdür.

8. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Axtaçı-Qarabucaq kəndində ******* saylı 250 kVA gücündə olan transformator kənddən təxminən 2- 2,5 km aralıda, Kür çayının sahilində quraşdırılmışdır və suvarma sistemlərinin nasosuna xidmət edir. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus tələf olduğu göstərilən inəyin transformatora toxunması nəticəsində transformatorda qüsur yaranmış və nəticədə nasosa elektrik enerjisinin verilişi dayanmışdır. Suvarma idarəsinin müraciətindən sonra transformatora baxış keçirilmişdir və zədələndiyi müəyyən edilmişdir. Transformator sxemdən çıxarılaraq "xxxx" ASC-nin vəsaiti hesabına istismara yararlı transformatorla əvəz edilmişdir. Nasosa enerji verilişi bərpa edilmişdir.

9. İmişli "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, bir baş inəyin bazar qiyməti 1800 manat təşkil edir.

10. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmiş 30.07.025-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Kənd təsərrüfatı heyvanlarının müxtəlif növlərinə və qruplarına aid olan heyvanların bazar qiymətləri onların damazlıq, əmtəəlik, yaş qrupu, cinsini, diri çəkisini, köklük dərəcəsini, istiqamətini (ətlik, südlük), məhsuldarlığını və heyvanın yetişdirilməsi üçün sərf edilən yemin maya dəyərini əks etdirən göstəricilərə uyğun olaraq formalaşır. Təqdim edilən şəkildən məlum olur ki, ölmüş heyvan yerli aboroqen ana heyvan qrupuna məxsusdur. Aparılan şifahi sorğulara əsasən bu qrupdan olan inəklərin bazar qiyməti hal-hazırda 1500-2000 manat təşkil edir.

11. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 38 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

12. İddia ərizəsinə foto şəkillər də əlavə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:

13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus bir baş inək cavabdehə məxsus transformatora toxunduğuna görə elektrik cərəyanı vurmuş və heyvan tələf olmuşdur. Həmin transformatorun cavabdeh "xxxx" ASC-yə, inəyin isə iddiaçıya məxsus olması, həmçinin inəyin həmin transformatora toxunması mülki iş materialları ilə, o cümlədən "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubu ilə təsdiq edilir. Qeyd olunan məktubda iddiaçıya məxsus inəyin cavabdehə məxsus transformatora toxunması nəticəsində transformatorda qüsur yarandığı qeyd edilmişdir.

14. İddiaçıya məxsus inəyin elektrik cərəyanı vurması nəticəsində ölməsi Kürdəmir RİHBnin Axtaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və kənd sakinlərinin izaları ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktdan, nümayəndəliyin arayışından və iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillər ilə tədiq edilir.

15. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin arayışı ilə müəyyən edilir ki, bir baş inəyin bazar dəyəri 1800 manat təşkil edir. Məhkəmə iddiaçıya dəymiş ziyanın məbləğinin və "xxxx" MMC-nin arayışının mötəbərliyinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə mütəxəssis rəyinin verilməsi məqsədi ilə sorğu göndərmiş və məhkəməyə mütəxəssis rəyi təqdim edilmişdir. Mütəxəssis rəyi ilə Nazirliyə təqdim edilmiş fotoşəkillər əsasında müəyyən edilmişdir ki, həmin cinsdən olan inəklərin orta bazar qiyməti 1500-2000 manat təşkil edir.

16. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq, müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmə tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

17. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin (qismən təmin) olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

18. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

19. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

20. Zərər vurmaq faktını mülki hüquq pozuntusu kimi qəbul etmək üçün lazımi şərtlərin olması vacibdir ki, həmin şərtlər qanunda göstərilmişdir. Qanunun müəyyən etdiyi şərtlərə cavab verməyən zərər vurmaq (delikt) faktı mülki hüquq pozuntusu hesab edilə və belə halda delikt məsuliyyəti tədbiri, yəni zərəri ödəmək formasında mülki-hüquqi sanksiya tətbiq oluna bilməz. Qanunun müəyyən etdiyi həmin şərtlər Mülki Məcəllənin 1096-cı maddəsində göstərildiyi kimi, zərərvuranın hüquqa zidd əməli; hüquqa zidd əməl ilə zərər arasında səbəbli əlaqə və zərər vuranın təqsiridir. Göstərilən üç hal birləşərək zərər vurma faktını mülki hüquq pozuntusu (delikt) kimi qiymətləndirməyə imkan verir və həmin şərtlər əsas delikt anlayışının məzmununa daxildir. Başqa sözlə, bu hallar deliktə görə məsuliyyətin ümumi şərtlərini müəyyən edir.

21. Qanunvericilikdə delikt məsuliyyətinin yaranması və tətbiq edilməsi üçün ümumi prinsip kimi yuxarıda qeyd edilən 3 şərtin olması tələb edilsə də, bəzi hallarda məhdud delikt məsuliyyəti də yarana bilir. Bu, təqsirsiz delikt məsuliyyəti adlanır ki, onun da ən bariz nümunəsi Mülki Məcəllənin 1108-ci maddəsidir.

22. Mülki Məcəllənin 1108-ci maddəsində nəzərdə tutulan delikt məsuliyyətinin subyekti kimi yüksək təhlükə mənbəyinin sahibi çıxış edir. Yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxs həmin mənbənin sahibi sayılır və onun vurduğu zərərin əvəzini ödəməyə borcludur. Qanun zərərin əvəzini ödəmək vəzifəsini məhz onun üzərinə qoyur.

23. Beləliklə, yüksək təhlükə mənbəyinin sahibi üçün iki əlamət xarakterikdir – hüquqi əlamət; maddi əlamət.

24. Hüquqi əlamətin mahiyyəti ondan ibarətdir ki, yüksək təhlükə mənbəyinin sahibinin həmin mənbəyə sahiblik etməsi, yəni müvafiq fəaliyyəti həyata keçirməsi üçün hər hansı qanuni titula (qanuni əsasa) əsaslanması tələb olunur. Hər şeydən əvvəl bu cür qanuni titul kimi mülkiyyət hüququ və digər əşya hüququ çıxış edə bilər. Mülkiyyətçinin iradəsi ilə müəyyən obyektə sahiblik mülki-hüquqi müqavilə əsasında digər fiziki və hüquqi şəxslərə keçə bilər ki, bu zaman onlar həmin obyektin qanuni sahibi olurlar. Söhbət icarə, əmlak kirayəsi, saxlama, daşıma və digər müqavilələrdən, nəqliyyat vasitələrinin idarəedilməsi üçün verilmiş etibarnamələrdən gedir. Mülkihüquqi müqavilə yüksək təhlükə mənbəyinin sahibliyinin bir şəxsdən digərinə keçməsinə səbəb olur. Sahibliyin keçməsi ilə əlaqədar yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyət də yeni sahibə keçir.

25. Maddi əlamətin mahiyyəti ondan ibarətdir ki, təhlükəli obyektə faktiki sahiblik edən, öz sahibliyində real olaraq təhlükə mənbəyinə malik olan şəxs yüksək təhlükə mənbəyinin sahibi hesab olunur. Bu əlamətə görə, zərər vurmaq xassəsinə malik olan obyektə, yəni yüksək təhlükə mənbəyinə faktiki sahiblik edən, bu obyektən istifadə edən şəxs vurulan zərər üçün məsuliyyət daşıyır. Maddi şərt yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

26. Məhkəmə hesab edir ki, elektrik enerjisi yüksək təhlükə mənbəyi olduğundan elektrik enerjisi xəttinin səbəb olduğu ziyanın əvəzini ödəmək vəzifəsi həmin mənbənin satıcısı olan və həmin mənbə üzərində nəzarət imkanı yüksək olan cavabdehin üzərinə qoyulmalı, vurulmuş zərərə görə məhz o, məsuliyyət daşımalıdır.

27. İddia tələbini iş materiallarında olan sübutlar və tərəflərin izahatları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

28. Belə ki, cavabdehin sahibliyində olan yüksək təhlükə mənbəyinin iddiaçıya ziyan vurması iş materialları (tərtib edilmiş akt, arayışlar, cavabdehin məktubu və s.) ilə öz təsdiqini tapsa da, cavabdeh iddia tələbinə etirazının əsaslarını təşkil edən dəlilləri ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəməyə sübut qismində təqdim edilən xx.xx.2024-cü il tarixli məktub isə iddiaçının dəlillərinin doğruluğunu təsdiq etmişdir. Cavabdehin etirazında iddianın rədd edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir. Məhkəmə cavabdehin dəlilləri ilə əlaqədar hesab edir ki, hadisənin baş verməsinə səbəb olan transformatorun cavabdehə məxsus olması cavabdeh tərəfindən təsdiq edilmiş, inəyin bazar dəyəri isə mütəxəssis rəyi ilə müəyyən edilmişdir. Buna görə də məhkəmə cavabdehin dəlillərini əsassız hesab edir.

29. Məhkəmə iddiaçıya məxsus inəyin orta bazar qiymətinin 1500-2000 manat olması barədə Nazirliyin mütəxəssis rəyini və iddiaçı tərəfindən təqdim edilmiş arayışı nəzərə alaraq hesab edir ki, bu sahədə dövlət siyasətini və tənzimləməni həyata keçirən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim edilmiş mütəxəssis rəyində müxtəlif növlərə və qruplara aid olan heyvanların bazar qiymətləri onların damazlıq, əmtəəlik, yaş qrupu, cinsini, diri çəkisini, köklük dərəcəsini, istiqamətini (ətlik, südlük), məhsuldarlığını və heyvanın yetişdirilməsi üçün sərf edilən yemin maya dəyərini əks etdirən göstəricilərə uyğun olaraq formalaşdığı və ölmüş heyvanın yerli aboroqen ana heyvan qrupuna məxsus olması qeyd edilmişdir. Buna görə də məhkəmə iddiaçıya dəyən zərərin müəyyən edilməsi üçün təqdim edilmiş hər iki sübutun üst-üstə düşdüyünü, bir-birinə zidd olmadığını, bu qəbildən olan mülki işlər üzrə məhkəmə təcrübəsini və digər bütün diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş maddi ziyanın 1.800 manat məbləğində dəyərləndirilməsi qanuni, ağlabatan və ədalətlidir.

c) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

30. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bundan başqa, ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu məsuliyyət yüksək təhlükə mənbəyinin sahibinin təqsirindən asılı olmayaraq yaranır. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”: 1.2.1-ci bənd. Elektrik və istilik qurğuları, quruluşları və şəbəkələri, onların təhlükəsiz istismarını, həmçinin müəssisənin işçilərinin təhlükəsiz iş şəraitini təmin edən texniki saz vəziyyətdə olmalıdırlar.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”: 10.17-ci bəndinə görə, enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X3 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. 10.18.1-10.18.2, 10.18.8-ci bəndlərinə əsasən, enerjitəchizatı müəssisəsi öz idarəetmə ərazisində elektrik şəbəkəsinin təhlükəsiz, etibarlı və səmərəli işləməsini təmin edən yerli dispetçer xidmətini təşkil etməyə, ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə, qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirməyə borcludur.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 64.2. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 193.2. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında bu Məcəllənin 78.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəmənin tələbi əsasında işdə iştirak etməyən şəxslər tərəfindən təqdim olunmuş yazılı sübutlar, məhkəmə araşdırması gedişində təqdim olunmuş ekspert rəyi, mütəxəssisin məsləhəti, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının rəyləri, bu Məcəllənin 83-cü, 85-ci və 167.1.11-ci maddələrində nəzərdə tutulmuş qaydada toplanmış yazılı sübutlar və ya onların müayinə protokolları, 105.2-ci maddəsində nəzərdə tutulmuş qaydada toplanmış şahid ifadələri işə baxan məhkəmə tərəfindən elektron məhkəmə icraatı materiallarına əlavə edildikdən sonra tədqiq edilə bilər. Maddə 207.2. Mütəxəssisin yazılı formada verdiyi məsləhət məhkəmə iclasında elan edilir və işə əlavə olunur. Mütəxəssisin şifahi məsləhəti və şərhi məhkəmə iclasının protokoluna yazılır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

35. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

36. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

37. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC-dən maddi ziyanın əvəzi kimi 1.800 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.

38. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 38 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı verilməlidir. Nəticə:

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən maddi ziyanın əvəzi kimi 1.800 (bir min səkkiz yüz) manat məbləğində pul və iş üzrə ödənilmiş 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar