Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-31/2022 21.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikası Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmanət məbləğinin üzərinə hesablanmış faizlərlə birlikdə qaytarılması, maliyyə sanksiyasının və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikası Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmanət məbləğinin üzərinə hesablanmış faizlərlə birlikdə qaytarılması, maliyyə sanksiyasının və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə iddiaçının və mərhum həyat yoldaşının - Cavad Heyətinin əmanətçi olduqları 08 yanvar 2008-ci il tarixli müqavilə üzrə 50.000 ABŞ dolları məbləğində əmanətlərinin və onun üzərinə hesablanmalı olan 19.200 ABŞ dolları məbləğində faizin, yəni 69.200 ABŞ dolları məbləğində əsas borcun; 37.500 ABŞ dolları məbləğində maliyyə sanksiyasının və 20.000 ABŞ dolları məbləğində mənəvi ziyanın, ümumilikdə 126.700 ABŞ dolları məbləğində pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bank hesabından tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o və mərhum həyat yoldaşı X11 İran İslam Respublikasının vətəndaşdırlar. Onlar 2008-ci il yanvar ayında "xxxx" ASC-nin Mərkəzi filialına müraciət edərək müddətli əmanət hesabı müqaviləsi bağlamışdırlar. 08 yanvar 2008-ci il tarixli həmin müqaviləyə əsasən onlar əmanətçi olaraq banka 50.000 ABŞ dolları məbləğində əmanət qoymuşdular. Müqavilə şərtlərinə görə qoyulan əmanətə görə onlara illik olaraq əmanətin 12,8 faizi məbləğində ödənişlər ödənilməli idi. Müqavilə yazılı qaydada tərtib edilib və tərəflər, yəni onlar və Bank tərəfindən imzalanaraq rəsmiləşdirilmişdir. Onlar hər il faiz ödənişləri vaxtlı-vaxtında əldə etmişdirlər. Hesab üzərində hər ikisinin sərəncam hüququ olduğuna görə hesabdan faiz məbləğlərini bir müddət mərhum həyat yoldaşı X11 götürüb. Mərhum həyat yoldaşı Cavad Heyət 2014-cü il avqustun 12-də Bakı şəhərində vəfat etmiş və avqustun 15-də X8 dəfn edilmişdir. O, həyat yoldaşının vəfatından əvvəl, yəni 2014-cü ilin iyul ayından hesaba tək nəzarət etmişdir və qoyulan əmanətə görə ödənilən faiz məbləğlərini o şəxsən imza edərək qəbul etmişdir. Axırıncı dəfə 14 avqust 2016-cı il tarixdə bankdan 1.057 ABŞ dolları həcmində faiz məbləği götürərək əmanət kitabçasında imza etmişdir. Artıq həyat yoldaşının vəfatından iki ilə yaxın bir müddət keçməsinə baxmayaraq ABB onun bank hesabı barədə heç bir problem yaratmamışdı. Lakin 2016-cı ilin sentyabr ayında ABB mərkəzi filialına müraciət edərək əmanəti, yəni 50.000 ABŞ dolları məbləğində pulu bütünlüklə bankdan götürmək istədi. Lakin bank həmin pulu ona verməkdən imtina etdi və bidirdi ki, onun adının müqaviləyə hansı səbəbdən qeyd edilməsi məlum deyil. O, "xxxx" ASC-yə qarşı “Əmanət hesabı üzərində təkbaşına sərəncam hüququnun müəyyən edilməsi, əmanət və üzərinə hesablanmış faiz məbləğinin qaytarılması, maliyyə sanksiyasının və vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddia ilə Nəsimi rayon məhkəməsinə müraciət etdi. Nəsimi rayon məhkəməsi müqavilənin əsli olmadığı səbəbindən iddia tələbini təmin etmədi. Nəsimi rayon məhkəməsinin bu qərarı Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanıldı. Bu yaxınlarda mərhum həyat yoldaşı Cavad Heyətin sənədlərini araşdırarkən Azərbaycan Beynəlxalq Bankı ilə bağladığı müqavilənin əslini tapmışdır və yenidən banka müraciət edərək əmanətinin faizləri ilə birlikdə qaytarılmasını xahiş etmişdir. Bankın 01 may 2019cu il tarixli cavab məktubunda bildirildi ki, bu barədə məhkəmə qərarının olduğunu nəzərə alaraq Bank tərəfindən tələbinin ərizədə göstərilən istiqamətdə icra olunması məqsədəuyğun hesab edilmir. Odur ki, yeni əsasla məhkəməyə müraciət etməli oldu. Azərbaycan Beynəlxalq Bankının, xarici ölkə vətəndaşı olaraq, onun əmanətini iddiaçıya vaxtında qaytarmaması onda banklara qarşı etimadı azaltmış və xarici ölkədə halal pulunun ona ödənilməməsi həyat yoldaşının vəfatından sonra ona daha pis təsir etmiş və bu hərəkəti ilə Bank onu mənəvi iztirablara və stresslərə məruz qoymaqla ona mənəvi ziyan vurmuşdur. Bununla əlaqədar Bankın iddiaçıya vurduğu mənəvi ziyanı 20.000 ABŞ olları məbləğində qiymətləndirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 yuxarda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddiaya etiraz edərək bildirmişdir ki, iddia tamamilə əsassızdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilən müqavilənin həqiqiliyi qəbul edilmir. Çünki bankda saxlanılan müqavilədə hesab yalnız mərhum Cavad Heyətin adına açılmışdır. İddiaçının adı isə görünür ki, sonradan onun tərəfindən müqaviləyə əlavə edilmişdir. Bundan başqa birgə kreditorlar tərəfindən müqavilənin bağlanması və hesab açılması üçün bankın daxili qaydalarına əsasən müraciət ərizəsi üçün müvafiq forma nəzrdə tutulmuşdur. Həmçinin, iddiaçı mərhum ərinin adına açılmış hesabdakı məbləğdən özünə düşəcək payı qəbul etmək istəyirsə bu barədə ayrıca vərəsəlik açdırdıqdan sonra da müraciət edə bilər. Bu halda bank ona düşən payın verilməsindən imtina etmir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. xx.xx.2008-ci il tarixli “Müddətli əmanət hesabı haqqında müqavilə”dən görünür ki, bank əmanətçidən daxil olmuş pul məbləğini (50.000 ABŞ dolları məbləğində əmanəti) qəbul edərək bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 12.8 faiz dərəcəsi faizi ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin təqdim etdiyi müqavilədə “əmanətçi adlanacaq vətəndaş” qrafasında “X15” yazısı, “əmanətçinin adından” qrafasında “X15” adı və ona məxsus imzası qeyd edilmişdir. İddiaçının təqdim etdiyi müqavilədə “əmanətçi adlanacaq vətəndaş” qrafasında “X15” və “İddiaçı” yazıları, “əmanətçinin adından” qrafasında “X15” və “İddiaçı” adları, onlara məxsus imzaları qeyd edilmişdir. “Fərdi sahibkarların (fiziki şəxslərin) imza nümunələri vərəqəsi”nin surətindən görünür ki, X12 hesab üzrə əməliyyat aparan şəxs kimi imza nümunəsini xx.xx.2006-cı ildə alıblar. Hesab nömrəsi ******************** olan əmanət kitabçasının surətindən görünür ki, üzərindəki “X15” və “İddiaçı” yazıları fərqli qələm və xətlə yazılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/485-5/385-5/389 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2(006)-31/2022 nömrəli mülki işin 234-cü vərəqəsində olan 08 yanvar 2008-ci il tarixli müddətli əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) müqavilənin “Əmanətçi adlandırılacaq vətəndaş" qrafasındakı “X15" yazıları ilə “bu Müqaviləni bağlamışlar” qarafasındakı “X5” yazıları eyni şəxs tərəfindən icra edilmişdir. Təqdim edilmiş 08 yanvar 2008-ci il tarixli müddətli əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) müqavilənin 11-ci bəndində olan “Bankın adından” olan hissədə mətnlə möhür əksinin kəsişən hissəsində əvvəlcə mətn çap olunub, sonra möhür vurulub: möhür əksi ilə imzanın kəsişdiyi imza icra olunub və üzərindən möhür vurulub. Təqdim edilmiş 08 yanvar 2008-ci il tarixli müddətli əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) müqavilənin 11-ci bəndində olan”Əmanətçinin adından” olan hissədə imzanın mətnin kəsişdiyi hissədə əvvəlcə mətn çap olunub, sonra imza icra olunubdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zolfı Bakhshalı ifadəsində göstərmişdir ki, o, mərhum Cavad Heyətlə birgə, Cavad ölənədək işləmişdir. Mərhumun və onun övladlarının işlərini onların tapşırığı ilə o yerinə yetirirdi. Bankdakı hesabı mərhum Cavad Heyət arvadı ilə müştərək açmış, sonra o, hesabı iddiaçının adına keçirmişdir. Çünki bank hesabından faizləri alırdı deyə birbaşa iddiaçının adına pul qoyulmamışdır. Belə ki, İran İslam Respublikasında əmlak ər-arvadın birgə mülkiyyəti sayılmır, onun əvəzinə ər arvada kəbin (mehriyyə) pulu verir. Bu pul birgə əmlakları deyil. Bu səbəbdən də mərhum Cavad Heyət bankda olan pulu iddiaçıya kəbin pulu əvəzinə vermiş, hesabı isə ikisinin adına açdırmışdır. İddiaçı çox vaxt İran İslam Respublikasının Tehran şəhərində olurdu. O, onun vəsiyyətnamə üzrə nümayəndəsidir. Faizi o alıb iddiaçıya verirdi. Sonuncu dəfə banka gələndə monitorda göstərdilər ki, hesab yalnız Cavad Heyətin adına keçib, təkcə ekranda onun şəkili var idi. Halbuki, əvvəllər banka gedəndə monitorda müştərək hesab kimi mərhum ilə yanaşı iddiaçınında adı və şəkili olduğunu ona göstərmişdilər. Həmin proseslər bankın 1 saylı filialında, VİP otağında aparılır, o, bu proseslərdə şəxsən iştirak edirdi. Ona Həsən adlı bankın əməkdaşı bu halı bildirdi, sonra şöbə rəisi ilə bu barədə danışdıqdan sonra bunun onlara aid olmadığı deyildi. Dəfələrlə müqaviləni tələb etsək də verilmədi. İddiaçı iki formada imza çəkir. İş materiallarından göründüyü kimi xx.xx.2008-ci il tarixli “Müddətli əmanət hesabı haqqında müqavilə”yə əsasən, "xxxx" ASC 50.000 ABŞ dolları məbləğində pulu əmanətçidən qəbul etmiş, bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləği üçün illik 12.8 faiz dərəcəsi ilə ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı müqavilənin əslini təqdim edərək müqavilədəki “əmanətçi adlanacaq vətəndaş” qrafasında “X15” və “İddiaçı” yazıların, “əmanətçinin adından” qrafasında X14 və İddiaçı məxsus imzaların qeyd edildiyini, bununla da mübahisələndirilən müqavilə üzrə hər ikisinin birgə kreditor olduğunu vurğulayaraq əmanət məbləğinin və müvafiq faiz ödənişlərinin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə iddiaya etiraz edərək, iddiaçının təqdim etdiyi müqaviləni tanımadığı, bankın ixtiyarında olan müqavilədəki yeganə əmanətçi-kreditor olan şəxsin X13masını, imzanın ona məxsus olduğunu, bu səbəbdən də iddiaçının əmanəti və ona hesablanmış faiz məbləğini vərəsəlik qaydasında ala biləcəyini bildirmişdir. Təqdim edilmiş müqavilələr arasında uyğunsuzluq aşkar edildiyi üçün məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-xətşunaslıq və sənədlərin məhkəmə-texniki ekspertizasları təyin edilmişdir. Belə ki, məhkəmə-xətşunaslıq ekspertizası üzrə verilmiş ekspert rəyinə əsasən iddiaçı tərəfindən təqdim edilmiş (mülki işin 234-cü vərəqəsində olan) 08 yanvar 2008-ci il tarixli müddətli əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) müqavilənin “Əmanətçi adlandırılacaq vətəndaş" qrafasındakı “X15" yazıları ilə “bu Müqaviləni bağlamışlar” qarafasındakı “X5” yazılarının eyni şəxs tərəfindən icra edildiyi, təqdim edilmiş 08 yanvar 2008-ci il tarixli müddətli əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) müqavilənin 11-ci bəndində olan “Bankın adından” olan hissədə mətnlə möhür əksinin kəsişən hissəsində əvvəlcə mətnin çap olunduğu, sonra möhür vurulduğunu: möhür əksi ilə imzanın kəsişdiyi hissədə imzanın icra olunduğu və üzərindən möhür vurulduğu, təqdim edilmiş 08 yanvar 2008-ci il tarixli müddətli əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) müqavilənin 11-ci bəndində olan ”Əmanətçinin adından” hissəsində imzanın mətnin kəsişdiyi hissədə əvvəlcə mətnin çap olunduğu, sonra imza icra olunduğu müəyyən edilmişdir. Ekspertin qarşısına müqavilədəki imzaların və yazıların eyni və ya ayrı vaxtlarda icra edildiyi barədə sual qoyulsa da, rəydə bu suala cavab vermək mümkün olmadığı qeyd edilmişdir. Halbuki tərəflərin təqdim etdikləri müqavilələr arasında aşkar edilmiş uyğunsuzluğun aradan qaldırılması üçün bu sualın həll edilməsi vacib idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 493-cü maddəsinin tələblərinə görə əgər bir neçə şəxs onlardan hər birinin tam icranı tələb edə biləcəyi şəkildə icranı tələb etməyə səlahiyyətlidirlərsə, borcluya isə yalnız birdəfəlik icra həvalə edilirsə, onlar birgə kreditorlardır. Birgə səlahiyyətlər müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Bu Məcəllənin 494-cü maddəsinə əsasən əgər kreditorlardan biri bu Məcəllənin 493.1-ci maddəsində nəzərdə tutulan tələblə borcluya qarşı etiraz irəli sürməmişsə, borclu öhdəliyi öz arzusu ilə istənilən kreditora icra edə bilər. Həmin Məcəllənin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə iddiaçı ilə cavabdeh arasında əmanət müqaviləsi bağlanmamışdır. Belə ki, müqavilədə və əmanət kitabçalarının üzərində iddiaçının adının yazılması onun müqavilə tərəfi kimi qəbul olunmasına əsas vermir. Çünki, həmin sənədlərin üzərində iddiaçının adının və imzasının fərqli qələmlə yazıldığı açıq-aşkar görünür. Məhkəmə-xətşunaslıq ekspertizası üzrə verilmiş ekspert rəyinə əsasən iddiaçı tərəfindən təqdim edilmiş 08 yanvar 2008-ci il tarixli müddətli əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) müqavilənin “Əmanətçi adlandırılacaq vətəndaş" qrafasındakı “X15" yazıları ilə “bu Müqaviləni bağlamışlar” qarafasındakı “X5” yazılarının eyni şəxs tərəfindən icra edildiyi müəyyən edilsə də, məhkəmə həmin rəyə tənqidi yanaşır və ilk öncə qeyd etməyi zəruri sayır ki, mübahisə predmeti olan müqavilədəki X3 məxsus olması ehtimal edilən imzanın adından X1 adına verilmiş etibarnamədəki imzadan kəskin fərqləndiyi aşkardır. Vəkilin iİddiaçıya məxsus imzaların arasında fərq olmasını onun İran İslam Respublikasının ərazisində sənədləri başqa formada imzamasına dair irəli sürdüyü dəlillər isə heç bir sübut növü ilə təsdiq edilməməklə mülahizə xarakter daşıyır. İddiaçı tərəfin digər dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, o, mərhum X12 həyat yoldaşı olub və onun müvafiq tapşırıq, o cümlədən, etibarnamə əsasında depozit müqaviləsi üzrə aylıq faiz ödənişlərini qəbul etməsinin mümkün olması halı müqavilə tərəfi kimi qəbul olunmasına əsas vermir. İddiaçının istinad etdiyi hallar işdə olan sənədlərə əsasən öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı dindirilmiş şahidin ifadəsinə hüquqi qiymət verilməsinə də zərurət aradan qalxır. Çünki mülki-prosessual qanunvericilik konkret sübut edilməli olan halın yalnız qanunvericilikdə göstərilən sübutetmə vasitəsilə təsdiq edilməli olduğunu qeyd edir. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi müqavilə üzrə birgə kreditor olmasına dair irəli sürdüyü dəlillər heç bir sübut növü ilə təsdiq edilmədiyindən, iddia tələbləri isə qanundan irəli gəlmədiyindən, müqavilə predmeti bölünən əşya (pul) olduğundan X2 08 yanvar 2008-ci il tarixli müddətli əmanət (depozit) hesabı haqqında müqaviləni bağlamış birgə kreditor kimi tanınması üşün əsas yoxdur. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər tələbləri ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Beləliklə məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikası Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmanət məbləğinin üzərinə hesablanmış faizlərlə birlikdə qaytarılması, maliyyə sanksiyasının və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsi tələbinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-31/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-31/2022
21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver