Məhkəmə qərarları › İş №2(006)-311/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-311/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-311/2021 01.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borc" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 4531,19 manat əsəs borc, 2192,93 manat məbləğində faiz borcunun, cəmi 6724,12 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğinində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli Nağd pul lahiyəsi müqaviləsinə əsasən bank borcluya 24 ay müddətinə, illik 29% olmaqla 5100 manat kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclu ilə aralarında bağlanmış müqavilənin müddətinin bitməsinə baxmayaraq hazırki vaxtadək onun banka olan borcu ödəniməmiş qalır. Cavabdeh. Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan İddiaçı ASC ilə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli CP/14250/61 saylı kredit sazişindən görünür ki, İddiaçı ASC Cavabdeh1 24 ay müddətinə, illik 29% ödəmək şərti ilə 5100 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Bu müqaviləyə əsasən zamin Cavabdeh2 borclunun xx.xx.2017-ci il tarixli CP/14250/61 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 xx.xx.2017-ci il tarixdə 5100 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2019-cu il tarixinə İddiaçı ASC-yə əsas borcu 4531,19 manat, faiz borcu 1900.93 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 9/5414 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissələrində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx xxxxxx 2017-ci il tarixli CP/14250/61 saylı kredit müqaviləsinin qeyd olunun şərtlərini nəzərə alaraq Cavabdeh1 İddiaçı ASC-yə xx xxxxxx 2019-cu il tarixə olan ümumi borcu 6.077,29 manat məbləğində müyyən edilir, o cümlədən əsas borc 4449,10 manat, faiz borcu 1628,19 manat təşkil edir. (Aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir). İş materiallarında olan mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdehlər kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Eyni Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli CP/14250/61 saylı kredit sazişinə əsasən İddiaçı ASC (borc verən) tərəfindən Cavabdeh1 (borc alana) 24 ay müddətinə, illik 29% ödəmək şərti ilə 5100 manat məbləğində kredit verilmişdir. Bu müqaviləyə əsasən Cavabdeh2 borclunun xx.xx.2017-ci il tarixli CP/14250/61 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Lakin cavabdehlər iddiaçı ilə aralarında bağlanmış müqavilələr üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etməmiş və nəticədə banka borcları yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehlər müqavilə üzrə öhdəliklərini icra etmədiklərindən iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehlərdən borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə əsaslı deyildir. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o cavabdehdən əsas borc kimi 4531,19 manat, faiz borcu kimi 2192,93 manat pul tələb edir. Lakin ekspert rəyi ilə müəyyən edilir ki, borc məbləği müqavilə müddətinin sonuna, yəni xx xxxxxx 2019-cu il tarixə 4449,10 manat əsas, 1628,19 manat faiz borcu olmaqla, ümumilikdə 6077,29 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, əsas və faiz borcunun məbləği ekspert rəyində göstərilən həcmdə cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, qanunvericiliyə görə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 145 manatın 130 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 15 manatı isə İddiaçı ASC-dən alınaraq dövlət büdcəsinə ödənilməli, İddiaçı ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 27 manat məbləğində hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 4449,10 manat məbləğində əsas borc, 1628,19 manat faiz borcu ümumilikdə 6077,29 manat məbləğində pul və 27 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia digər hissədə təmin edilməməli, İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 145 manatın 130 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, manatı isə İddiaçı ASC-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. 4449,10 (dörd min dörd yüz qırx doqquz manat, on qəpik) manat məbləğində əsas borc, 1628,19 (min altı yüz iyirmi səkkiz manat, on doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 6077,29 (altı min yetmiş yeddi manat, iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 27 (iyirmi yeddi) manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia digər hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manatın 130 (yüz otuz) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 15 (on beş) manatı isə İddiaçı ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar