Məhkəmə qərarları › İş №2(006)-3110/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3110/2022

16.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3110/2022 16.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4.670 manat əmlakına dəymiş zərərin əvəzinin onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, “Audi A4” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibidir. Avtomobili buraxılış ilindən kreditlə almış və bu günə qədər son dərəcə ehtiyatlı qoruduğu üçün heç bir qəza keçirtmədən idarə etmişdir. Lakin 02 iyul 2021-ci il tarixdə Nəsimi rayonu, H.Seyidzadə küçəsində hərəkət eldiyi zaman Cavabdeh idarə etdiyi “Lexus İS 250” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə işıqforun qırmızı işığında hərəkət edərək, onun avtomobili ilə toqquşmuşdur. Hadisə yerinə xəsarət aldığı üçün Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı gəlmiş, aparılan araşdırmalardan məlum olmuşdur ki, göstərilən yol-nəqliyyat hadisəsi Cavabdeh **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Hadisə nəticəsində avtomobilinə ciddi ziyan dəymişdir. Onun avtomobilinə dəyən ziyan 9.670 manat dəyərində qiymətləndirilmişdir. Bu ziyanın 5.000 manatını sığorta şirkəti qarşılayıb. Bütün işlərinin həllində, ailəsi rayonda işlə əlaqəli yaşadığı üçün ayda bir neçə dəfə rayonlararası səfər etməyə məcbur olduğundan, avtomobilə ciddi ehtiyac duyurdu və məcbur qalaraq avtomobili öz vəsaiti hesabına təmir etdirmişdir. Cavabdehə ona dəymiş ziyanın ödənilməsi ilə bağlı müraciət etsə də, müraciətləri cavabsız qalmışdır. Ona dəymiş ziyana, onun bir aya yaxın müddət avtomobilsiz qalmasına, hətta xəsarət almasına belə laqeyd yanaşmış və məsuliyyəti üzərindən atmışdır. İddiaçı tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi və iddiasının təmin edilməsi xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan ərizəni nəzərə alıb, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Cavabdeh Bakı şəhəri Nəsimi RPİ-nə verdiyi xx.xx.2021-ci il tarixli izahatından görünür ki, “Lexus İS250” markalı, ** NG *** dövlət qeydiyyat nişanlı avtomobil onun adındadır və qeydiyyat şəhadətnaməsi ilə idarə edir. Belə ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı qeyd edir ki, həmin tarixdə saat 03 radələrində idarə etdiyi avtomobil ilə M.Əcəmi metrostansiyası tərəfdən Cavadxan küçəsi ilə hərəkət etmişdir. Bu zaman fikirli olduğu üçün 4-cü MİK dairəsində olan işıqforda qırmızı işıqdan keçmiş və həmin vaxt “Yeganə” şadlıq sarayının yanından gələn avtomobili vurmuşdur. Daha sonra avtomobildən enmiş və hadisə barədə söhbət etmişlər. Hadisə onun səhvindən baş vermişdir. Yəni fikirli olduğu üçün işıqforun qırmızı işığından keçdiyinə görə baş vermişdir. Sonda izahatının doğruluğunu öz imzası ilə təsdiq etmişdir. - Bakı şəhəri Nəsimi RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”dan görünür ki, 02 iyul 2021-ci il tarixdə saat 03 radələrində Nəsimi rayonu, 4-cü mik dairəsi ərazisində yol-nəqliyyat hadisəsi baş vermiş və hadisənin baş verməsində Cavabdeh təqsirli hesab edilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş 09 iyul 2021-ci il tarixli nöqsan aktından görünür ki, Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus olan 2013-cü il buraxılışlı, “Audi-A4” markalı, ** UL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi üçün görüləcək işlərə və ehtiyat hissələrinin alınmasına cəmi 9.670 manat vəsait tələb olunur. - Kassa məxaric orderindən görünür ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus avtomobilə vurduğu zərərin bir hissəsi – 4.975 manat ödənilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2021-ci il tarixli 9/6553 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 353 №li qüsur aktı məlumatlarına əsasən 2013-cü il buraxılışlı, “Audi A4” markalı, ** UL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən:

1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla, 9.460 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 7.900 manat; Təmir-bərpa işlərinin qiyməti – 1.560 manat.

2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə, 7.259 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 5.699 manat; Təmir-bərpa işlərinin qiyməti – 1.560 manat. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. İlk öncə məhkəmə qeyd edir ki, daxil olmuş ekspert rəyində iddiaçıya məxsus avtomobilə ziyan dəyməsi faktı öz təsdiqini tapmış və ekspert tərəfindən iki ayrı növdə hesablama aparılmaqla, məhkəməyə müvafiq ekspert rəyi təqdim olunmuşdur. Həmin hesablama növləri bir-birindən “dəyişməli hissələrin qiymətləri” üzrə fərqlənməklə, məhkəməyə iki ayrı qayda və üsulla hesablanmış məbləğlər təqdim edilmişdir. İlk hesablama dəyişməli hissələrin qiymətinin təzə hissələrin qiymətinə uyğun, digəri isə aşınma tətbiq edilməklə, aparılmışdır. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus avtomobil 2013-cü il buraxılışlıdır. Belə olan halda məhkəmə hesab edir ki, ekspert rəyinin nəticə hissənin ikinci bəndində avtomobilə dəymiş ziyan olaraq hesablanmış məbləğ (7.259 manat) əsas götürülməli və nəzərə alınmalıdır. Digər tərəfdən iddiaçı 09 iyul 2021-ci il tarixli akta istinad etsə də, iddia ərizəsində avtomobili zərurət yarandığından, təmir etdirərək, istifadə etdiyini göstərmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçı həmin aktdan daha etibarlı olan və görülən işlər barəsində, yəni təmir üçün çəkilmiş xərclərə dair müvafiq qəbzləri məhkəməyə təqdim edə bilərdi. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Araşdırma zamanı hazırki ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Göründüyü kimi, məhkəməyə daxil olmuş ekspert rəyinə əsasən, Cavabdeh tərəfindən İddiaçı avtomobilin təmiri üçün xərc qismində 7.259 manat maddi ziyan vurulmuşdur. İşin halları ilə müəyyən edilmişdir ki, vurulmuş ziyana görə 5.000 manat pul vəsaiti sığorta şirkəti tərəfindən iddiaçıya ödənilsə də, 2.259 manat hissəsi ödənilməmiş qalmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf qeyd olunan avtomobilin təmir-bərpası üçün daha az vəsaitin xərclənməsinin mümkünlüyü barədə sübutları məhkəməyə təqdim etməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim edilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, avtomobilə dəymiş ziyana görə 2.259 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesab üzrə ödənilməlidir. İddianın qalan hissəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Avtomobilə dəymiş ziyana görə 2.259 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesab üzrə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar