Məhkəmə qərarları › İş №2(006)-3114/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3114/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3114/2024 22.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə daxil olmuş materialları araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçı Cavabdeh qarşı hazırki iddia ərizəsini Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə versə də, iş materiallarından görünür ki, Cavabdeh Lənkəran rayonu, Şiləvar ərazi dairəsi, Şiləvar kəndində qeydiyyatdadır (elektron məhkəmə informasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən). Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Mülki Prosessual Məcəllənin 150.1.1-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) əlavə edilir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş ərizə iddia ərizəsinin Məcəllə ilə müəyyənləşdirilmiş forma və məzmununa uyğun olmadan (iddianın predmeti və qiyməti, iddiaçının tələbi dəqiq göstərilmədən) tərtib edilərək təqdim edilmiş, habelə cavabdehə təqdim edilməsi üçün iddia ərizəsinin surəti əlavə edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində qiymətləndirilən və qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə dövlət rüsumunun dərəcələri ayrı-ayrılıqda müəyyən edilmişdir. Lakin iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlar hazırki işin məhkəmə icraatını qeyrimümkün edir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya sadalanan nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar