Məhkəmə qərarları › İş №2(006)-3115/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3115/2023

15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3115/2023 15.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi. İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10 000 manat məbləğində borc pulun, qanunsuz istifadə edilən pula görə 1000 manat və 123.4 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tanışı olan Elnur adlı şəxs ona 2022-ci ilin mart ayında müraciət edərək Cavabdeh 1 il müddətinə borc pul verməsini xahiş etmişdir. Ona olan etibarına görə notarial qaydada müqavilə bağlanılaraq tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixində xx.xx.2023-cü il tarixinədək qaytarmaq vədi ilə 10.000 manat borc pul vermişdir. 19 saylı notariat kontorunda aralarında müqavilə bağlanılmışdır. 10 000 manat məbləğində pulu verməsinə baxmayaraq cavabdeh notarial qaydada bağlanmış və əvvəlcədən razılaşdırılmış vaxtda pulu ödəməkdən imtina etmişdir. Nəticədə müqavilənin 2-ci bəndini pozmuşdur. Qərəzli olaraq borcdan yayındığına görə borcun notariusun icra qeydi ilə alınması proseduru da keçərsizdir. Cavabdehin əməllərinə hüquqi qiymət verilməsi üçün o, müddət bitdikdən sonra aidiyyəti üzrə Yasamal rayon 29-cu Polis Bölməsinə müraciət etmişdir. Lakin, müraciəti əsasında ordan xx.xx.2023-cü il tarixli məktub verilərək məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bugünədək cavabdeh tərəfindən ona 1 manat belə olsun pul ödənilməmişdir. Hazırda qeyd edilən səbəblərdən məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Cavabdehə dəfələrlə tələblərini irəli sürsə də, polisə müraciət etsə də və digər məsələlərlə ona müvafiq xəbərdarlıqlar etsə də heçbir nəticə verməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, cavabdehə xx.xx.2023tarixində xəbərdarlıqla müraciət edilsə də hərhansısa bir nizama salınma mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf edərək, iddiaçıdan 10 000 manat aldığını bildirdi, lakin maddi vəziyyətinin yaxşı olmadığını nəzərə alaraq həmin məbləğin hər ay 500 manat hissə-hissə ödənilməklə ondan tutulmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli notarial qaydada bağlanmış kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə əsasında İddiaçı tərəfindən Cavabdeh 10000 manat məbləğində pul borca verilmiş, cavabdeh həmin krediti xx.xx.2023-cü il tarixədək qaytarması barədə öhdəlik götürmüşdür. İş materiallarında olan pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdən aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin 3 gün müddətində tam şəkildə yerinə yetirilməsi tələb edilmişdir. İşin araşdırılmış hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 10000 manat məbləğində pulun verilməsi barədə aralarında müvafiq kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən cavabdeh həmin pul məbləğini xx.xx.2023-cü il tarixdə qaytarması barədə öhdəlik götürmüş, lakin həmin öhdəliyi lazımi qaydada və vaxtda yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) borcun qaytarılmasıa və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, müqavilə əsasında üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və şərtləndirilmiş vaxtda yetirməmiş və borca aldığı 10000 manat məbləğində borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəmə iclasında cavabdeh iddia tələbini sözügedən hissədə etiraf etməklə 10000 manat borcun qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 10000 manat alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “qanunsuz istifadə edilən pula görə 1000 manat məbləğin tutulması”na münasibətdə qeyd edir ki, həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 449-cu maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məcəllənin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında müəyyən olunmuş hüquqi mövqeyə uyğun olaraq hazırki iş üzrə cavabdehin öhdəliyə əsasən əsasən ödəməli olduğu 10000 manatın ödənilməməsinə görə Mülki Məcəllənin 449-cu maddəsinə əsasən əlavə mülki məsuliyyətinin yaranması üçün cavabdeh tərəfin həmin pulu özündə saxlamaqla faydalanmasını təsdiq edən hər hansı mötəbər sübutlar yoxdur. Nəzərə almaq lazımdır ki, bu halda, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf isə belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən 123.4 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə cavabdehdən iddiaçının xeyrinə 120 manat tutulmalı, qalan məbləğ iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehdan 10 000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 120 manat alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 10 000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 120 manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 123.4 manat dövlət rüsumunun qalan 3.4 manatı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar