Məhkəmə qərarları › İş №2(006)-312/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-312/2021

28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-312/2021 28.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 İddiaçı QSC ilə bağladığı 08.10.2009-cu il tarixli, 09L000000773 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 10000 (on min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh4 İddiaçı QSC ilə bağladığı 04.04.2014-cü il tarixli 09R000010827 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 (dörd min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 08.12.2015-ci il tarixli 09R000010827S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh4 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 29.12.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü kredit borcundan 2985,82 manat ödəmiş, onun 1014,18 manat məbləğində kredit borcu qalmışdır. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh4, Cavabdeh3, X1 yə Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 1014.18 manat məbləğində kredit borcu və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-312/2021 saylı, 28.12.2021-ci il tarixli qərardadı ilə iddiaçı “Accessbank" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh4 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan “Accessbank" QSC ilə Cavabdeh4 arasında bağlanmış 08.10.2009-cu il tarixli, 09L000000773 saylı kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh4 120 ay müddətinə, 10.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İşin materiallarında olan “Accessbank" QSC ilə Cavabdeh4 arasında bağlanmış 04.04.2014-cü il tarixli, 09R000010827 saylı kredit razılaşmasından görünür ki, bank tərəfindən Cavabdeh4 24 ay müddətinə, illik 2,1667 faizlə, 4000 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 08.10.2009-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh4 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliyin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. İşin materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 03.05.2012-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 borclu Cavabdeh4 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliyin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. İşin materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 25.04.2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 borclu Cavabdeh4 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliyin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan “Accessbank" QSC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh4 banka 1014,18 manat əsas borcu mövcuddur. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən Cavabdeh4 13.07.2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan “Accessbank" QSC ilə Cavabdeh3 arasında bağlanmış 09R000010827S saylı, 08.12.2015-ci il tarixli sazişə (kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında) əsasən bank Cavabdeh4 arasında 08 oktyabr 2009-cu il tarixli, 09L000000773 saylı kredit xətti müqaviləsi üzrə 04 aprel 2014-cü il tarixdə bağlanmış 09R000010827 №-li kredit razılaşmasının ayrılmaz hissəsi olan 04 aprel 2014cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 08 dekabr 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmiş, vərəsə qeyd olunan 08 oktyabr 2009-cu il tarixli, 09L000000773 saylı kredit xətti müqaviləsi üzrə 04 aprel 2014-cü il tarixdə bağlanmış 09R000010827 №-li kredit razılaşması üzrə götürülmüş kreditin qalığını və hesablanmış faizləri bu razılaşmaya əlavə olunan 08 dekabr 2015-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməyi öhdəsinə götürür. Hazırki iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 08.10.2009-cu il tarixli kredit müqaviləsi və 04.04.2014-cü il tarixli kredit razılaşması üzrə borclu Cavabdeh4 vəfat etmişdir. Sözügedən kredit razılaşmasına edilmiş dəyişikliyə əsasən 04 aprel 2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 08 dekabr 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmiş, vərəsə Cavabdeh3 qeyd olunan 08 oktyabr 2009-cu il tarixli, 09L000000773 saylı kredit xətti müqaviləsi üzrə 04 aprel 2014-cü il tarixdə bağlanmış 09R000010827 №-li kredit razılaşması üzrə götürülmüş kreditin qalığını və hesablanmış faizləri bu razılaşmaya əlavə olunan 08 dekabr 2015-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, 09R000010827S saylı, 08.12.2015-ci il tarixli “kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” saziş bankla Cavabdeh3 arasında bağlandığından, habelə digər cavabdehlərin həmin sazişdə iradə ifadəsi bildirilmədiyindən iddia tələbi digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmçinin, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh3 1014,18 (bir min on dörd manat, on səkkiz qəpik) manat məbləğində pul, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" QSC-yə ödənilməli, iddia tələbi digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh3 1014,18 (bir min on dörd manat, on səkkiz qəpik) manat məbləğində pul, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" QSC-yə ödənilsin. İddia tələbi digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar