Məhkəmə qərarları › İş №2(006)-3125/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3125/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3125/2021 26.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 qızına, Cavabdeh2nə və Cavabdeh3 qarşı «kredit borcunun tutulması»na dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 qızına, Cavabdeh2nə və Cavabdeh3 qarşı «kredit borcunun tutulması»na dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, İddiaçı ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 14.03.2016-cı il tarixli, 2-14-03-2016-El-AS nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana 240 ay müddətinə, illik 8 faiz dərəcəsi ilə hesablanmaqla 203.935 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi üçün Bank Cavabdeh2, Cavabdeh3 ilə 14.03.2016-cı il tarixli, 2-14-03-2016-El- AS saylı zaminlik müqaviləsi bağlamışdır. Borclu Cavabdeh1 tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər heç bir nəticə verməmiş və filial tərəfindən verilmiş arayışa əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə banka borcu 195.754,04 manat əsas, 44579,02 manat faiz, cəmi 240.333,06 manat məbləğində borcları mövcuddur. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 qızından, Cavabdeh2ndən, Cavabdeh3 iddiaçı “Azərbaycan Baynəlxalq Bankı" ASC-nin xeyrinə 195.754,04 manat əsas, 44.579,02 manat faiz, cəmi 240.333,06 manat məbləğində kredit borcunun, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilərək, cavabdehlər Cavabdeh1 qızından, Cavabdeh2ndən, Cavabdeh3 iddiaçı “Azərbaycan Baynəlxalq Bankı" ASC-nin xeyrinə 195.754,04 manat əsas, 47.798,15 manat faiz, cəmi 243.552,19 manat məbləğində kredit borcunun, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X1 iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 14.03.2016-cı il tarixli, 2-14-03-2016-El-AS saylı təminatlı kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh1 240 ay müddətinə, illik 8 faiz dərəcəsi ilə hesablanmaqla 203.935 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 14.03.2016-cı il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh2 və Cavabdeh3 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşlər. Həmçinin, işin materiallarında olan İddiaçı ASC tərəfindən 19 mart 2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 banka 195.754,04 manat əsas, 47.798,15 manat faiz, cəmi 243552,19 manat məbləğində borcu vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 14.03.2016-cı il tarixli, 2-14-03-2016-El-AS saylı təminatlı kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh1 240 ay müddətinə, illik 8 faiz dərəcəsi ilə hesablanmaqla 203.935 manat məbləğində kredit verilmiş, zaminlər Cavabdeh2 və Cavabdeh3 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşlər, cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların banka 195.754,04 manat əsas, 47.798,15 manat faiz, cəmi 243.552,19 manat məbləğində borcları qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmçinin, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 qızı, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 195.754,04 (bir yüz doxsan beş min yeddi yüz əlli dörd manat, dörd qəpik) manat əsas borc, 47.798,15 (qırx yeddi min yeddi yüz doxsan səkkiz manat, on beş qəpik) manat faiz borcu, habelə 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) qəpik xidmət haqqının əvəzi olmaqla, cəmi 243.582,59 (iki yüz qırx üç min beş yüz səksən iki manat, əlli doqquz qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 qızı, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 195.754,04 (bir yüz doxsan beş min yeddi yüz əlli dörd manat, dörd qəpik) manat əsas borc, 47.798,15 (qırx yeddi min yeddi yüz doxsan səkkiz manat, on beş qəpik) manat faiz borcu, habelə 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) qəpik xidmət haqqının əvəzi olmaqla, cəmi 243.582,59 (iki yüz qırx üç min beş yüz səksən iki manat, əlli doqquz qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar