Məhkəmə qərarları › İş №2(006)-3129/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3129/2022

02.08.2022 · Müqavilələrin məcburi bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3129/2022 02.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi əvvələr X1 mülkiyyətində olmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 aprel 2009-cu il tarixli qətnaməsinə uyğun olaraq, 19,0 kv.m yaşayış sahəsi, 29,7 kv.m ümumi sahəsi olan iki otaqlı ev, açıq hərracdan satılaraq iddiaçının xüsusi mülkiyyətinə keçmiş, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli müvafiq çıxarış alınmışdır. Həmin qətnamədən X4 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2327/2019 saylı, 26 fevral 2019-cu il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-8210/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X4 və ailə üzvlərinin evdən istifadə hüquqlarına xitam verilmiş, adıçəkilən evdən çıxarılması qət edilmişdir. X4 uzun müddət evi boşaltmamış, nəhayət xx.xx.2022-ci il tarixində X.Ə.Quliyeva və ailə üzvləri Yasamal rayon İcra şöbəsinin icra məmurları tərəfindən adı çəkilən fərdi yaşayış evindən çıxarılmış, ev təhvil verilmişdir. Yasamal rayonu Enerji Təchizatı və Satışı İdarəsinin verdiyi abonent haqqında olan arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün xx.xx.2007-ci ildən xx.xx.2022-ci il tarixinədək abonent X2 **********80X5 saylı kod üzrə 801,57 manat borcu yaranmışdır. Cavadehin evdən çıxarılma barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra yəni, xx.xx.2019-cu il tarixində Yasamal rayonu Enerji Təchizatı və Satışı İdarəsinə ərizə verilərək adı çəkilən evin işıq təminatının dayandırılması və yaranmış borcun X.Ə. Quliyevadan tələb edilməsi xahiş edilmişdir. Lakin İdarə bu xahişə əməl etməmiş, ona görə də X.Ə. Quliyevanın xx.xx.2022- ci il tarixinə 801,57 manat borcu yaranmışdır. Ev təhvil verildikdən sonra, yəni xx.xx.2022-ci il tarixində enerjinin kəsilməməsi üçün tərəfindən həmin X.Ə.Quliyevanın abonent koduna elektrik enerjisindən onun istifadəsinə görə 84,12 manat pul da keçirilmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində ərizə ilə "xxxx" ASC-yə müraciət edilmişdir. Lakin bu günə kimi cavabdeh "xxxx" ASC ərizəyə baxaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün iddiaçı ilə abonent müqaviləsi bağlamamış, abonent kodu verməmiş və **********80005 saylı abonent kodu üzrə 801,57 manat borcu X.Ə.Quliyevaya aid etməmişdir. Mənzilin iddiaçıya təhvil verildiyi vaxtdan enerjinin kəsilməməsi üçün tərəfindən X.Ə.Quliyevanın abonent koduna xx.xx.2022-ci il tarixində 84.,2 manat pul da ödənilmişdir. Yəni iddiaçının üzərinə digər şəxsin istifadə etdiyi elektrik enerjisindən istifadə haqqını-borcu ödəmək vəzifəsi qoyula bilməz. İddiaçının cavabdeh "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixində yazılı ərizə ilə müraciətinə uyğun olaraq adıçəkilən ünvana elektrik enerjisi verilişi əməliyyatının dayandırmaması, bu barədə tədbirlər görməli olduğu halda bunu etməməsi, sonda qeyd olunan hərəkətsizliyi onun şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş və iddiaçı bu illər ərzində mənəvi sartsıntılar keçirmişdir ki, bu mənəvi zərərin əvəzi olaraq cavabdehdən 500 (beş yüz) manat mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Cavabdeh "xxxx" ASC-nin Yasamal rayonu Enerji Təchizatı və Satışı İdarəsinə xx.xx.2019-cu il tarixində ərizə verərək və mülkiyyət sənədi və məhkəmə qətnaməsi əlavə edərək adı çəkilən evin işıq təminatının dayandırılması xahiş edilmiş, lakin cavabdeh bu müraciətə əməl etməmiş, ona görə də cavabdehin təqsiri üzündən bu gün iddiaçı məhkəmə mübahisəsi açmağa məcbur olmuşdur. 4 saylı Vəkil bürosu ilə bağlanılmış müqaviləyə uyğun olaraq "xxxx" ASC vasitəsi ilə vəkil bürosuna xx.xx.2022ci il tarixində ödənilmiş 200 (iki yüz) manat pul vəsaiti və dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən cavabdeh "xxxx" ASC-nin üzərinə İddiaçı ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanılması, abonent kodunun verilməsi vəzifəsinin qoyulması, iddiaçının vəkilinin göstərdiyi hüquqi yardıma görə ödədiyi 200 manat pul və dövlət büdcəsinə ödədiyi 30 manat pul, xx.xx.2022-ci il tarixli qəbzlə cavabdehə ödənilmiş 84,12 manat pul, mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat pul, cəmi olaraq 814,12 manat pulun cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi, cavabdeh "xxxx" ASC ilə X4 arasında bağlanılmış müqavilə üzrə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün xx.xx.2007-ci ildən xx.xx.2022-ci il tarixinədək A180742992M28609 saylı sayğac və **********80005 saylı abonent kodu üzrə 801,57 manat borcun adı çəkilən tərəflərin özlərinə aid edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddia tələbinə etirazını bildirərək, təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 653 saylı reyestr kitabının 59896 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, ünvan 1-in giriş qapısının açarı dəyişilməklə xx.xx.2022-ci il tarixdə İddiaçı təhvil verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, Xuraman Quliyevaya məxsus ünvan 2 ünvanına dair cəmi 801,57 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Xuraman Quliyevaya məxsus **********80005 saylı abonent kodu üzrə 84,12 manat pul "xxxx" ASC-nin hesabına ödənilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı 4 saylı Vəkil Bürosunun hesabına 200 manat pul köçürmüşdür. Əsaslandırıcı hissə: Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Elektrik enerjisindən istifadə qaydaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 2 fevral 2005-ci il tarixli Qərarın 7.9-cu bəndinə və «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qeyd olunan Qərarın 7.6-cı bəndində təsbit olunmuşdur ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlər ilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Göründüyü kimi ünvan 1 xx.xx.2022-ci il tarixdə İddiaçı təhvil verilmişdir. Halbuki, həmin tarixədək həmin mənzildə elektrik enerjisinin istehlakçısı X4 olmuşdur. Beləliklə iş materiallarından göründüyü kimi 84,12 manat əlavə ödəniş, habelə 801,57 manat borc iddiaçı ünvan 1-ə sahiblik etdiyi dövr üçün yox, əvvəlki mülkiyyətçisi X1 həmin evdə yaşadığı dövr üçün hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, **********80005 saylı abonent koduna hesablanmış 801,57 manat məbləğində borc iddiaçıdan tələb edilə bilməz. Həmçinin, ödənilmiş 84,12 manat ödəniş iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə iddianın “elektrik enerjisinin alqı-satqısına dair abonent müqaviləsinin bağlanması və abonent kodunun verilməsi vəzifəsinin "xxxx" ASC-nin üzərinə qoyulması” tələbi ilə bağlı qeyd edir ki, iddia bu hissədə təmin olunmalı, iddiaçı ünvan 1-in mülkiyyətçisi olduğundan, adına elektrik enerjisinin alqı-satqısına dair müvafiq müqavilənin bağlanması və abonent kodunun verilməsi vəzifəsi "xxxx" ASC-nin üzərinə öhdəlik kimi qoyulmalıdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cavabdehə qarşı iddia qaldırması üçün hüquqi xidmət göstərməsi məqsədi ilə Bakı şəhəri 4 saylı Vəkil Bürosuna 200 manat və dövlət rüsumu kimi 30 manat ödəmişdir. Ona görə iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir. Məhkəmə iddia tələbinin “mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara görə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdeh "xxxx" ASC-nin üzərinə İddiaçı ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanılması, abonent kodunun verilməsi vəzifəsi qoyulmalı, iddiaçının vəkilinin göstərdiyi hüquqi yardıma görə ödədiyi 200 (iki yüz) manat, dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat, xx.xx.2022-ci il tarixli qəbzlə ödənilmiş 84,12 (səksən dörd manat, on iki qəpik) manat pul, cəmi 314,12 (üç yüz on dörd manat, on iki qəpik) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməli, cavabdeh "xxxx" ASC ilə X4 arasında bağlanılmış müqavilə üzrə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün xx.xx.2007-ci ildən xx.xx.2022-ci il tarixinədək A180742992M28609 saylı sayğac və **********80005 saylı abonent kodu üzrə 801,57 (səkkiz yüz bir manat, əlli yeddi qəpik) manat borc adı çəkilən tərəflərin özlərinə aid edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin üzərinə İddiaçı ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanılması, abonent kodunun verilməsi vəzifəsi qoyulsun. İddiaçının vəkilinin göstərdiyi hüquqi yardıma görə ödədiyi 200 (iki yüz) manat, dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat, xx.xx.2022-ci il tarixli qəbzlə ödənilmiş 84,12 (səksən dörd manat, on iki qəpik) manat pul, cəmi 314,12 (üç yüz on dörd manat, on iki qəpik) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. Cavabdeh "xxxx" ASC ilə X4 arasında bağlanılmış müqavilə üzrə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün xx.xx.2007-ci ildən xx.xx.2022-ci il tarixinədək A180742992M28609 saylı sayğac və **********80005 saylı abonent kodu üzrə 801,57 (səkkiz yüz bir manat, əlli yeddi qəpik) manat borc adı çəkilən tərəflərin özlərinə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar