Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-313/2022 04.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3, cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “bank əməliyyatlarının etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “bank əməliyyatlarının etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsinin 21.12.2017-ci il tarixli, 2(010)-1031/2017 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin iddiası qismən təmin edilərək, iddiaçıdan 30.434,47 ABŞ dolları əsas, 3.266,63 dollar faiz və 500 ABŞ dolları cərimə olmaqla, cəmi 34.201,1 ABŞ dollarının tutulması, tutulan məbləğin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 85 nömrəli mənzilin satışından əldə ediləcək vəsait hesabına ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 06.06.2018-ci il tarixli, 2(103)-4458/2018 saylı qətnaməsi birinci instansiya məhkəməsinin qətnaməsi və Ali Məhkəmənin 23.01.2019-cu il tarixli, 2(102)-475/2019 saylı qərarı ilə apelyasiya instansiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddianın əsası kimi 22.11.2013-cü il tarixli, 23-3073 saylı əsas kredit müqaviləsi əsasında imzalanmış 13.11.2015ci il tarixli, 23-4617 saylı əlavə kredit müqaviləsi göstərilmişdir. İddiaçı iş məhkəmədə olan zaman Azərbaycan Respublikasında olmamağı və iş materialları ilə tanış olmamağı səbəbindən həmin işdə "xxxx" ASC-nin məhkəməyə saxta sübutların təqdim etdiyini görməmişdir. Daha sonra, iş icrada olduğu zaman, borc məbləğinin real borcdan dəfələrlə çox olduğunu araşdıran zaman, məhkəmə qərarlarını oxuyarkən, məhkəmə tərəfindən saxta sənədlərə istinad edildiyini aşkar etdi. Belə ki, iddiaçı tərəfindən həqiqətən 22.11.2013-cü il tarixli, 23-3073 saylı əsas kredit müqaviləsi imzalanmış və bu kredit müqaviləsi əsasında da 2013-cü ildə 40.000 ABŞ dolları kredit götürülərək 2014-cü ildə tam və 2014-cü ilin noyabr ayında 40.000 ABŞ dolları götürərək 2015-ci ilin kredit vəsaitinin də böyük hissəsi ödənildikdən sonra, təqribən 2000-3000 ABŞ dolları arası borcu qalmışdır. Lakin, yuxarıda adı çəkilən məhkəmə qərarlarında istinad edilən 13.11.2015-ci il tarixli, 23-4617 saylı əlavə kredit müqaviləsi tərəfindən imzalanmamış və həmin kredit tərəfindən götürülməmişdir. Ən əsası isə, həmin kredit müqaviləsinin imzalandığı tarixdə iddiaçı işi ilə əlaqədar olaraq Ukrayna Respublikasında olmuşdur. Yəni faktiki olaraq mövcud olmayan müqavilə əsasında iddiaçıdan pul tutulmuşdur. Kredit müqaviləsi qanunvericiliyin tələblərinə əsasən yazılı tərtib olunan əqd olmaqla, tərəflərin imzası ilə təsdiq edildikdən sonra bağlanmış hesab edilir. Qanunvericiliyin tələblərinə əsasən, 13.11.2015-ci il tarixli, 23-4617 saylı əlavə kredit müqaviləsi o zaman əqd (müqavilə) qüvvəsini almış olardı ki, həmin müqavilənin şərtləri tərəflərin iradə ifadəsi ilə və şərtləri razılaşdırılmaqla hər bir tərəf imzalamış olardı. 13.11.2015-ci il tarixli, 23-4617 saylı əlavə kredit müqaviləsi iddiaçı tərəfindən imzalanmadığından, yəni müqavilə- əqd üzrə iddiaçı iradəsini ifadə etmədiyindən, bu müqavilə-əqd mövcud ola bilməz. İddianın predmetini təşkil edən 13.11.2015-ci il tarixli, 23-4617 saylı əlavə kredit müqaviləsi hal-hazırda Suraxanı Rayon Məhkəməsinin 2(010)-1031/2017-ci il saylı iş materiallarında və cavabdehdə saxlanıldığından onun əldə edilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən "xxxx" ASC-nin sənədləri və balansında İddiaçı ilə bağlanıldığı kimi göstərilən 13 noyabr 2015-ci il tarixli, 23-4716 saylı əlavə kredit müqaviləsinin (əqdin) mövcud olmaması səbəbindən həmin müqavilə əsasında aparılmış bank əməliyyatlarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X5 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iddia tələbinin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 22.11.2013-cü il tarixli, 23-3073 saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank tərəfindən İddiaçı 120 ay müddətinə, 100.000 ABŞ dolları məbləğində kredit xətti ayrılmışdır. İşin materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 13.11.2015-ci il tarixli, 23-4716 saylı əlavə kredit müqaviləsinin surətindən görünür ki, Bank tərəfindən İddiaçı 06 ay müddətinə, illik 24 faizlə, 34300 ABŞ dolları məbləğində kredit verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1653 №-li, 27 dekabr 2021-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(010)-1031/2017 saylı mülki işin 2-ci cildinin 13-cü vərəqində yerləşən "xxxx" ASC ilə İddiaçı adlarından olan 13.11.2015-ci il tarixli, 23-4716 nömrəli əlavə kredit müqaviləsində “borcalan: İddiaçı” qrafasından aşağı hissədə “(imza)” qrafasındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 138 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında 13 noyabr 2015-ci il tarixli əlavə kredit müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı əlavə kredit müqaviləsinin onun tərəfindən imzalanmadığını əsas gətirərək həmin müqavilə əsasında aparılmış bank əməliyyatlarının etibarsız hesab olunmasını tələb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı heç kəsin təzyiqi olmadan, könüllü şəkildə Bank ilə əlavə kredit müqaviləsi bağlamışdır. Belə ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, 13.11.2015-ci il tarixli, 23-4716 nömrəli əlavə kredit müqaviləsində “borcalan: İddiaçı” qrafasından aşağı hissədə “(imza)” qrafasındakı imza - İddiaçı tərəfindən icra olunması müəyyən edilmişdir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Eyni Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Məhkəmə qeyd edir ki, iddiaçı tələblərinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı irəli sürdüyü tələblə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Qeyd olunan işə baxılarkən hazırki işdə iddiaçı tərəfindən mübahisələndirilən əlavə kredit müqaviləsinə də hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. MPM-in 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Belə olan halda, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “bank əməliyyatlarının etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 138 (bir yüz otuz səkkiz) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “bank əməliyyatlarının etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 138 (bir yüz otuz səkkiz) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-313/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-313/2022
04.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver