Məhkəmə qərarları › İş №2(006)-3132/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3132/2022

24.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3132/2022 24.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş 200.000 (iki yüz min) manat məbləğində maddi ziyanın və 100.000 (yüz min) manat mənəvi ziyanın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2834/2022 saylı,xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi" tələbinə dair 2(060)-2834/2022 saylı mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2014-cü ilin mart ayından həmin ilin sentyabr ayına qədər müvəqqəti olaraq Sumqayıt şəhərində mənzillərə kameraların quraşdırılması ilə məşğul olmuşdur. Həmin dövrdə zərərçəkmiş X2 mənzilinə kamera çəkilməsi ilə bağlı onunla tanış olmuşdur. Akifin mənzilinə kameranı çəkmişdir və pulunu da tam şəkildə almışdır. Kameranı çəkərkən onunla məlum olub ki, onların uzaq qohumluq əlaqələri var. İddiaçı Akifin öz təşəbbüsü ilə ondan 3000 (üç min) manat faizə pul almışdır ki, işlərini genişləndirsin. 4 ayda ona hər ay 600 (altı yüz) manatdan faiz vermişdir. Avqust ayının sonu sentyabr ayının əvvəllərində iddiaçı Akifə məlumat vermişdir ki, burada işləri alınmır, Türkiyə Respublikasında ona iş təklif ediblər və o getməlidir. Həmçinin, bildirmişdir ki, ora çatan kimi ona məlumat verəcək və pulu da hissə-hissə göndərəcək. Getməmişdən əvvəl də ona əlavə olaraq 500 (beş yüz) manat faizə pul vermişdir. Əslində iddiaçı Akifdən aldığı pulu tam şəkildə qaytarmışdır. O, 2014-cü ilin sentyabr ayının 12-də Azərbaycanı tərk etmişdir. Türkiyə Respublikasına çatdıqdan sonra Akifə orada olması barədə məlumat vermişdir və Türkiyə Respublikasında işlətdiyi nömrəni də ona bildirmişdir. 2014-cü ilin oktyabr ayının sonlarında Akif iddiaçıya zəng edib qardaşının rəhmətə getdiyini və pulunun hamısını təcili qaytarmasını bildirmişdir. İddiaçı isə Akifə 5 ay faiz verdiyini və ona borcunun olmadığını bildirmişdir. Əgər qaytardığı faizləri faiz kimi qəbul edib pulunu nağd istəyirsə, indi imkanının olmadığını qeyd etmişdir. Bundan sonra onların əlaqələri kəsilmiş, iddiaçı da Türkiyə Respublikasından Rusiya Federasiyasına getmişdir. 2016-cı ilin iyun ayına qədər Akiflə heç bir əlaqələri olmamış və bu müddət ərzində də Akif iddiaçıdan heç bir orqana şikayət etməmişdir. Belə ki, şikayət etmək üçün də heç bir əsası olmamışdır. Lakin sonradan, yəni 2016-cı ilin iyun ayında Akif heç bir həqiqəti əks etdirməyən, tam yalan və iftiradan ibarət şikayət ərizəsi ilə Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. İlk olaraq Sumqayıt şəhər Polis İdarəsi cinayət işinin başlanmasını rədd etmişdir. Lakin həmin dövrdə Sumqayıt şəhər prokuroru vəzifəsində işləyən Sərdar İmanov tərəfindən xx.xx.2016-cı il tarixdə X2 müraciəti əsasında fakta görə Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə icraat bir neçə dəfə dayandırılmış və təzələnmişdir. Sonuncu dəfə cinayət işinin icraatı xx.xx.2018-ci il tarixdə təzələnmişdir. xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsi tərəfindən iddiaçının barəsində 1 ay müddətinə qiyabi həbs qətimkan tədbiri seçilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə Rusiya Federasiyasında konkret olaraq Moskva şəhərində axtarışda olması barədə məlumat almış və həmin gün də həbs edilmişdir. 8 ay 12 gün sonra Azərbaycan Respublikasına ekstradisiya edilmişdir. xx.xx.2019-cu il tarixdən cinayət işi xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhər prokuroru vəzifəsində işləyən Sərdar İmanovun icraatına qəbul edilərək təzələnmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə iddiaçıya ittiham elan edilmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Rüstəm Usubov tərəfindən cinayət işinin ibtidai istintaq müddətinin xx.xx.2020-ci il tarixədək uzadılması barədə təqdimat verilmişdir. xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhər Məhkəməsi tərəfindən iddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2020-ci il tarixədək uzadılmışdır. xx.xx.2019-cu il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən iddiaçının barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-4/2021 saylı, xx.xx.2021ci il tarixli hökmü (hakim: E.Q.Məmmədov) ilə iddiaçıya Azərbaycan Respublikasının CMnin 178.2.4-cü maddəsi ilə bəraət verilmişdir. Həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının iddiaçıya izah edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-272/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı (hakim: E.M.Əhmədov) ilə iddiaçıya Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə bəraət verilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin 1(060)-4/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti və zərərçəkmiş şəxs Akif Qocayevin apellyasiya şikayəti təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-71/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı (hakim: T.L.Kazımov) ilə kassasiya protesti və kassasiya şikayəti təmin edilməmiş, iddiaçının barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, zərəçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həbs olunması ilə bağlı iddiaçının ilk öncə Rusiya Federasiyasında qurduğu işi bir anın içində məhv edilmişdir. 2015-ci il tarixdən tutulan günə qədər, yəni xx.xx.1019-cu il tarixinə qədər işləmiş, hər ay ən azından milli valyutada 5000 (beş min) manat civarında pul qazanmışdır. Belə ki, bu məbləğdən aşağı pul qazanmaqla orada yaşamaq da mümkün deyil. Həmin məbləğ ilə kirayə ev tutmuş, yeməyi, içməyi və s. ilə birlikdə bəzən qazancı 5000 (beş min) manatdan yuxarı olmuşdur. xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci ilə qədər, yəni sərasər 3 il ərzində heç bir yerdə işləməmişdir. Belə ki, onun barəsində Ali Məhkəmənin sonuncu qərarı xx.xx.2022-ci il tarixdə qəbul edilib. Bu müddət ərzində Rusiya Federasiyasındakı işini itirməklə yanaşı, iddiaçı anasına da ağır bir yük olmuşdur. Ev dustaqlığına buraxılana qədər Gədəbəy rayonundan tez-tez Bakıya İstintaq Təcridxanasına yanına gedib-gəlmələr, istər istintaq dövrü, istərsə də birinci instansiya məhkəməsi üçün vəkillə müqavilə bağlamaq anasına təqribən 7000 (yeddi min) manata başa gəlib. Bütün bunlarla yanaşı, iddiaçı ağlasığmaz dərəcədə mənəvi zərər çəkmişdir. Tam bədbinləşmiş, dövlət orqanlarının heç bir məntiqi əsası olmayan bir ərizə əsasında iddiaçını başqa ölkədə həbs etdirib, ekstradisiyasını 8 ay gecikdirərək iddiaçıya mənəvi iztirab vermələri, iddiaçının dövlət orqanlarına qarşı münasibətini dəyişmişdir. Bu hadisələrə görə o, ailə də qura bilməmişdir. 3 il ərzində hər ay ən azı 5000 (beş min) manat gəlirdən məhrum edilmişdir. Bu isə 180.000 (yüz səksən min) manat məbləğ təşkil edir. 3 il ərzindəki mənəvi zərəri isə 100.000 (yüz min) manat həcmindədir. Bir sözlə iddiaçı hesab edir ki, ona dəymiş maddi və mənəvi ziyan 300.000 (üç yüz min) manat civarında hesablanmalıdır. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı yaşayış yeri üzrə Gədəbəy rayonunun Slavyanka kəndində qeydiyyatdadır. Mülki işin materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 11 saylı MKS-nin 340 №-li arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən evdə yaşayır. Mülki işin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-252/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, təqdimat təmin edilmiş, ********* saylı cinayət işi üzrə xx.xx.1989-cu ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Gədəbəy rayonu, Slavyanka kəndində qeydiyyatda olan və yaşamış, Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən İddiaçı barəsində 1(bir) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Mülki işin materiallarında olan Moskva şəhəri Naqatinski Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı barəsində 01 ay 00 gün müddətinə, yəni 2017-ci ilin mart ayının 17-dək həbs qətimkan tədbiri seçilmişdir. Mülki işin materiallarında olan Moskva şəhəri Naqatinski Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Moskvanın Zyablikovo rayonunda Rusiya DİN-nin ODŞ-nin müstəntiqi tərəfindən saxlanılıb və Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən axtarılan təqsirləndirilən şəxs İddiaçı barəsində həbsdə saxlama müddəti 05 ay 00 gün, ümumilikdə isə 06 ay 00 gün müddətinə qədər, yəni 2019-cu ilin avqustun 18-i daxil olmaqla uzadılmışdır. Mülki işin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-273/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri istintaq müddətinin sonunadək, yəni xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Mülki işin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-274/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsinə dair təqsirləndirilən şəxs İddiaçı Vəkil vəsatəti təmin edilməmişdir. Mülki işin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 4(105)- 94/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-274/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Mülki işin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-4/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə bəraət verilmiş, onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilmişdir. Mülki işin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)- 272/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə bəraət verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-4/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti və zərərçəkmiş şəxs Akif Qocayevin apellyasiya şikayəti təmin olunmamışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)- 71/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti və kassasiya protesti təmin edilməmiş, bəraət almış şəxs İddiaçı barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərəçəkmiş şəxs (mülki iddiaçı) və onun nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, X2 müraciəti əsasında İddiaçı barəsində Sumqayıt şəhər prokuroru S.İmanov tərəfindən xx.xx.2016-cı il tarixdə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə icraat bir neçə dəfə dayandırılmış və təzələnmişdir. Sonuncu dəfə cinayət işinin icraatı xx.xx.2018-ci il tarixdə təzələnmişdir. xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsi tərəfindən iddiaçının barəsində 1 ay müddətinə qiyabi həbs qətimkan tədbiri seçilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində axtarışda olması barədə məlumat almış və həmin gün də həbs edilmişdir. 8 ay 12 gün sonra Azərbaycan Respublikasına ekstradisiya edilmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə iddiaçıya ittiham elan edilmişdir. xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhər Məhkəməsi tərəfindən iddiaçının barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2020-ci il tarixədək uzadılmışdır. xx.xx.2019-cu il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən iddiaçının barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Sonradan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-4/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə iddiaçıya Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə bəraət verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-272/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçıya Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə bəraət verilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin 1(060)-4/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti və zərərçəkmiş şəxs Akif Qocayevin apellyasiya şikayəti təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-71/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya protesti və kassasiya şikayəti təmin edilməmiş, iddiaçının barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə zərəçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, İddiaçı 18 fevral 2019-cu il tarixdən 28 noyabr 2019-cu il tarixədək (9 (doqquz) ay 10 (on) gün müddətində) həbsdə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci tarixədək (1 (bir) il 2 (iki) ay 7 (yeddi) gün) isə ev dustaqlığında qanunsuz olaraq saxlanılmışdır. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyriqanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarının içərisində ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır: Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı məhrum olduğu gəlirlərə, hüquqi yardıma görə vəkillə müqavilə bağlanmasına, yol xərcinə görə ona 200.000 (iki yüz min) manat məbləğində ziyan dəydiyini bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. Belə ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Belə sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyi üçün məhkəmə tərəfindən iddia tələbinin maddi zərər hissəsinə münasibətdə rədd edilməsi üçün əsasdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsinin aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 15000 (on beş min) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, İddiaçı 9 (doqquz) ay 10 (on) gün həbsdə, 1 (bir) il 2 (iki) ay 7 (yeddi) gün ev dustaqlığında qanunsuz olaraq saxlanılması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən 100.000 (yüz min) manat məbləğdə ödənilməsi ağlabatan deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 15.000 (on beş min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 15.000 (on beş min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar