Məhkəmə qərarları › İş №2(006)-3145/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3145/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3145/2021 24.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı və cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 1800 manat məbləğində əmanətin, 150 manat əmanət faizinin, 30 manat ödənilmiş dövlət rüsumunun və mənəvi zərərə görə 1000 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətanmə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə İddiaçı arasında 18 avqust 2016-cı il tarixli 12-26884-15 №-li əmanət müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən, 1800 (bir min səkkiz yüz) manat məbləğində əmanət, banka 12 ay müddətinə illik 12%-lə yerləşdirilərək sığortalanmışdır. Müqavilənin 4.3-cü maddəsinə görə müqavilə müddətinin sonuncu gününədək əmanət geri götürülmədikdə, bank isə müqavilə müddətinin uzadılmasına razı olduqda müqavilə növbəti gündən etibarən eyni müddətə eyni şərtlərlə uzadılmış hesab olunur. Bu əsaslada həmin müqavilə 19 avqust 2019-cu il tarixində 12 ay müddətinə əmanətin illik faiz dərəcəsi 10.5 % olmaqla uzadılmışdır. Sonradan xxxx ASC bağlandığı üçün iddiaçı həmin əmanətini geri götürmək qərarına gəlmiş və bunun üçün o, 06.08.2020-ci il tarixdə ərizə ilə Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək əmanətinin tam şəkildə geri qaytarılmasını tələb etmişdir. Lakin cavabdeh Əmanətlərin Sığortalanması Fondu bu günədək iddiaçının əmanətini geri qaytarmamış və bundan imtina barədə məktub ünvanlamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iddia tələbinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: «xxxx» ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış 18.08.2016-cı il tarixli 12- 26884-15 saylı Bank əmanəti müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 1800 manat) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Ləğv prosesində olan «xxxx» ASC-nin İddiaçı ünvanladığı 03.11.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçı ilə “xxxx" ASC arasında bağlanmış 12-26884-15saylı, 18.08.2016-cı il tarixli “Əmanət müqaviləsi"nə əsasən banka illik 12% dərəcəsi ilə, 12 ay müddətinə 1800 (Bir min səkkiz yüz) manat məbləğində əmanət yerləşdirilmiş və həmin müqavilənin 4.3-cü bəndinin məzmununa əsasən müqavilə müddətinin sonuncu gününədək əmanət əmanətçi tərəfindən tələb olunmazsa bank müqavilə müddətinin uzadılmasına razı olduqda növbəti gündən etibarən müqavilə eyni müddətə eyni şərtlər daxilində uzadılmış hesab olunur. Müqavilə müddətinin sonuncu günü əmanət məbləği geri tələb edilmədiyinə görə “Əmanət müqaviləsi” 19 avqust 2019-cu il tarixində 12 aylıq müddətinə, əmanətin illik faiz dərəcəsi 10,5% olmaqla avtomatik prolonqasiya edilmişdir. Bundan əlavə, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən 1 iyul 2019-cu il tarixindən etibarən banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi milli valyuta üzrə 10% müəyyən edilmiş və bu səbəbdən əmanət üzrə bank tərəfindən təqvim haqqları ödənilməmiş və əmanəti bankın müvəqqəti inzibatçısı tərəfindən təqdim edilmiş “bankın fiziki şəxslər qarşısında olan öhdəliklərinə dair reyestrdə” kompensasiya olunacaq əmanət kimi göstərilməmişdir. 11.03.2021-ci il tarixli, 4245 nömrəli və 4247 nömrəli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş materiallarından və tərəflərin izahatlarından müəyyən olundu ki, «xxxx» ASC ilə iddiaçı arasında 18.08.2016-cı il tarixli 12-26884-15 saylı Bank əmanəti müqaviləsi bağlanmış və bu müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən 1800 manat məbləğində pul vəsaiti 12 ay müddətinə illik 12% dərəcəsi ilə banka əmanət qoyulmuş, sonradan «xxxx» ASC müflis elan olunmuş, yəni sığorta hadisəsi baş vermiş, bank əmanəti müqaviləsinin 9.2-ci bəndinə əsasən Bank tərəfindən Əmanətçidən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmış, 9.7-ci bəndinə görə isə Əmanətlərin Sığortalanması Fondu tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində kompensasiya ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. 8.1.20-ci maddəsinə əsasən X3 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli Qərarına əsasən, X3 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 01 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X2 2016-cı il 16 sentyabr tarixli qərar ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanması müəyyən edilmişdir. «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Göründüyü kimi, bankla əmanətçi arasında illik 12% dərəcəsi nəzərdə tutulan əmanətin tam sığortalanması ilə əlaqədar müqavilə bağlanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının 2016-cı il tarixdə Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Həmçinin, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış bank əmanəti müqaviləsi 18.08.2016-cı il tarixdən 18.08.2017-ci il tarixədək bağlanmış və müddətin sonunda uzadılmış, iddiaçının xəbəri olmadan əmanət müqaviləsində dəyişiklik edilməklə, müddət uzadılmış və qorunmayan əmanət hesab edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, bank əmanəti müqaviləsinin 4.3-cü və 4.4-cü bəndlərinə əsasən müqavilənin 4.1-ci bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu gün əmanət əmanətçi tərəfindən geri götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab olunur. Belə olan halda məhkəmə hesab edir ki, bank tərəfindən iddiaçının xəbəri olmadan əmanət müqaviləsinə dəyişiklik edilərək qüvvədə olan faiz dərəcəsi tətbiq olunmadan qorunmayan əmanət hesab edilməsi Mülki Məcəllənin və bank əmanət müqaviləsinin şərtlərinə ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Məhkəmə iddia tələbinin «əmanətə hesablanmış 150 manat məbləğində faizin, habelə vurulmuş mənəvi zərərə görə 1000 manat məbləğində pulun cavabdehdən tutulması» hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı həmin tələblərini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək və cavabdehin iddianı qəbul etdiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 18.08.2016-cı il tarixli, 12-26884-15 saylı "Bank əmanəti müqaviləsi"nə əsasən iddiaçının «xxxx» ASC-yə qoyduğu 1800 (bir min səkkiz yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 18.08.2016-cı il tarixli, 12-26884-15 saylı «Bank əmanəti müqaviləsi»nə əsasən İddiaçı «xxxx» ASC-yə qoyduğu 1800 (bir min səkkiz yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar