Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-316/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Ələkbər-zadə Faiq Zakir oğlunun və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hesabından əsassız və qanunsuz olaraq silinən 730 manat pulun cavabdeh “xxxx” ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Ələkbər-zadə Faiq Zakir oğlu iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh “xxxx” ASC-nin “ABB Premyer” Müştəri Xidmətləri ilə bağlanan xx xxxxxx 2012-ci il tarixli müqavilə bağlayaraq kredit kartı vasitəsilə 1500 manat məbləğində 12 ay müddətinə kredit xətti açılmışdır. Müqavilənin şərtlərinə əsasən həmin kredit xətti 1 illik müddətə bağlanmışdır. Maraqlıdır ki, həmin müqavilə əsasında verilən kredit kartından aparılan ödənişlər üzrə iddiaçı sonuncu dəfə 2013-cü il tarixdə əməliyyat aparmışdır ki, həmin tarixdən sonra kartın istifadə müddəti bitdiyi üçün o, daha kredit xəttini uzatmamışdır. Hətta cavabdeh tərəfindən də bu barədə ona hər hansısa pretenziyanın daxil olmaması da iddiaçıda belə bir fikir formalaşdırmışdır ki, onun cavabdehə heç bir borc öhdəliyi qalmamışdır. Lakin 2019-cu ilin noyabr ayında ümumilikdə 730 manat pulun iddiaçıya məxsus olan əmək haqqı kartından silinməsindən sonra o, rəsmi ərizə ilə cavabdehə müraciət edərək bu tutulmanın nə ilə əlaqədar olduğu barədə məlumat verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan məktubdan sonra iddiaçıya aydın olmuşdur ki, aparılan hesabdan çıxılma xx xxxxxx 2012-ci il tarixli kredit xətti müqaviləsinə görə həyata keçirilmişdir. Məktubun mətnindən də görünür ki, xx xxxxxx 2012-ci il tarixli müqavilə məhz 12 ay müddətinə bağlanmışdır və xx xxxxxx 2013-cü il tarixdə müqavilə müddətin bitməsi ilə əlaqədar qüvvədən düşmüşdür. Lakin cavabdeh təşkilat müqavilənin qüvvədən düşməsindən 6 ildən artıq müddətdən sonra iddiaçının hesabından heç bir qanuni əsas olmadan pul silmiş və bunu qüvvədən düşmüş müqavilə üzrə öhdəliklərlə əlaqələndirmişdir. Cavabdehin məhkəmədən kənar qaydada bu vəsaiti geri ödəmək niyyətinin olmadığını gördüyü üçün iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehlə bağlanan xx xxxxxx 2012-ci il tarixli müqavilənin 25.3-cü bəndinə əsasən, banka hüquq verilir ki, Kart sahibinin sərəncamı olmadan, ona yazılı bildiriş göndərilməklə gecikdirilmiş borcun məbləğini Kart sahibinin hesablaşma hesablarından akseptsiz qaydada silsin. Bu halda yazılı bildirişin göndərilməsini poçt qəbzi təsdiqləyəcəkdir. Müqavilənin şərtlərindən də görünür ki, mülki iş üzrə cavabdeh iddiaçının hesablarından hər hansısa tutmanı aparmaq üçün əvvəlcə bu barədə iddiaçıya yazılı bildiriş göndərməli və bundan sonra tutmanı həyata keçirməli idi. Lakin müqavilənin müddətinin bitdiyi vaxtdan, yəni 2013-cü il tarixdən bu günə kimi bu barədə cavabdehdən iddiaçıya hər hansısa bir məktub daxil olmamışdır. Hətta belə bir bildiriş olmuş olsaydı belə, artıq 7 ilə yaxın bir müddətdən sonra pulun tutulması düzgün hesab edilə bilməz. Bu səbəbdən də əsassız yerə hesabından silinən vəsait iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçıdan müqavilə öhdəliklərinə uyğun pul tutulmuşdur. Öhdəliyini yerinə yetirməmiş, ona görə də silinmə aparılmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli kredit xətti müqaviləsindən görünür ki, bank kart sahibinə kredit kartı vasitəsilə 1500 manat məbləğində 12 ay müddətinə kredit xəttinin açılmasını, kart sahibi isə bu müqavilədə göstərilən müddətdə və qaydada kredit vəsaitini banka qaytarmağı, o cümlədən, kredit üzrə hesablanacaq faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” ASC tərəfindən İddiaçı ünvanlanan xx.xx.2020-ci il tarixli, 13/370 saylı məktubdan görünür ki, X3 ilə “xxxx” ASC Müştəri Xidməti Departamenti arasında xx xxxxxx 2012-ci il tarixində 12 ay müddətinə 1500 AZN məbləğində kredit kartının alınması və istifadəsinə dair müqavilə rəsmiləşdirilmişdir. Həmin müqavilənin 3.4cü bəndinə əsasən, kart sahibi bu müqavilədə göstərilən müddətdə və qaydada kredit vəsaitini Banka qaytarmağı, o cümlədən kredit üzrə hesablanacaq faizlərin ödənilməsini öhdəsinə götürür. Eyni zamanda müqavilənin 20-ci bəndinə əsasən, istifadə edilmiş kredit vəsaiti üzrə kart sahibinə əməliyyatın hesabdan keçməsi tarixindən 30 təqvim gününədək möhlət müddəti təyin edilir və həmin müddət ərzində istifadə edilmiş kredit vəsaitinə faiz hesablanmır. Kart sahibi möhlət müddəti başa çatdıqdan sonra istifadə edilmiş kredit vəsaitini qaytarmadığı təqdirdə, həmin məbləğə (istifadə edilən günlərin sayına mütənasib olaraq) illik 22% həcmində faiz hesablanır. Məktub yazılan tarixə X1 “xxxx” ASC qarşısında sözü gedən kredit müqaviləsi üzrə borc öhdəliyi yoxdur. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildi ki, İddiaçı ilə “xxxx” ASC arasında xx xxxxxx 2012-ci il tarixli kredit xətti müqaviləsi bağlanmış, bank kart sahibinə kredit kartı vasitəsilə 1500 manat məbləğində 12 ay müddətinə kredit xəttinin açılmasını, kart sahibi isə bu müqavilədə göstərilən müddətdə və qaydada kredit vəsaitini banka qaytarmağı, o cümlədən, kredit üzrə hesablanacaq faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə yaranan borca görə əmək haqqı kartından əsassız olaraq silinən 730 manat pulun cavabdeh “xxxx” ASC-dən tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə könüllü şəkildə müqavilə bağlamaqla həmin müqavilədə nəzərdə tutulan şərtlərə öz razılığını ifadə etmiş, bununla da kredit borcunun ödənilməsi üzrə öhdəlik götürmüş, lakin borcun ödənilməsi ilə bağlı öhdəliyini lazımi qaydada icra etmədiyindən yaranmış borc onun əmək haqqına yönəldilməklə iddiaçıdan tutulmuşdur. Hazırda iddiaçı bankın onun hesabından tutduğu 730 manat pulun geri qaytarılmasını tələb etsə də, qeyd olunan borcun əsassız tutulması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının iddia müddətinin keçməsinə istinadən borcun tutulmasının əsassız olduğuna dair gətirdiyi dəlillərə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci və 373.2-ci maddələrinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Bu hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Qərarda həmçinin qeyd olunur ki, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Mülki Məcəllə; maddə 375.2.). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə, məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Qeyd edilən maddi hüquq normalarının, həm də Konstitusiya Məhkəməsinin mövqeyindən müəyyən olunur ki, iddia müddətinin tətbiqi, iddiaçının məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etməsi və iddia tələbinin yönəldiyi tərəfin “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə verməsindən asılıdır. Lakin hazırki iş çərçivəsində bu hallar müşahidə olunmur. Belə ki, iş üzrə cavabdeh olan Bank borcun iddiaçıdan tutulması məsələsini məhkəmə qaydasında mübahisələndirməmiş, başqa sözlə iddiaçıya qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Göstərilənlər əsasında isə məntiqi olaraq bu nəticəyə gəlinir ki, “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə vermək hüququ iddianı qaldıran şəxsə deyil, yalnız iddia tələbinin yönəldiyi tərəfə məxsusdur. Belə olmadığı, yəni Bank tərəfindən məhkəmədə müvafiq iddia qaldırılmadığı halda, hazırki iş üzrə iddiaçının iddia müddətinin tətbiqinə əsasən tutulmuş pulun geri qaytarılmasına dair tələbi istisna edilir. Məhkəmə əlavə olaraq Mülki Məcəllənin 550-ci maddəsinə əsasən, tələb etmək hüququna dair müddətin keçməsi ilə əlaqədar öhdəliyə xitam verilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Məhkəmə hesab edir ki, iddiaçının Bank qarşısında öhdəliyi Mülki Məcəllənin 551.2.1-ci maddəsində müəyyən edilmiş vaxtaşırı ödənişlərə aid edilə bilməz. Həmin normadan göründüyü kimi qanunverici kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyi deyil, yalnız kapital üçün faizləri vaxtaşırı ödənişlərə aid etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borcun hissə-hissə ödənilməsi barədə ödəniş cədvəlinin tərtib olunması istinad olunan normanın mənası baxımından kreditin qaytarılmasını vaxtaşırı icra edilməli olan öhdəlik kimi qiymətləndirməyə əsas vermir. Belə ki, həmin münasibət üzrə borclu kreditor tərəfindən onun mülkiyyətinə verilmiş pul məbləğini hissəhissə geri qaytarır. Diqqətəlayiqdir ki, kredit hüquq münasibətlərinə iddia müddətinin tətbiq edilməsi məsələlərinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında da kredit mübahisələrinə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətinin (maddə 373.3) deyil, müqavilə tələbləri üzrə iddia müddətinin (maddə 373.2) tətbiq edilməli olduğu barədə qənaətə gəlinmişdir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki öhdəlik hüquq münasibətlərindən irəli gələn tələblərin qüvvədə olması müddəti Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən on il kimi müəyyən edilməlidir. İş materialları əsasında isə müəyyən olunur ki, həmin müddət cavabdeh tərəfindən buraxılmadan pul vəsaiti iddiaçıdan tutulmuşdur. Beləliklə, məhkəmə iddiaçının cavabdeh tərəfindən borcun tutulması üçün qanunda nəzərdə tutulmuş müddətin ötürülməsinə dair gətirdiyi dəlilləri əsassız hesab edir. İddiaçının tələbinin əsaslılığına dair gətirdiyi digər bir dəlil cavabdehlə aralarında bağlanmış kredit xətti müqaviləsinin 25.3-cü bəndinə əsasən gecikdirilmiş borcun hesablaşma hesabından silinmədən öncə ona yazılı bildiriş göndərilməsi nəzərdə tutulduğu halda belə bildirişin cavabdeh tərəfindən ona göndərilməməsi ilə bağlıdır. Məhkəmə iddiaçının həmin dəlilini də əsassız hesab edir. Belə ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli kredit xətti müqaviləsinin 25.3-cü bəndində göstərilmişdir ki, “Banka hüquq verilir ki, Kart sahibinin sərəncamı olmadan, ona yazılı bildiriş göndərilməklə, gecikdirilmiş borcun məbləğini Kart sahibinin hesablaşma hesablarından akspetsiz qaydada silsin. Bu halda yazılı bildirişin göndərilməsini poçt qəbzi təsdiqləyəcək”. Maddənin məzmunundan göründüyü kimi, borcun silinməsi zamanı Bankın üzərinə iddiaçıya yazılı bildiriş göndərməli olduğu ilə bağlı hər hansı vəzifə qoyulmamış, eləcə də, müqavilənin Bankın məhz vəzifələrinin təsbit olunduğu 30-cu bəndində də bu cür bildirişin göndərilməsi nəzərdə tutulmamışdır. Əksinə, tərəflər arasında bağlanmış müqavilənin 29.11-ci bəndində göstərilmişdir ki, “Bank sahibi razılığını bildirir ki, o, Bankın maaş kartına malikdirsə və Banka olan borclarını vaxtında ödəmirsə, Bank Kart sahibini xəbərdar etmədən tələbini Kart sahibinin Bankda olan bütün Bank hesabları, Əmanətləri və ya Banka qoyduğu girov və ya ipoteka hesabına ödəyə bilər. Beləliklə, iddiaçının tələb etdiyi pul vəsaitinin cavabdeh bankdan tutulması üçün hər hansı qanuni əsasın olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "pul" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-316/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-316/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver