Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3164/2024 22.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı Cavabdeh Mənsur oğlu ilə xx.xx.2015-ci il tarixdə 1860 nömrəli akt qeydi ilə rəsmi nikah qeydiyyatından keçərək ailə qurub. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 doğulub. Cavabdeh Mənsur oğlu ilə xx.xx.2015-ci il tarixdə 1860 nömrəli aktı xx.xx.2021-ci il tarixdə 2(006)-4824/2021 nömrəli Nəsimi Rayon məhkəməsinin (sədrlik edən hakim: Cəmilə Musayeva) qətnaməsi ilə pozulub. Həmin məhkəmə qətnaməsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X3 iddiaçının himayəsində saxlanılmaları və yetkinlik yaşlarına çatana kimi hər bir uşağa ayrılıqda 175 manat olmaqla ümumilikdə 350 manat alimentin Cavabdeh Mənsur oğlundan tutularaq ona ödənilməsi qət edilib. Hazırda övladları böyüyüb, onların gündəlik tələbat xərcləri artır, orta məktəbdə təhsil alması üçün hazırlıqlara getməli və bunun da müəyyən məbləğlərdə pul ödəməli olmalıdır. Alimentin miqdarı uşaqların saxlanılmalarını, qidalanmalarını, müalicələrini, təhsillərini, istirahətlərini belə görmür. Bu səbəbdən də alimentin miqdarının artırılması zərurəti yaranmışdır. İddiaçının tələbi: xx.xx.2021-ci il tarixli 2(006)-4824/2021 nömrəli Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh hər bir uşuğa görə ayrılıqda 175 manat olmaqla ümumilikdə 350 manat aliment tutularaq xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ödənilmələri barədə qətnaməsinə dəyişiklik edilərək sabit məbləğdə hər bir uşağa ayrılıqda 235 manat olmaqla ümumilikdə 470 manat alimentin tutularaq ona ödənilməsi barədə barədə qətnamə çıxarılması xahiş olunur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi X12 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, qızı - İddiaçı uşaqları ilə birlikdə onun yanında qalır, iddiaçı özü işləmir, uşağın bütün xərclərini baba kimi özü çəkir. xx.xx.2019-cu il təvəllüdlü Mirkərimli Amin autizm xəstəliyindən əziyyət çəkir, 5 yaşı olmasına baxmayaraq uşaq danışa bilmir, bununla əlaqədar müalicələr alır və müalicə xərclərini o çəkir. Cavabdehin qətnamə əsasında uşağa görə ödədiyi alimentin məbləği uşağın bir kurs müalicəsini belə ödəmir. Bundan başqa uşaqların başqa tələbatları da var, böyük uşaq məktəbə gedir, hər iki uşağın saxlanılmasına görə kifayət qədər xərclər tələb olunur. Bacardığı qədər uşaqların yaşayışını, təhsilini təmin etmək üçün əlindən gələni edir, bu barədə qızına köməkliyini əsirgəmir. Lakin ata kimi cavabdeh də uşaqların saxlanılmasında iştirak etməlidir. Uşağı saxlamaq valideynlərin borcudur. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin etirazı: Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, Cavabdeh bir ata kimi övladının həmişə qayğısına qalmağa hazırdır. Alimenti vaxtlı vaxtında ödəyir, hətta imkan daxilində uşaqların əlavə xərclərini də ödəyir. Sadəcə olaraq iddia ərizəsində tələb olunan alimentin məbləği həddən artıq yüksəkdir. Belə ki, Cavabdeh ikinci dəfə ailə qurmuşdur. Bu nikahdan 09 iyun 2023-cü il təvəllüdlü X4 adlı uşağı var. Göründüyü kimi Cavabdeh ailə vəziyyəti ilə əlaqədar olaraq əlavə xərcləri yaranmışdır. Himayəsində yaşlı valideynləri də var. Əlavə olaraq hər ay kredit borcu ödəyir. Bu səbəbdən də iddia ərizəsində tələb olunan məbləğdə aliment ödəməyə maddi durumu imkan vermir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanun uşağın saxlanması vəzifəsini təkcə atanın deyil, həm də ananın vəzifəsi kimi müəyyən etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən İddiaçı alimentin artırılması tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4824/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı xx.xx.2015-ci il tarixdə 5 saylı “ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1860 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X3 anaları İddiaçı yanında qalmalarının müəyyən edilməsi, Cavabdeh xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmalar üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən 29 dekabr 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 887846 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, X5 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən 17 avqust 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 332611 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, X6 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/3/2024-00111 saylı arayışa əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixdə, 12:00-12:30 saatlarında keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. AR FHN DYMX ADNŞ obyektləri üzrə Yanğından Mühafizə İdarəsi tərəfindən verilmiş 8.06.2024-cü il tarixli 3-18-102/2-1261/204 nömrəli arayışa əsasən AR FHN X11 Xidmətnin Azərbaycan Dövlət Neft Şirkətinin obyekləri üzrə X7 2-ci dərəcəli motros yanğınsöndürəbi daxili xidmət çavuşu Cavabdeh orta aylıq əmək haqqının aliment məbləğinin tutulmasına cəlb olunan hissəsi 896,13 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyası Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir (§ 24). Qanunverici, prinsip etibari ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşaqların ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki,nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, geyim, qida, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.13-cü bəndində qeyd edilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə hesab edir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4824/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin çıxarılmasından 3 ilə yaxın müddət keçməsi, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin uşaqların saxlanması üçün yetərli olmaması, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanları, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanları, həmçinin tərəflərin maddi və ailə vəziyyəti, mövcud iqtisadi vəziyyətdə inflyasiya, habelə cavabdehin ikinci nikahdan da azyaşlı uşağının saxlanması kimi vəzifəsinin olması nəzərə alınmalıdır. Göründüyü kimi, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Bundan başqa işdən görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X6 autizm xəstəliyindən əziyyət çəkir, xəstəliyi ilə əlaqədar mütəmadi həkim qəbulunda olmaqla müvafiq müalicələr alır (həkim qəbulu, analizlər, reseptlər, dərmanların alınmasına dair qəbzlər iş materiallarına əlavə edilmişdir). Qeyd olunanlar uşaqların maddi cəhətdən saxlanılmasında valideyn kimi Cavabdeh iştirakını zəruri etməklə məhkəmə tərəfindən müəyyən olunmuş alimentin miqdarının artırılması əsası kimi çıxış edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Cavabdehin etirazının ikinci dəfə nikaha daxil olması və bu nikahdan xx.xx.2023-cü il təvəllüdlü Mirkərimov Mənsur adlı uşağının doğulması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin himayəsində digər azyaşlı uşağının olması xx.xx.2016cı il təvəllüdlü Mirkərimli Aydın və xx.xx.2019-cu il təvəllüdlü Mirkərimli Aminin saxlanılmasında maddi cəhətdən iştirak etmək vəzifəsindən azad olunmasına əsas hesab edilə bilməz. Belə ki, yuxarıda adıçəkilən Qərarın 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Cavabdehin etirazında qeyd edildiyi kimi, hazırda ikinci nikahdan olan uşağı onun himayəsindədir və məhkəmə qətnaməsinə əsasən digər uşağına aliment ödəməsi halı müəyyən edilməmişdir. Buna görə də məhkəmə qeyd edir ki, cavabdehin başqa uşağının olması onun uşağın saxlanması xərclərindən kənarda qalmasına əsas verən hal deyildir. Məhkəmə iddiaçının bir uşağın saxlanması üçün 235 manat, hər iki uşağa görə 470 manat məbləğində alimentin tutulması tələbini və uşağın saxlanmasında hər iki valideynin bərabər məsuliyyət daşımasını və bütün bunların fonunda isə yetkinlik yaşına çatmayanların üstün mənafeyinin gözlənilməsini və əvvəlki maddi vəziyyətinə təsiri nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X14rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarın 8.14-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Nəsimi Rayon Məhkəməsinin 2(006)-4824/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay hər bir uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsınə görə aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 5640 manat (470 manat x 12 ay) təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 76,40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Nəsimi Rayon Məhkəməsinin 2(006)-4824/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay hər bir uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 76,40 manat (yetmiş altı manat, qırx qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-3164/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3164/2024
22.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver