Məhkəmə qərarları › İş №2(006)-3165/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3165/2023

26.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3165/2023 26.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Qaralov İlqar Zahid oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı A.S.A. qızının və cavabdeh “***" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı A.S.A. qızının cavabdeh "***" ASC-yə qarşı "dəymiş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı A.S.A. qızı cavabdeh "***" ASC-yə qarşı "dəymiş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində Neftçala rayonundan Bakı şəhərinə hərəkət edərkən içində olduğu sərnişin marşrutu Bakı-Ələt yolunun 56-cı kilometrliyində qəzaya düşmüşdür. Həmin qəza nəticəsində iddiaçının sağ körpücük sümüyü sınmışdır. Salyan Rayon Mərkəzi Xəstəxanasında 2 aya yaxın müddətdə müalicə olunduqdan sonra evə qayıtmışdır. Müvafiq tibbi arayışlar aidiyyəti hüquq mühafizə orqanına, daha sonra sığorta şirkətinə təqdim edilmişdir. Sağlamlığına dəymiş ziyanla əlaqədar "xxxx" ASC sığorta şirkəti tərəfindən hesabına 1500 (min beş yüz) manat sığorta ödənişi köçürülməli idi. xx.xx.2022-ci il tarixdə +**********5 nömrəli telefondan iddiaçıya zəng gələrək "***” ASC-nin nümayəndəsi olduğunu bildirən bir şəxs ona bir çox şəxsi məlumatlarını dəqiqliyi ilə bildirərək bank hesabına bağlı kart hesabının nömrə və şifrəsini istəmişdir. İddiaçı barəsində olan məlumatları dəqiqliklə bildiyi üçün onun fırıldaqçı olduğunu düşünməmiş və sözügedən məlumatları ona vermişdir. Ancaq sonradan bunun oğurluq məqsədli olduğunu düşünərək “***” ASC-nin Neftçala rayon filialına getmiş və ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixində saat təxminən 12:00 radələrində hesabını bağlatdırmış və kart hesablarına blok qoydurmuşdur. Yalnız bu tarixdən sonra xx.xx.2022-ci il tarixində saat 14:00 radələrində bloklanmış kart besabları üzərindən mədaxil və məxaric əməliyyatları aparılaraq ona məxsus kredit və debet kart hesablarından ümumilikdə 2800 (iki min səkkiz yüz) manat məbləğində pul məxaric olunmuşdur. Hansı ki bloklanmış kart hesablarından pul məbləğinin mədaxil və məxaric edilməsi mümkün deyildi. Göstərilənlərə əsasən bloklaşdırılmış kart hesabı üzərindən aparılan mədaxil və məxaric əməliyyatları ilə əlaqədar hesabından pul vəsaitlərinin qanunsuz olaraq silinməsi ilə bağlı iddiaçıya dəymiş olan 2800 (iki min səkkiz yüz) manat və ödədiyi 49 (qırx doqquz) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 2849 (iki min səkkiz yüz qırx doqquz) manat pul məbləğinin “***” ASC-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı A.S.A. qızı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “***" ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının hesabında olan pullar kiber dələduzlar vasitəsilə oğurlanmışdır. "xxxx" ASC tərəfindən bir gün əvvəlcədən ödəniş tapşırığı verilmiş və xx.xx.2022-ci il tarixində saat 10:47-də pul hesaba mədaxil olmuşdur. Hadisə 2022-ci ilin oktyabr ayının 13-ü saat 10:50-10:55 aralığında baş vermişdir. Kart isə həmin gün saat 12:23-də vətəndaşın müraciəti əsasında bloklanmışdır. İddiaçının səhvi nəticəsində öz hesabından pul oğurlanmış, hadisədə bankın hər hansı bir təqsiri olmamışdır. Ona görə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 154982 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən saat xx.xx.2022-ci il tarixində saat 15:45-də iddiaçı A.S.A. qızının “***" ASC-də olan hesabına 1500 manat məbləğində pul köçürülmüşdür. “***" ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, iddiaçı A.S.A. qızının “***" ASC-də olan hesabına 1500 manat məbləğində pul xx.xx.2022-ci il tarixində saat 10:47-də köçmüş, hesabdan silinmə isə həmin gün saat 10:54-də aparılmışdır. Həmin bank hesabı müvafiq olaraq xx.xx.2022-ci il tarixində saat 12:23-də vətəndaşın müraciəti əsasında bloklanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən saat xx.xx.2022-ci il tarixində saat 15:45-də iddiaçı A.S.A. qızının “***" ASC-də olan hesabına 1500 manat məbləğində pul köçürülməsi üçün ödəniş tapşırığı verilmiş, həmin pul məbləği xx.xx.2022-ci il tarixində saat 10:47-də köçmüş, iddiaçının bank hesabına kiber hücüm nəticəsində onun kartından silinmələr xx.xx.2022-ci il tarixi saat 10:54-dək aparılmışdır. İddiaçı bundan sonra banka müraciət etmiş və həmin müraciət əsasında bank hesabı xx.xx.2022-ci il tarixində saat 12:23-də bloklanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1096cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi - törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi - törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü - mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə - hüquqpozan şəxsin təqsiri olmalıdır. İş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, bank hesabından pulun silinməsi məqsədilə iddiaçıya kənar şəxslər tərəfindən zəng vurulan zaman sığorta ödənişi olaraq köçürülmüş pul məbləği onun hesabında olmuş, kart məlumatları iddiaçı tərəfindən həmin şəxslərə şəxsən verildikdən sonra həmin pul məbləği hesabdan silinmişdir. Yalnız bundan sonra iddiaçı kartın bloklanması üçün banka müraciət etmiş və həmin vaxt kart hesabı bloklanmışdır. Qeyd olunan hadisədə bankın təqsiri olmadığından və iddiaçının kart hesabları ilə bağlı təhlükəsizlik qaydaları özü tərəfindən pozulduğundan hazırkı iddia tələbi əsassız hesab olunmalıdır. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsi). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı A.S.A. qızının cavabdeh "***" ASC-yə qarşı "dəymiş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməli və məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı A.S.A. qızının cavabdeh "***" ASC-yə qarşı "dəymiş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Qaralov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar