Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3177/2024 22.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə (yekun məhkəmə iclasına gəlməmişdir), İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları: Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(006)-2646/2020-ci qətnaməsi ilə iddiaçı X4 nikahın pozulması tələbinə dair iddiası təmin edilərək xx.xx.2015-ci il tarixdə bağlanmış və 1 saylı Bakı “ASAN” xidmət mərkəzinin qeydiyyat şöoəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 2235 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 26 mart 2017-ci il təvəllüdlü X7 onun himayəsində qalması, 26 mart 2017-ci il təvəllüdlü X1 üçün hər ay 170 (bir yüz yetmiş) manat alimentin X3 tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda 26 mart 2017-ci il təvəllüdlü X7 7 yaşı var. Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(006)-2646/2020 nömrəli qətnaməsi ilə alimentin tutulması xx.xx.2020-ci il tarixdən başlanması qət edilsə də, cavabdeh alimenti vaxtında və tam olmayaraq ödəyir. 26 mart 2017-ci il təvəllüdlü X7 hal-hazırda qulluğa daha çox ehtiyacı var və ona görə də xərci yetərincə artmışdır. Cavavbdeh isə məhkəmə qətnaməsi ilə qət edilmiş alimenti etinasız yanaşaraq güclə ödəyir. Həmçinin uşağın artan xərcinə görə "aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh bir ata kimi övladına qarşı biganə münasibətdədir, uşağı ilə, onun ehtiyacları ilə maraqlanmır, onun qayğısına qalmır, maddi ehtiyaclarının ödənilməsində hər hansı formada iştirak etmir. Bütün bunlar azmış kimi birdə məhkəmə qətnaməsi ilə qət olunmuş aliment məbləğini vaxtı-vaxtında ödəmir. İddiaçının tələbi: X3 26 mart 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay üçün 235 manat alimentin, hər ay əlavə xərcləri qarşılamaq üçün 100 manat olmaqla cəmi 335 manat məbləğində pulun və ödənilmiş 60 (atmış) manat məbləğində mediyasiya rüsumunun tutularaq ona ödənilməsi, gələcəkdə aliment məbləği “Yaşayış minimumu haqqında” Azərbaycan Rspublikası Qanuna əsasən uşaqlar üçün təyin olunmuş məbləğ həddində müəyyənləşdirilməsi barədə qətnamə çıxarılması xahiş olunur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, işləmir, ikinci dəfə ailə qurub, ikinci nikahından daha bir övladı var. Hər iki uşağının bütün xərclərini hazırkı əri qarşılayır. Cavabdeh qanuni qüvvəyə minmiş qətnamə əsasında müəyyən olunmuş 170 manat alimenti vaxtlı-vaxtında ödəmir. Halbuki ata kimi cavabdeh də uşağın saxlanılmasında iştirak etməlidir. Həmin alimentin qət edilməsindən artıq neçə illər keçib və uşağın tələbatları da artmışdır. Uşağı saxlamaq valideynlərin borcudur. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X5 məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildiriş verilməsinə, habelə birbaşa məhkəmə iclasında telefonla əlaqə saxlanılmasına) baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2646/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X8 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış və 1 saylı Bakı «ASAN» xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2235 nömrə ile qeyd edilmiş nikahın pozulması, tərəflərin övladları 26 mart 2017-ci il təvəllüdlü X10 anası X8nın yanında qalmaları, Cavabdeh qətnamə qəbul edildiyi tarixdən başlayaraq, tərəflərin övladları 26 mart 2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən, tərəflərin birgə nikahından X10 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/MT015/2024-145/02 saylı arayışa əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixdə, 11:30 saatlarında keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyası Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir (§ 24). Qanunverici, prinsip etibari ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki,nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, geyim, qida, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.13-cü bəndində qeyd edilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə hesab edir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(006)-2646/2020 nömrəli qətnaməsinin çıxarılmasından 4 ildən çox müddət keçməsi, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin uşağın saxlanması üçün yetərli olmaması, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanları, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanları, həmçinin tərəflərin maddi və ailə vəziyyəti, mövcud iqtisadi vəziyyətdə inflyasiya nəzərə alınmalıdır. Göründüyü kimi, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Bu da uşağın maddi cəhətdən saxlanılmasında valideyn kimi Cavabdeh iştirakını zəruri etməklə məhkəmə tərəfindən müəyyən olunmuş alimentin miqdarının artırılması əsası kimi çıxış edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçının uşağın saxlanması üçün 235 manat məbləğində alimentin tutulması tələbini və uşağın saxlanmasında hər iki valideynin bərabər məsuliyyət daşımasını və bütün bunların fonunda isə yetkinlik yaşına çatmayanların üstün mənafeyinin gözlənilməsini və əvvəlki maddi vəziyyətinə təsiri nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X13rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. Məhkəmə iddianın “gələcəkdə aliment məbləğinin “Yaşayış minimumu haqqında” Azərbaycan Rspublikası Qanuna əsasən uşaqlar üçün təyin olunmuş məbləğ həddində müəyyənləşdirilməsi” tələbinə dair hissəsinə münasibətdə qeyd edir ki, aliment məhkəməyə müraciət olunduğu vaxtdan tutulur. Həmçinin, iddia hər il tutulan alimentin miqdarının artırılması barədə göstərişin məhkəmə qətnaməsində qeyd olunmasına dair hissədə əsassızdır. Çünki, tutulan aliment məbləğinin artırılması və yaxud azaldılması ilə bağlı iddia tələbi müstəqil iddia tələbi kimi çıxış etməklə, tutulan alimentin artırılması və ya azaldılması üçün əsaslı hallar olmalıdır. Həmin məsələyə məhkəmənin öncədən hüquqi qiymət verməsi qeyri-mümkündür. Eyni zamanda məhkəmə iddiann hər ay əlavə xərcləri qarşılamaq üçün 100 manatın tutulması barədə hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən əlavə xərclərin olmasının nədən ibarət olması barədə mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən iddia həmin hissədə də təmin oluna bilməz. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarın 8.14-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2017-ci il təvəllüdlü X2 üçün Nəsimi Rayon Məhkəməsinin 2(006)-2646/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 235 manat manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsınə görə aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 2820 manat (235 manat x 12 ay) təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 48,2 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2017-ciil təvəllüdlü X2 üçün Nəsimi Rayon Məhkəməsinin 2(006)-2646/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 48,2 manat (qırx səkkiz manat, iyirmi qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-3177/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3177/2024
22.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver