Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3187/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 2018-ci il buraxılışlı «X3» markalı ** GE *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə ödənilməyən 3.452 manat, avtomobilə baxış keçirilməsi üçün "xxxx" MMC-yə ödənilmiş 100 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2018-ci il buraxılışlı «X3» markalı ** GE *** dövlət qeydiyyat nişanlı avtomobil 100.000 (bir yüz min) yürüş zəmanəti ilə onun tərəfindən Hyundai avtomobillərinin Azərbaycanda rəsmi satışını həyata keçirən şirkətdən alınmışdır. 11.03.2021-ci il tarixdə saat 10:14 radələrində avtomobilini Bakı şəhəri X4 küçəsində idarə edərkən avtomobilinin qabağında digər avtomobilin dayanmasına görə onun da avtomobili dayanmış vəziyyətdə olduğu vaxt arxadan gələn, cavabdehin idarə etdiyi «Mercedes Benz 230 minik» markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomobil surətlə onun avtobilinin arxa hissəsinə dəymişdir. Zərbədən onun avtomobili qabağa atılaraq qabaqda dayanmış «Hyundai Santa-Fe» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində onun avtomobilinə xeyli miqdarda ziyan dəymiş, avtomobilinin arxa və qabaq hissəsi zədələnmişdir. Hadisə Bakı şəhəri DYPİ tərəfindən qeydə alınmış, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə 11.03.2021-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, 13.03.2021-ci il tarixli TP seriyalı ******* saylı qərar qəbul edilərək, cavabdeh 40 manat məbləğində cərimələnmişdir. Avtomobili zəmanətinə görə xidmət edən "xxxx" şirkəti tərəfindən avtomobilinə baxış keçirilmiş, vurulmuş ümumi ziyan 7.452 manat məbləğində müəyyən edilmişdir. Dəymiş ziyana görə cavabdehin idarə etdiyi avtomobili «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» ilə sığortalanmış "xxxx" ASC həmin növ sığorta üzrə müəyyən olunmuş 5.000 manat həddində avtomobilinə vurulmuş ziyana görə 4.000 manatı ona, 1.000 manatı isə «Hyundai Santa-Fe» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə ödəniş etmişdir. Ziyana görə qalan 3.452 manatı cavabdeh ödəməkdən imtina edir. Cavabdehin iradı avtomobilə vurulmuş ziyanı müəyyən etmək və təmir etmək üçün zəmanətlə xidmət edən avtoservisə deyil, keyfiyyətə zəmanət verməyən digər ucuz təmir sexinə aparmalıdır. Cavabdehin tələbini yerinə yetirmək ona görə mümkünsüzdür ki, onun avtomobili yenidir, 100.000 kilometrlə zəmanətdədir, avtomobilinin bu günə isə yürüşü 30.000 kilometrdir. Başqa yerdə avtomobili təmir etdirsə, avtomobil zəmanətdən çıxarılacaq. Digər tərəfdən isə, avtomobil təzə olduğuna görə, ehtiyat hissələri avtomobilin satışını həyata keçirilən şirkət tərəfindən müqavilə əsasında şirkətə xidmət göstərən avtomobilinin ixtisaslaşmış "xxxx" şirkətinə gətirilir. Bununla belə bir sıra ehtiyat hissələri hazırda servisdə yoxdur, onlar Koreyadan sifarişlə gətirilməlidir. Avtomobil yeni seriyalı olduğuna görə onun ehtiyat hissələri bahalıdır, ölkədaxili 2-ci əl bazarında satılmır. Cavabdehə avtomobildə dəyişiləcək ehtiyat hissələrinin, görüləcək işlərə dair əsaslandırılmış siyahını təqdim etsə də, sonuncu bunu qəbul etmir. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı tərəf avtomobili servisdə ona görə təmir etdirir ki, avtomobil bahalı avtomobildir, yeni avtomobildir, zəmanət müddəti var, digər yerdə təmir etdirilsə zəmanətdən çıxacaq. Avtomobilin ehtiyat hissələri Azərbaycan Respublikasında istehsal edilmir, istehsalçı ölkədən gətirilməlidir. İddiaçı avtomobili servisdə kiməsə ziyan vurmaq, kimisə əlavə xərcə, əziyyətə salmaq üçün deyil, avtomobil sahibi kimi avtomobilin qarantiya, yəni zəmanət müddətinin şərtlərinə riayət etmək üçün təmir etdirir. Bu səbəbdən, cavabdehin izahatında iddiaya etiraz etməsinin səbəbi kimi göstərdiklərinin obyektiv əsası yoxdur. İddiaçının iddia tələbi əsaslıdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, törədilmiş yol-nəqliyyat hadisəsinə görə cərimə olunmuşdur. Qarşı tərəf tələb edir ki, o, ödəniş etsin. Lakin iddiaçı tərəf avtomobili servisdə təmir etdirir. Təmiri sığorta müəyyən etdiyi yerdə də edə bilər. Buna görə də, xərc daha çox başa gəlir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan və TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh «Mercedes Benz 230 minik» markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, protokolda qeyd olunan tarixdə, yerdə və şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla yol-nəqliyyat hadisəsi törətmiş və digər avtomobillərə ziyan vurmuşdur. O, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, müvafiq məbləğdə cərimə edilmişdir. "xxxx" Şirkəti tərəfindən verilmiş 18 mart 2021-ci il tarixli qüsur aktından görünür ki, Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus olan «Hyundai Accent» markalı ** GE *** dövlət qeydiyyat nişanlı avtomobili təmir edilməsi üçün görüləcək işlərə və ehtiyat hissələrinin alınmasına cəmi 7.452 manat vəsait tələb olunur. Sığorta aktından görünür ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi zamanı iki digər avtomobilə vurduğu zərərin bir hissəsi – 4.000 manat İddiaçı, 1.000 manat isə «Hyundai Santa-Fe» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2021-ci il tarixli 9/4414 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş "xxxx" şirkətinin 18.03.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı «X3» markalı ** GE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7.252 manat müəyyən edilir, o cümlədən: Dəyişilməli hissələrin qiyməti – 5.482 manat; Təmir-bərpa işlərinin qiyməti – 1.770 manat. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Göründüyü kimi, Cavabdeh tərəfindən İddiaçı avtomobilin təmiri üçün xərc qismində 7.252 manat maddi ziyan vurulmuşdur. Vurulmuş ziyana görə 4.000 manat pul vəsaiti sığorta şirkəti tərəfindən iddiaçıya ödənilsə də, 3.252 manat hissəsi ödənilməmiş qalmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf qeyd olunan avtomobilin təmir-bərpası üçün daha az vəsaitin xərclənməsinin mümkünlüyü barədə sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının avtomobili servis mərkəzində təmir etdirməsi obyektiv reallıqdan irəli gəlir. Çünki, iddiaçının aldığı avtomobil yenidir, zəmanət müddəti aktivdir – başa çatmamışdır, digər yerdə ucuz təmir edilməsi mümkün olsa idi belə, iddiaçı avtomobili başqa yerdə təmir etdirməyəcəkdi, çünki zəmanət müddəti şərtlərinə riayət etmək məcburiyyətindədir. Bu səbəbdən, cavabdehin iddianın rədd edilməsi üçün əsas kimi irəli sürdüyü mülahizələr subyektiv olmaqla, iddianın təmin edilməməsi üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş ziyanın ödənilməmiş hissəsi olan 3.252 manat, avtomobilə baxış keçirilməsi üçün ödənilmiş 100 manat və məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesab üzrə ödənilməlidir. İddianın qalan hissəsi rədd edilməlidir. Belə ki, iddiaçı ona daha çox maddi zərər vurulmasına dair sübutlar təqdim etməmişdir. Məhkəmə habelə iddia tələbinin “hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat ödənilməsi” hissəsinə dair qeyd etməyi zəruri sayır ki, iddiaçı hazırki iddia ərizəsi ilə hüquqi yardımdan istifadə etmədən də məhkəməyə müraciət edə bilərdi, yəni cavabdeh iddiaçı tərəfindən öz istəyinə görə ona göstərilmiş hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat ödəməyə borclu deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş ziyanın ödənilməmiş hissəsi olan 3.252 manat, avtomobilə baxış keçirilməsi üçün ödənilmiş 100 manat və məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesab üzrə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3187/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3187/2021
19.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver