Məhkəmə qərarları › İş №2(006)-3197/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3197/2023

26.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3197/2023 26.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Qaralov İlqar Zahid oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı AAA qızının cavabdeh BBB oğlunun iştirakları ilə, İddiaçı AAA qızının cavabdeh BBB oğluna qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı AAA qızı cavabdeh BBB oğluna qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı AAA qızı ilə cavabdeh BBB oğlu arasında xx.xx.2007-ci il tarixdə Ağsu rayon VVADQ Şöbəsində 233 nömrə ilə rəsmi nikah qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X22, xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X16 və xx.xx.2013-cü il təvəllüdlü X23 dünyaya gəlmişdir. Dünya görüşləri müxtəlif olduğu və xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən tərəflər arasında bağlanmış nikah Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X22, xx.xx.2009-cu il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X16 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün yetkinlik yaşma çatanadək hər bir uşaq üçün 80 (səksən) manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Lakin həmin sabit pul məbləğində aliment onun övladlarının tələbatlarını ödəmir. Hazırda iddiaçı ünvan 1 ünvanda övladları ilə birlikdə yaşayır. Maddi vəziyyəti çox ağırdır, heç bir yerdə işləmir. Valideynlərinin himayəsindədir. Heç bir yerdən maddi gəliri yoxdur. Övladlarının maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Övladlarının dördü də məktəblidir. Cavabdehin maddi durumunun xeyli yaxşı olmasına baxmayaraq övladları ilə maraqlanmır. Onların təhsilində və sağlam böyüməsində iştirak etmir. Məhkəmə tərəfindən hər bir uşaq üçün təyin olunmuş 80 manat aliment övladlarının ehtiyaclarını tam ödəmədiyi üçün, iddiaçı alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X22, xx.xx.2009-cu il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X16 və xx.xx.2013-cü il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək hər bir uşağın saxlanması üçün təyin olunmuş hər uşağa görə 80 manat olmaqla dörd uşaq üçün 320 manat sabit pul məbləğində olan alimentin artırılaraq cavabdehdən hər ay hər bir uşağa görə 220 manat olmaqla dörd uşağa görə cəmi 880 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı AAA qızı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh BBB oğlu iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, alimentin artırılması ilə razı deyildir, çünki rəsmi aylıq əmək haqqı məbləği 345 manat təşkil edir. Eyni zamanda o, yenidən nikaha girmiş və sonrakı nikahından 1 uşağı dünyaya gəlmişdir. Cavabdeh, həmçinin, hazırkı vəziyyətini nəzərə alaraq hər uşağa görə 140 manat aliment ödəmək imkanına malik olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: Belə ki, iş materiallarında olan Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022ci il tarixdə verilmiş AZ-T № 226307 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X22 16 iyun 2008-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, atası BBB oğlu, anası isə X3r. Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-T № 226310 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 15 iyun 2009-cu il tarixdə Ağsu rayonunda anadan olmuş, atası BBB oğlu, anası isə X3r. Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-T № 226308 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X16 26 mart 2012-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, atası BBB oğlu, anası isə X3r. Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-T № 226309 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X23 02 aprel 2013-cü il tarixdə Ağsu rayonunda anadan olmuş, atası BBB oğlu, anası isə X3r. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(107)- 2587/2018 saylı qətnaməsindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X15, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X14 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh BBB oğlundan iddiaçı X2 xeyrinə hər ay hər uşaq üçün 80 manat məbləğində alimentin müəyyən edilməsi qət edilmişdir. Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən 01 oktyabr 2018-ci il tarixdə verilmiş AZ-İ № 284853 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, BBB oğlu ilə X4 arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 80 № ilə qeydiyyat aparılmış, nikah ləğv olunandan sonra qadına Məmmədova soyadı verilmişdir. Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ № 305194 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, BBB oğlu ilə X12 24 yanvar 2019-cu il tarixində nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 24 yanvar 2019-cu il tarixdə 22 nömrə ilə qeyd edilmişdir. Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İV № 063480 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 26 yanvar 2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası BBB oğlu, anası isə X7r. Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru X8 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, MŞB/6-5576 saylı arayışdan görünür ki, AAA qızı alimentin artırılması ilə bağlı ilkin mediasiya sessiyasında iştirak etmək üçün müraciət etmiş lakin, tərəflər arasında ilkin mediasiya sessiyası baş tutmamışdır. Eyni zamanda, iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. DOST iş mərkəzi tərəfindən verilmiş 18 iyul 2023-cü il tarixli 3-17-7/2-N-28035/2023 saylı arayışdan görünür ki, BBB oğlu “Azəriqaz” İB-nin X28 İstismar İdarəsində çilingər yanında yardımçı fəhlə vəzifəsində işləyir və aylıq əməkhaqqı məbləği 345 manatdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin rəsmi nikah münasibətlərindən dörd övladları anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(107)-2587/2018 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X15, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X14 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh BBB oğlundan iddiaçı X4 xeyrinə hər ay hər uşaq üçün 80 manat məbləğində alimentin tutulması qət edilmişdir. Sonradan cavabdeh BBB oğlu 24 yanvar 2019-cu il tarixində X12 ilə nikaha girmiş və bu nikahdan 26 yanvar 2018-ci il tarixdə X18 adlı övladı anadan olmuşdur. Cavabdeh BBB oğlu “Azəriqaz” İB-nin X28 İstismar İdarəsində çilingər yanında yardımçı fəhlə vəzifəsində çalışmaqla, onun aylıq əməkhaqqı məbləği 345 manat təşkil edir. Hazırda iddiaçı təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər bir uşaq üçün 220 manat olmaqla ümumilikdə 880 manat məbləğində alimentin tutulmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd olunanlara əsasən məhkəmə uşaqların mənafeyini, onların saxlanması üçün 80 manat miqdarında alimentin hazırkı dövrdə kifayət etmədiyini, eyni zamanda tərəflərin maddi vəziyətini, cavabdeh BBB oğlunun yenidən nikaha girməsini və həmin nikahdan da bir uşağının anadan olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq, hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 560 manat məbləğində müəyyən edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə hesablanır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2, 9.1- 1 cə 9.4-cü maddələrini nəzərə alaraq dövlət rüsumu ilə bağlı məhkəmə qeyd edir ki, alimentin artırılması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Hazırkı halda iddianın qiyməti 2880 manat təşkil etdiyindən və 50 manat mediasiya xərci ödənildiyindən tərəflər əlavə dövlət rüsumun ödənilməsindən azad edilirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(107)-2587/2018 saylı qətnaməsi əsasında təyin edilən alimentin miqdarı artırılaraq, xx.xx.2008-ci il təvəllüdlü X15, xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh BBB oğlundan iddiaçı AAA qızının xeyrinə hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat olmaqla, hər ay cəmi 560 (beş yüz altmış) manat məbləğində aliment tutulmalı, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(107)-2587/2018 saylı qətnaməsi əsasında təyin edilən alimentin miqdarı artırılaraq, xx.xx.2008-ci il təvəllüdlü X15, xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh BBB oğlundan iddiaçı AAA qızının xeyrinə hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat olmaqla, hər ay cəmi 560 (beş yüz altmış) manat məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Qaralov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar