Məhkəmə qərarları › İş №2(006)-3202/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3202/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3202/2021 07.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ASC-nin xeyrinə 04 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 7478,14 USD əsas borc, 17701,56 USD faiz borcu, 4458,38 USD cərimə və kredit müqaviləsi üzrə 25 sentyabr 2018-ci il tarixdən 29 mart 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1265,7 USD məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 30903,78 USD borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh2 04 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 21 faizlə 36 ay müddətinə 50000 USD kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə 04 iyun 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 03 aprel 2015-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 25 sentyabr 2018-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 29 mart 2021-ci ilədək Cavabdeh2 banka 04 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 7478,14 USD əsas borc, 17701,56 USD faiz borcu, 4458,38 USD cərimə və kredit müqaviləsi üzrə 25 sentyab 2018-ci il tarixdən 29 mart 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1265,7 USD məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 30903,78 USD borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir ki, onun əvəzini də cavabdehlərdən tələb edir. Sonda iddiaçının nümayəndəsi, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında 04 iyun 2014-cü il tarixli 24-S-2-0-235-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh2 "xxxx" İKB ASC-dən illik 21 faizlə 36 ay müddətinə 50000 USD kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə 04 iyun 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 03 aprel 2015-ci il tarixli 24-S-2- 0-235-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsinin əlavə sazişinə əsasən kreditin müddəti 25 sentyabr 2018-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 29 mart 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 Banka əsas borc üzrə qalıq məbləğ 7478,14 USD, faiz borc üzrə qalıq məbləğ 17701,56 USD, cərimə borc üzrə qalıq məbləğ 4458,38 USD, əldən çıxmış fayda (əsas borca hesablanmış 5 faiz) 1265,7 USD borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-in 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın - Cavabdeh2 üzərinə düşür. Lakin, mülki işdə Cavabdeh2 öhdəliyini icra etməsini təsdiq edən sübutlar yoxdur. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı, Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə uyğun olaraq kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh2 vermişdir. Lakin, Cavabdeh2 kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, əsas borc və faiz borcları üzrə ödənişləri vaxtlı-vaxtında aparmamışdır. Məhkəmə tərəfindən təyin edilmiş “Məhkəmə mühasibatlıq ekspertizası” üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 25 oktyabr 2021-ci il tarixli 9/5253 saylı ekspert rəyində göstərilmişdir: “rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 04 iyun 2014-cü il tarixli 24-S-2-0-235-14 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 "xxxx" İKB ASC olan borcu 20589,19 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 7874,34 ABŞ dolları, faiz borcu üzrə 12714,82 ABŞ dolları. Qeyd edilir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh2 tərəfindən 29 mart 2021-ci il tarixdən sonra 88,10 ABŞ dolları məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi 29 mart 2021-ci il tarixə göstərildiyindən 88,10 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmadı. Qeyd edilir ki, 04 iyun 2014-cü il tarixli 24-S-2-0-235-14 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh2 cərimə borcu hesablanmadı. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1 maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Eyni Məsəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məsəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, “borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”. Göründüyü kimi, ASC cavabdehin qarşısında müqavilə ilə nəzərdə tutulduğu öhdəliklərini lazımınca icra etsə də, cavabdehlər kredit və zaminlik müqavilələri ilə üzərlərinə götürdükləri öhdəliklərini tam icra etməmişlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur: “nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin məbləğindən asılı olmayaraq ödənilməlidir. Dəbbə pulunun hesablanması qaydası müqavilədə müxtəlif müəyyən oluna bilər: müqavilədə göstərilən məbləğdən və ya onun icra edilməyən hissəsindən müəyyən faiz miqdarında; öhdəlik üzrə icra edilməyən və ya lazımınca icra edilməyən məbləğdən dəfələrlə artıq miqdarda; sabit pul məbləğində.” Göründüyü kimi, ASC cavabdehin qarşısında müqavilə ilə nəzərdə tutulduğu öhdəliklərini lazımınca icra etsə də, Cavabdeh2 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etməmişdir. Bundan başqa, tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının tələb etdiyi 4458,38 USD məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 445 ABŞ dolları məbləğində müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7874,34 ABŞ dolları əsas borc, 12714,82 ABŞ dolları faiz borcu, 445 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 25 sentyabr 2018-ci il tarixdən 29 mart 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1265,7 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 22299,86 (iyirmi iki min iki yüz doxsan doqquz ABŞ dolları səksən altı sent) ABŞ dolları borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti MPM-nin 124.1-ci maddəsinə əsasən, cavabdehlərdən tutularaq Dövlət büdcəsinə köçürülməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7874,34 ABŞ dolları əsas borc, 12714,82 ABŞ dolları faiz borcu, 445 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 25 sentyabr 2018-ci il tarixdən 29 mart 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1265,7 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 22299,86 (iyirmi iki min iki yüz doxsan doqquz ABŞ dolları səksən altı sent) ABŞ dolları borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulsun və Dövlət büdcəsinə köçürülsün. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınsın və İddiaçı ASC-nə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar