Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-321/2021 02.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı “razılaşdırılmış borcun silinməsi və s.” tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı “razılaşdırılmış borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh «xxxx» MMC arasında bağlanmış barışıq razılaşmasına uyğun olaraq tələb edilməli olmayan, lakin onun adında qalan borcun, yəni 13.500,09 ABŞ dolları təşkil edən hissəsinin və 6.908,14 ABŞ dolları faiz borcunun silinməsi vəzifəsinin və xxxxna borcun olmaması barədə məlumatın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh «xxxx» MMC arasında bağlanmış barışıq razılaşmasına uyğun olaraq tələb edilməli olmayan, lakin onun adında qalan borcun, yəni 13.500,09 ABŞ dolları təşkil edən hissəsinin və 6.908,14 ABŞ dolları faiz borcu ilə birlikdə məhkəməyə müraciət etdiyi dövrdən bu günə qədər bankın elektron sistemi tərəfindən avtomatik hesablanmış bütün borcların silinməsi və xxxxna borcun olmaması barədə məlumatın verilməsi öhdəliyinin cavabdeh «xxxx» MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehdən xx.xx.2014-cü il tarixində illik 16 faizlə 84 aylıq müddətə 45.000 ABŞ dolları kredit almış və bunun müqabilində daşınmaz əmlakını girov qoymuşdur. Krediti vaxtında ödəmişdir. Lakin, devalvasiya ilə bağlı olaraq kreditin qaytarılması məsələsinə yenidən baxılması məqsədi ilə xx xxxxxx 2017-ci il tarixində Bakı şəhəri, 28 May küçəsi, 71-77 ünvanında yerləşən «xxxx» MMC ilə qarşılıqlı razılaşma əldə edilmiş və bu razılığa əsasən 30.600 ABŞ dolları, onun 27.000 ABŞ dolları təşkil edən (50.000 manat) hissəsinin ona məxsus ünvan 2 ünvanda yerləşən əmlakın satılması hesabına, qalan 3.600 ABŞ dollarının isə 6.500 manat kimi 36 ay ərzində hər ay 180,56 manat olmaqla ödənilməsi qarşılıqlı razılıq əsasında qərara alınmışdır. Razılıq «xxxx» MMC-nin xx xxxxxx 2017-ci il tarixli, 57/HO-OUT saylı, xx xxxxxx 2017-ci il tarixli, 86/HO-OUT və xx xxxxxx 2017-ci il tarixli, 87/HO-OUT saylı razılaşma müqavilələri ilə təsdiq edilir. xx xxxxxx 2017-ci il tarixli, 87/HO-OUT saylı razılaşma müqaviləsində qeyd edildiyi kimi, onun tərəfindən 27.000 ABŞ dolları ödəniş edildi. Həmin müqavilələrdə nəzərdə tutulan 27.000 ABŞ dolları və 3.600 ABŞ dolları ödənməsi öhdəliyi bu günki tarixə onun tərəfindən tam ödənilmişdir. Hazırda onun cavabdehə heç bir kredit borcu yoxdur, belə ki, xx xxxxxx 2017-ci il tarixli, 87/HO-OUT saylı razılaşma məktubu ilə üzərinə düşən öhdəliyi tam icra etmiş, ödəmələri bank sistemində və ödəniş qəbzləri ilə təsdiqlənir. Adında olan borcun silinməsi, bu barədə xxxxna rəsmi məlumat verilməsi və kredit tarixçəsinin təmizlənməsi ilə bağlı xx.xx.2020-ci il tarixli ərizə ilə «xxxx» MMC-yə müraciət etsə də, rəsmi cavab ala bilməmişdir. Belə ki, xxxxnda onun adına olan 13.500,09 ABŞ dolları təşkil edən hissəsinin və 6.908,14 ABŞ dolları faiz borcu ödənilməmiş kimi qalmaqdadır. Lakin, xx xxxxxx 2017-ci il tarixli, 87/HO-OUT saylı razılaşma müqaviləsinə əsasən o, üzərinə düşən vəzifəsini tam icra etsə də, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, pul borcunu onun adından silməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verdi və əlavə olaraq bildirdi ki, borc ödənilib və qarşı tərəflə razılaşmaları mövcuddur. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul edərək təmin edilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2014-cü il tarixli BAKU2-21675-11255 saylı kredit müqaviləsindən görünür ki, «xxxx» MMC tərəfindən İddiaçı 84 ay müddətinə illik 16 % ödənilməsi şərti ilə 45.500 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ilə «xxxx» MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 87/HO-OUT saylı razılaşmadan görünür ki, tərəflər razılaşdırılmış 6.500 manat borcun 36 ay ərzində aylıq 180,56 manat olmaqla ABŞ dollarına çevirməklə ödənilməsi öhdəliyi tam icra edildikdən sonra «xxxx» MMC-nin kredit alan İddiaçı qarşı heç bir iddiası olmayacağına dair razılaşmışlar. “xxxx” MMC-dən xx.xx.2020-ci il tarixli, SF-1310 saylı Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı «xxxx» MMC-yə xx.xx.2014-cü il tarixli BAKU2-21675-11255 saylı kredit müqaviləsinə əsasən kreditin qalıq məbləği üzrə 13.500,09 ABŞ dolları, faiz məbləği üzrə 6.908,14 ABŞ dolları məbləğində borcu vardır. Beləliklə araşdırılmış iş materiallarından görünür ki, “xxxx” MMC tərəfindən iddiaçının adına tərtib edilmiş xx.xx.2020-ci il tarixli, SF-1310 saylı Çıxarışa əsasən İddiaçı «xxxx» MMC-yə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği üzrə 13.500,09 ABŞ dolları, faiz məbləği üzrə 6.908,14 ABŞ dolları məbləğində borclu olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən borcun tam şəkildə ödənilməsinə baxmayaraq, cavabdeh tərəfindən "xxxx" MMC-yə iddiaçının borcunun olmaması barədə məlumat verilməmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin nümayəndəsinin iddianın etirafı barədə ərizəsi məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. “xxxx”na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 6.1-6.4-cü maddələrinə əsasən bütün banklar qanuna və bu Qaydalara uyğun olaraq MKR-ə məlumatları təqdim etməlidirlər. Məlumatlar təqdim edilmədikdə, bank dərhal MKR-in məlumatlarından istifadə hüququndan məhrum olunur. MKR-də toplanan və oradan alınan məlumatlara qanunla müəyyən olunmuş bank sirrinin qorunması rejimi tətbiq edilir və MKR-dən məlumat alan banklar bu sirrin qorunmasını təmin etməlidirlər. Borcalanların düzgün eyniləşdirilməsinə görə banklar məsuliyyət daşıyırlar. İş materiallarından göründüyü kimi, tərəflər kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. İddiaçı tərəfindən xx.xx.2014-cü tarixli, BAKU2-21675-11255 saylı kredit müqaviləsi üzrə borc tam şəkildə ödənilmişdir. Lakin cavabdeh müvafiq məlumatı “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydalara uyğun olaraq "xxxx" MMC-yə verməmişdir. Beləliklə məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, «xxxx» MMC "xxxx" MMC-yə iddiaçının borcunun olmaması barədə məlumatı verməməklə iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, «xxxx» MMC ilə İddiaçı arasında bağlanmış barışıq razılaşmasına uyğun olaraq tələb edilməli olmayan, lakin onun adında qalan borcun, yəni 13.500,09 ABŞ dolları təşkil edən hissəsinin və 6.908,14 ABŞ dolları faiz borcu ilə birlikdə cavabdeh tərəfindən məhkəməyə müraciət edildiyi dövrdən bu günə qədər bankın elektron sistemi tərəfindən avtomatik hesablanmış bütün borcların silinməsi və bu barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi «xxxx» MMC-yə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «xxxx» MMC ilə İddiaçı arasında bağlanmış barışıq razılaşmasına uyğun olaraq tələb edilməli olmayan, lakin onun adında qalan borcun, yəni 13.500,09 ABŞ dolları təşkil edən hissəsinin və 6.908,14 ABŞ dolları faiz borcu ilə birlikdə cavabdeh tərəfindən məhkəməyə müraciət edildiyi dövrdən bu günə qədər bankın elektron sistemi tərəfindən avtomatik hesablanmış bütün borcların silinməsi və bu barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi «xxxx» MMC-yə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-321/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-321/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver