Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3213/2022 05.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndələri X2 və Hüseynova Rasimə Tofiq qızının iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonun Ərçivan qəsəbəsi ərazisində elektrik cərəyanı vurulması nəticəsində bir baş inəyin ölməsi ilə bağlı vurulmuş 2.600 manat məbləğində ziyanı və 46 manat 40 qəpik dövlət rüsumunu "xxxx" ASC-nin tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Astara rayonun Ərçivan qəsəbə ərazisində 4 saylı orta məktəbinin yanında olan, transformatorun yanında xx.xx.2021-ci il tarixdə bir baş sağmal inəyi elektrik cərəyanı vurması nəticəsində ölmüşdür. Bu barədə 02 dekabr 2021-ci il akt tərtib edilmiş və aktın tərtibində iştirak etmiş şəxslər bir baş inəyin elektrik cərəyanın vurması nəticəsində ölməsini təsdiq etmişlər. Bir baş inəyi elektrik cərəyanı vurması nəticəsində ölməsini xx.xx.2022-ci il tarixli yarma protokolu ilə də təsdiq edilir. Həmin protokolda bir baş inəyin elektrik cərəyanı vurması nəticəsində ölməsi qeyd edilmişdir. Bir baş inəyinin elektrik cərəyanı vurulması ilə bağlı vurulmuş ziyanın ödənilməsi ilə bağlı aidiyyəti üzrə müraciət edilmiş və maddi ziyanın vurulması ilə bağlı məhkəməyə müraciət edilməsi bildirilmişdir. Ona vurulmuş ziyan 2.600 manat təşkil edir və buraya bir baş inəyin diri çəkisinə görə qiyməti və əldən çıxmış fayda daxildir. Bir baş inəyi sağmal olmuş və əldən çıxmış faydanın ona ödənilməsinin tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X2 və X5 iddiayə etiraz edərək bildirmişdir ki, iddianı qəbul etmirlər. Heyvanları vuran transformator təmsil etdiyi cavabdehə aid deyildir. Eyni zamanda, transformator böyükdür, əgər inəkləri tok vursa idi heyvan yanıb külə dönərdi. Bəlkə də inəklər başqa yerdə ölüb, bilərəkdən ölmüş heyvanları transformatorun yanına gətirib qoymuşlar. Nəticədə belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Həmçinin, heyvanların yarılma protokolu yoxdur, tərtib olunan protokol düzgün formada tərtib edilməyib, nömrəsiz blankdır. Özəl baytar rəy verə bilməz, çünki rəy verilməsi üçün baytarın xüsusi lisenziyası olmalıdır. Ümumiyyətcə düzgün formada heyvanlar yarılmayıb. Heyvanların qiyməti barədə isə bazar müdirinin ixtiyarı olmadan kiril əlifbası ilə olan möhürlü qiymətləndirmə aparılmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişlər. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. “Pensər” bazar firmasının direktorunun xx.xx.2022-ci il tarixli arayışından görünür ki, həqiqətən “Pensər” bazarında üç yaşında inəyin satış qiyməti 1.600 manatdır. Ərçivan qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi Cəbrayıl Salmanov, Ərçivan qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin müavini İlqar Mehtiyev, Ərçivan qəsəbə üzrə özəl baytar mütəxəssisi Əzim İsrafilov, X10 Asif Zeynalov və heyvan sahibi İddiaçı iştirakı ilə xx.xx.2021-ci il tarixdə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş aktdan görünür ki, xx.xx.2021-ci il, saat təxminən 09:30 radələrində 4 saylı orta məktəbin ərazisinə yaxın məhəllədə elektrik trasformatorun yaxınlığında qara rəngdə 3 yaşda təqribi diri çəkisi 220 kq olan inəyi elektrik cərəyanı vuraraq öldürmüşdür. Ərçivan qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi Cəbrayıl Salmanov, Ərçivan qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin müavini İlqar Mehtiyev, Ərçivan qəsəbə üzrə özəl baytar mütəxəssisi Əzim İsrafilov, X10 Asif Zeynalov və heyvan sahibi İddiaçı iştirakı ilə xx.xx.2021-ci il tarixdə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş aktdan görünür ki, xx.xx.2021-ci il, tarixdə elektrik cərəyanın vurması nəticəsində ölmüş inək tərəfindən basdıqıldıqdan sonra həmin ərazi isə dezinfeksiya edilmişdir. Ərçivan Qəsəbəsi üzrə özəl baytar mütəxsəssisi İsrafilov.Ə.İ tərəfindən verilmiş rəydən görünür ki, 02 dekabr 2021-ci il tarixdə İddiaçı məxsus qara rəngdə, 3 yaşda təqribi diri çəkisi 220 kq olan inəyi elektrik cərəyanı vuraraq öldürmüşdür. Özəl baytar həkimi İsrafilov Əzim tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli yarma protokolundan görünür ki, İddiaçı məxsus hevan 02 dekabr 2021-ci il tarixdə elektrik transformatorun yanında dilindən elektrik cərəyanı vurularaq ölmüşdür. Heyvan xəstə olmamışdır. X11 Təchizatı və Satışı İdarəsi Astara Elektrik Şəbəkəsi tərəfindən Astara rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Astara rayon, X10 İddiaçı fərdi yaşayış evi Ərçivan qəsəbə A saylı məktəbin yaxınlığında olan 35/10 kk-luq Ərçivan yarımstansiyasından çıxan 10 kV-luq Orçivan hava xəttində X3 balansında olan kodu ******* olan 250 kVA transfomatordan elektrik enerjisi ilə təchiz olunur. İş materiallarında olan fotoşəkillərdən kimə məxsusluğu mübahisələndirilməyən heyvanın köpmüş vəziyyətdə cəsədin olması görünür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, iddiaçı ilə qonşudur. Yaşadıqları ərazidə köhnə transformator yolun qırağında yerləşir. Həmin transformatorun yanından hər gün uşaqlar məktəbə gedib-gəlir. Eyni zamanda, evdə teztez elektrik əşyaları xarab olur. Həmçinin, 3-cü dəfədir ki, bu səbəbdən heyvanlar ölür. Mübahisəli iddia tələbində qeyd olunan heyvanlar iddiaçıya məxsusdur. Heyvan keçəndə su çəkib elektrik vurub. O, aktın tərtibatında iştirak etmişdir. Hadisə baş verən əraziyə Astara rayonunda yerləşən baytarlıq idarəsindən həkimlər, qəsəbə bələdiyyəsi gəldi. O, orada olanda "xxxx" ASC-nin nümayəndələrini görmədi, ondan sonra ora gəlibgəlmədiklərini bilmir. O, hadisə baş verən əraziyə gələndə heyvanı tok vurmuşdu, transformatorun yanında, qan gələn vəziyyətdə öldüyünü görmüşdür. Həmin yerdə, transformatordan kənarda heyvan yarıldı. Ölmüş heyvanı bələdiyyə aparıb, özü basdırıb. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Belə ki, Mülki Məcəllənin 21.2, 1096 və 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bundan başqa, ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu məsuliyyət yüksək təhlükə mənbəyinin sahibinin təqsirindən asılı olmayaraq yaranır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, 1 baş iri buynuzlu heyvanın tələf olması yüksək dərəcəli transformatorun qoruyucu hasara alınmdan, açıq və baxımsız vəziyyətdə qalması nəticəsində baş vermişdir. Belə ki, Ərçivan qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi Cəbrayıl Salmanov, Ərçivan qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin müavini İlqar Mehtiyev, Ərçivan qəsəbə üzrə özəl baytar mütəxəssisi Əzim İsrafilov və X10 Asif Zeynalov tərəfindən heyvan sahibi İddiaçı iştirakı ilə xx.xx.2021-ci il tarixdə bu faktı təsdiq edən akt tərtib edilmişdir. Bundan əlavə özəl baytar həkimi İsrafilov Əzim tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli yarma protokolu ilə da bu fakt öz təsdiqini tapmışdır. Hadisənin "xxxx" ASC-nin əməkdaşlarının səhlənkarlığı ucbatından baş verdiyini təkzib edən hər-hansı sübut isə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə zərərin mövcud olması, cavabdehin hərəkətsizliyinin qanunsuz olması və zərərin məhz cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində baş verməsi, yəni səbəbli əlaqənin mövcud olması iş materiallarına əsasən öz təsdiqini tapmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.1-ci bəndinə əsasən enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. Həmin Qaydaların 10.17-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. Həmin Qaydaların 10.18.2-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə borcludur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərərin əvəzi olaraq 1.600 manat (heyvanın satış qiyməti) məbləğində pul vəsaiti yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə sahiblik edən cavabdeh tərəfindən ödənilməli və beləliklə də iddia bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə iddianın əldən çıxmış fayda kimi pul vəsaitinin iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı bu tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki əldən çıxmış faydanın bu məbləğdə olmasını sübut etmək yükü iddiaçının üzərinə düşür. Bu səbəbdən də iddia bu hissədə qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən vurulmuş maddi zərərin əvəzi olaraq 1.600 manat və dövlət rüsumu kimi ödənilmiş 46,40 manatın 29 manatı, cəmi 1.629 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiası qismən təmin edilsin. Dəymiş maddi zərərə görə 1.600 manat və dövlət rüsumu kimi ödənilmiş 46,40 manatın 29 manatı, cəmi 1.629 manat manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3213/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3213/2022
05.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver