Məhkəmə qərarları › İş №2(006)-3220/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3220/2023

04.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3220/2023 04.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2195/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X7 və 20 02.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq cavabdehdən hər ay bir uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2195/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı ilə Cavabdeh arasında 14 fevral 2006-cı il tarixdə Yasamal rayon VVADQ şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 127 nömrə ile qeydə alınmış nikahın pozulması, xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X8 boşanmadan sonra iddiaçı yanında qalması, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Övladları məktəblidir və əlavə olaraq məşğələlərə gedirlər, övladlarımın xərcləri günü gündən artır. Cavabdeh iddiaçı 2021-ci il üçün nəzərdə tutulmuş aliment məbləğini ödəyir. Maddi cəhətdən sıxıntılar çəkir. Ana kimi övladlarının tələbatlarını tam ödəyə bilmir. X13 Əliyev Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında Qanunu imzalayıb və uşaqların saxlanması üçün minimum pul 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Cavabdehin maddi imkanı olduqca yaxşıdır və o iddiaçı ilə qərəzli münasibətdə olduğundan doğma övladına aliment pulundan əlavə bir manat da olsa pul ödəmir. Məhkəmə iclasında iştirak edən iddiaçı - İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdiyini və iddianın tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh - Cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)2195/2021 saylı qətnaməsi ilə, X6 ve Cavabdeh arasında 14 fevral 2006-cı il tarixdə Yasamal rayon VVADQ şöbəsində bağlanmış və "Nikahın bağlanması haqqında akt qeydləri kitabında" 127 nömrə ilə qeydə alınmış nikah pozulsun. 15 oktyabr 2006-cı il təvəllüdlü X7 və 20 fevral 2009-cu il təvəllüdlü X8 boşanmadan sonra iddiaçı X1 (ananın) yanında qalsınlar. Cavabdeh X1 xeyrinə 15 oktyabr 2006-cı il təvəllüdlü X7 və 20 fevral 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 (bır yüz yetmiş beş) mənat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. xx.xx.2021-ci il tarixdə verilmiş, AZ – İ 391071 saylı Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında nikah Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarxili qərarına əsasən pozulmuşdur. Nikaha xx.xx.2021-ci il tarixində xitam verilmişdir. Nikah pozulduqdan sonra qadına Məmmədova soyadı verilmişdir. AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Abşeron rayon VVADQ qeydiyyat şöbəsi tərəfindən AZ-İ 873606 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X2r. Abşeron rayon VVADQ qeydiyyat şöbəsi tərəfindən AZ-İİ 228599 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X2r. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışa əsasən, Cavabdeh xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mediasiya Şurası Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən MŞB/18/2023-00785 saylı, xx.xx.2023-cü il tarixdə verilmiş, ilkin mediasiya sessiyasında davam etdirilməməsi barədə arayışdan görünür ki, iddiaçı X6 ilkin mediasiya sessiyasında iştirak etmiş və X6 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması haqqında Abşeron Rayon Məhkəməsinin 2(012)2195/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin qəbul edilməsindən xeyli müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Məhkəmə yuxarıda sadalanan xüsusatları və 2023-cü il üçün uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)2195/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini dəyişərək, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-2195/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan hər ay hər uşaq üçün 175 olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq, hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar