Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3221/2023 11.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi zərərin əvəzinin alınması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "maddi zərərin əvəzinin alınması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 2 rəs atı vardır. Onları kəndin kənarında yerləşən otlaq sahəsinə ötürür, orada otlayırlar. Onların ərazinin elektrik xətlərinə "xxxx" ASC-nin ərazi elektrik şəbəkəsi baxır. 02 iyun 2023-cü il tarixdə saat 14:35 radələrində Pirili-Ərəbqubalı 19 kvt hava xəttinin biri asılqandan çıxmış, yer səthinə 1 metr məsafəyə düşmüş və bu zaman ona məxsus 2 rəs 4-5 yaşlarında olan atlarını vuraraq öldürmüşdür. Bu barədə Kürdəmir rayonu Ərəbqubalı bələdiyyəsinin sədri X1, Kürdəmir rayon şəbəkəsinin elektrik çilingəri X2 və iddiaçının iştirakı ilə həmin gün baxış keçirilib akt tərtib olundu. Baytar həkim də heyvanların cəmdəklərinə baxıb elektrik cərəyanı vurması nəticəsində ölmələrini təsdiq etdi. Heyvanların cəsədlərinin foto-şəklini də çəkdilər. Atlarının hər rəsinin dəyəri 300 manat, cəmi 600 manat təşkil edir. İddiaçıya məxsus atlar elektrik naqillərinin asılqandan çıxıb yer səthinə yaxın düşməsi, onları elektrik cərəyanının vurması nəticəsində tələf olmuşdur və elektrik şəbəkələrinin qorunmasını, onların mühafizə zonasını müəyyən etmək bilavasitə elektrik ötürücü xətlərinin istismarçısının, yəni hazırki cavabdehin vəzifəsidir. Göstərilənlərə əsasən, cavabdeh "xxxx" ASC-dən hər biri 300 (üç yüz) manat dəyərində 2 rəs at heyvanlarının elektrik cərəyanı vurması nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 600 (altı yüz) manat pulun və ödənilmiş 31.40 (otuz bir manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb, işdə olan sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, hazırda “Mal bazarında” orta yaşlı 1 baş atın satış qiyməti 300 manat təşkil edir. Cəmi 2 baş atın birlikdə orta satış qiyməti 600 manat təşkil edir. Mülki işin materiallarında olan 6 və 7 nömrəli yarma protokollarından görünür ki, 2 baş at otlaq sahəsində otlayarkən asılqandan çıxmış yüksək gərginli cərəyanının düşməsi səbəbindən baş vermişdir. Mülki işin materiallarında olan Kürdəmir rayonun Ərəbqubalı Bələdiyyəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 114№-li Arayışdan görünür ki, 2023-cü ilin iyun ayında 10 kvt-lıq elektrik xətti vurub öldürdüyü 2 baş at ona məxsus olmuşdur. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixxxllli, ********** nömrəli qəbzdən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 31.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus iki rəs at 02 iyun 2023-cü il tarixdə otlaq sahəsində otlayarkən asılqandan çıxmış yüksək gərginli cərəyanının düşməsi səbəbindən tələf olmuşlar. İşin materiallarından göründüyü kimi həmin heyvanların birinin hazırda bazar qiyməti 300 manat dəyərindədir. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC-dən iki rəs ata görə 600 (altı yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin dövlət rüsumunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddia qaldırılması üçün ödənilən 31.40 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən İddiaçı xeyrinə ödənilməlidir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASCdən hər biri 300 (üç yüz) manat dəyərində 2 rəs at heyvanlarının elektrik cərəyanı vurması nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 600 (altı yüz) manat pul və ödənilmiş 31.40 (otuz bir manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən hər biri 300 (üç yüz) manat dəyərində 2 rəs at heyvanlarının elektrik cərəyanı vurması nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 600 (altı yüz) manat pul və ödənilmiş 31.40 (otuz bir manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3221/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3221/2023
11.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver