Məhkəmə qərarları › İş №2(006)-3227/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3227/2023

03.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3227/2023 03.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Şəhər Probasiya İdarəsi Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təhkim edilmiş elektron nəzarət vasitəsinin 2277,40 manat dəyərində pul məbləğinin ondan tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tağıyev X2 Rayon Məhkəməsinin 1(001)- 623/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkəmə tərəfindən məhkumun üzərinə yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitəni işlək vəziyyətdə saxlamaq, Bakı şəhərinin ərazisini tərk etməmək vəzifələri qoyulmuşdur. Hökm və onun icrasına dair hakimin xx.xx.2022-ci il tarixli göstərişi xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin icraatına daxil olmuş, məhkum xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyatdan keçdikdən sonra onunla fərdi söhbət aparılmış və həmin tarixdə ona yaşadığı ünvanda “Attenti” markalı elektron nəzarət vasitəsi komplektinə daxil olan elektron qolbaq tətbiq edilərək ona üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Məhkum Cavabdeh xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Probasiya İdarəsinə müraciət edərək, ona təhkim edilmiş “Attenti” markalı mobil qurğunu Səbail rayonu ərazisində itirdiyini bildirmiş, bu barədə həmin tarixdə məhkumun izahatı alınmış və mobil qurğunun dəyərinin ondan tutulacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi maliyyə arayışına görə həmin elektron nəzarət vasitəsinin dəyəri 2277,40 manat təşkil edir. Məhkum tərəfindən dəymiş ziyan ödənilmədiyindən və mübahisənin başqa həlli mövcud olmadığından, iddiaçı Bakı Şəhər Probasiya İdarəsi hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı Bakı Şəhər Probasiya İdarəsinin nümayəndəsi Nəsimi Abuşov məhkəməyə gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və yekun qərarın verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, əvvəlki məhkəmə iclasında verdiyi izahata uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, iş üzrə təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-623/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən onun ibtidai istintaq dövründə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək həbsdə saxlanıldığı 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilmiş, Cavabdeh azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzanın icra olunduğu müddət ərzində Cavabdeh üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuş, cəzanın icra olunduğu müddət ərzində Cavabdeh üzərinə yaşayış yerini gecə 23:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmuş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməmişdir. 1(001)-623/2022 saylı xx.xx.2022-ci il tarixli hökmün icrası barədə göstərişdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair 01 noyabr 2022-ci il tarixdə qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 1(001)-623/2022 saylı hökmünün surəti icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə göndərilmişdir. Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh barəsində tərtib edilmiş məlumat vərəqi məhkumların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə Probasiya Xidmətinə göndərilmişdir. Bakı Şəhər Probasiya İdarəsi tərəfindən Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək Binəqədi Rayon Məhkəməsinin 1(001)-623/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş məhkum Cavabdeh barədə hökmün surəti və onun icrası barədə göstəriş xx.xx.2022-ci il tarixdə böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Nəsimi Abuşovun icraatına qəbul edilmişdir. Bakı Şəhər Probasiya İdarəsi tərəfindən məhkum Cavabdeh ünvanlanmış azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin gəlib qeydiyyatdan keçməsi barədə xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək Binəqədi Rayon Məhkəməsinin 1(001)-623/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edildiyindən qeydiyyatdan keçmək üçün 3 gün müddətində Bakı Şəhər Probasiya İdarəsinə gəlməli olduğu, üzrsüz səbəbdən həmin müddətdə gəlmədiyi təqdirdə barəsində məcburi gətirilmə və tənbeh tədbiri tətbiq olunacağı bildirilmişdir. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslə aparılmış ilkin fərdi söhbətin nəticələrinə dair xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı Şəhər Probasiya İdarəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə saat 15:50-də Bakı Şəhər Probasiya İdarəsində fərdi qaydada söhbət aparmış, fərdi söhbət zamanı məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı bir daha izah edilmişdir. xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, Tağıyev X2 Rayon Məhkəməsinin 1(001)- 623/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza və üzərinə qoyulmuş vəzifələr barədə izahat vermiş, icra məmuru tərəfindən cəzanın icrası qayda və şərtləri, məhkəmə tərəfindən üzərinə qoyulan vəzifələrin ona izah edildiyini bildirmiş, heç bir qayda və qanun pozuntusuna yol verməyəcəyinə, həftədə 2 dəfə olmaqla fərdi söhbətlərin aparılması üçün Bakı Şəhər Probasiya İdarəsinə gələcəyinə və üzərinə qoyulmuş vəzifələri yerinə yetirəcəyinə söz vermişdir. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Məhkum Cavabdeh “Attenti” markalı elektron qolbaq tətbiq edilmiş, ona 1 ədəd mobil qurğu təhkim edilərək, 1 ədəd adapter və telefon üzlüyü təhvil verilmişdir. Cavabdeh tərəfindən Bakı Şəhər Probasiya İdarəsinin böyük icra məmuru Nəsimi Abuşova ünvanlanmış xx.xx.2023-cü il tarixli izahatda qeyd edilmişdir ki, təqribən bir müddət əvvəl ona təhkim olunan mobil qurğu Səbail rayonu ərazisində Şahmat klubunun arxasında cibindən düşmüş və xəbərsiz olduğundan geri qayıdıb tapa bilməmiş, səhəri gün icra məmuruna bununla bağlı məlumat vermişdir. Bakı Şəhər Probasiya İdarəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Nəsimi Abuşov tərəfindən tərtib edilmiş elektron nəzarət vasitəsinin texniki vəziyyətinin yoxlanılması və yenisi ilə əvəz edilməsinə dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh ona təhkim edilmiş mobil qurğunu itirdiyindən, elektron qolbaq onun üzərindən çıxarılmış və yeni “Attenti” markalı 35654582 nömrəli elektron nəzarət vasitəsi ilə əvəz edilmişdir. "xxxx" QSC tərəfindən Probasiya Xidmətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, sadə elektron qolbaq, mobil nəzarət qurğusu, elektrik adapteri və proqram lisenziyasından ibarət 1 ədəd komplektin qiyməti 1930 manat, ƏDV 347.40 manat, cəmi 2277.40 manat təşkil edir. "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Probasiya Xidmətində istifadədə olan “Attenti” markalı elektron nəzarət vasitələri (komplekt halda) Ədliyyə Nazirliyi ilə bağlanmış müqavilə əsasında təqdim olunur və şirkət tərəfindən digər şəxslərə pərakəndə satış həyata keçirilmir. Bu səbəbdən elektron nəzarət vasitəsinin hissələri üçün ayrıca qiymət təqdim edilə bilməz. Elektron nəzarət vasitəsinin tam komplektinin qiyməti haqqında məlumatı Ədliyyə Nazirliyinin Maliyyə-Təminat İdarəsindən əldə etmək mümkündür. Texniki tərəfdən itirilmiş və yaxud sındırılmış mobil nəzarət qurğusunu digəri ilə əvəz edib, komplekti tamamlayıb yenidən istifadə etmək mümkündür. Lakin əvvəldə də qeyd edildiyi kimi, hal-hazırda qeyd olunan qurğunun hissələrinin ayrı-ayrılıqda satışı onlar tərəfindən həyata keçirilmir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-623/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökmün icrası iddiaçı Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilmiş, cəzanın icra olunduğu müddət ərzində cavabdehin üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuşdur. xx.xx.2022-ci il tarixdə cavabdehə vəzifələri izah olunmaqla və nəticələri barədə xəbərdarlıq edilməklə “Attenti” markalı elektron qolbaq tətbiq edilmiş və ona 1 ədəd mobil qurğu təhkim edilərək, komplekt halda təhvil verilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə cavabdeh izahat yazaraq, təqribən bir müddət əvvəl ona təhkim olunan mobil qurğunun Səbail rayonu ərazisində Şahmat klubunun arxasında cibindən düşdüyünü və xəbərsiz olduğundan geri qayıdıb tapa bilmədiyini, səhəri gün icra məmuruna bununla bağlı məlumat verdiyini bildirmiş, həmin tarixdə icra məmuru tərəfindən aktlaşdırılaraq ona təhkim edilmiş mobil qurğunu itirdiyindən, elektron qolbaq üzərindən çıxarılmış və yeni “Attenti” markalı 35654582 nömrəli elektron nəzarət vasitəsi ilə əvəz edilmişdir. İşdə olan sübutlar əsasında müəyyən edilir ki, sadə elektron qolbaq, mobil nəzarət qurğusu, elektrik adapteri və proqram lisenziyasından ibarət 1 ədəd komplektin qiyməti 2277.40 manat (ƏDV daxil) təşkil edir. Məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, “Attenti” markalı elektron nəzarət vasitələri (komplekt halda) Ədliyyə Nazirliyi ilə bağlanmış müqavilə əsasında "xxxx" QSC adlı şirkət tərəfindən təqdim olunur və digər şəxslərə pərakəndə satış həyata keçirilmir. Bu səbəbdən elektron nəzarət vasitəsinin hissələri üçün ayrıca qiymət müəyyən edilmir. İtirilmiş mobil nəzarət qurğusunu digəri ilə əvəz edib, komplekti tamamlayıb yenidən istifadə etmək mümkün olsa da, hal-hazırda qeyd olunan qurğunun hissələrinin ayrı-ayrılıqda satışı onlar tərəfindən həyata keçirilmir. Məhkəmə iddia tələbini araşdıraraq qeyd edir ki, cavabdehə xəbərdarlıq olunmasına baxmayaraq, iddiaçı tərəfindən ona tətbiq edilmiş elektron qolbağa təhkim edilmiş mobil nəzarət qurğusunu itirməsi səbəbindən iddiaçıya maddi ziyan dəyməsi işin mübahisəsiz halını təşkil edir. Cavabdeh mobil nəzarət qurğusunu itirdiyini və dərhal polisə, səhəri gün isə Probasiya İdarəsinə məlumat verdiyini etiraf edir, lakin tələbdə göstərilən məbləği qəbul etmir. Cavabdehin “komplektin tam sıradan çıxmaması, itirilmiş qurğunun başqası ilə əvəz edilməsinin mümkünlüyü səbəbindən iddia tələbinin tam həcmdə təmin edilməməli olması” dəlilinə münasibətdə qeyd edilməlidir ki, müqavilə əsasında Ədliyyə Nazirliyinə elektron nəzarət qurğusunu satan şirkətdən əldə edilmiş məlumat əsasında müəyyən edilmişdir ki, qurğunun hissələri komplekt halda satılır, buna görə də hissələrin qiymətini təyin etmək mümkün deyil. Belə olan halda məhkəmə hesab edir ki, etirazın dəlili əsassızdır. İddia tələbi isə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə görə, elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İddia tələbinin qanuni əsası tapılırsa və tələb qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşırsa, bu zaman iddia təmin edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh maddi zərərə görə 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq iddiaçı Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh maddi zərərə görə 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar