Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3241/2024 15.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı Kərı̇ mova Ülvı̇ yyə Əflatun qızının iştirakı ilə, İddiaçı Kərı̇ mova Ülvı̇ yyə Əflatun qızının cavabdeh Şahmərdanova Vüsalə Qı̇ yafəddı̇ n qızına qarşı "istehlakçı hüquqlarının müdafiəsi" tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Kərı̇ mova Ülvı̇ yyə Əflatun qızı cavabdeh Şahmərdanova Vüsalə Qı̇ yafəddı̇ n qızına qarşı "istehlakçı hüquqlarının müdafiəsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pozulmuş istehlakçı hüquqlarının bərpa edilərək, cavabdeh X1 1870 manat pul alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə və həmin şəxsin əməllərində dələduzluq cinayətinin tərkibi olduğuna görə prokurorluğa məlumat verilməsi barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə məcburi köçkün kimi Xəzər rayonunda müvəqqəti məskunlaşmışdır. 2000-ci il təvəllüdlü qızı X3 təhsili ilə bağlı iddiaçıya bir ədəd noutbuk lazım olmuş, bu məqsədlə xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən “On/Of” mağazasından 1870 manata 12 ay zəmanətlə “HP” markalı noutbuk almışdır. Kompüterin qiyməti 1600 manat olduğu halda, bir kartla ödəniş etdiyi üçün iddiaçıya bankdan faiz tutacağı bildirilmiş və buna görə də 1870 manat ödəniş edilmişdir. İddiaçı ödəniş etdikdən sonra aldığı məhsulun hərtərəfli yoxlanılmasını xahiş etmiş, noutbuk xaricdə təhsil alan övladı üçün alındığına görə ölkə xaricinə aparılacağını bildirmişdir. İddiaçıya heç bir problemin olmadığı bildirilmişdir. İddiaçı həmin kompüteri alarkən, həmin mağaza sahiblərinin özlərinə yaxın olan şəxslə mağazaya getmişdir. Noutbuku alıb evə apardıqdan sonra, həmin gün açıb işləməsinə baxmış, evində eyni adda kompüter olduğu üçün, yenisini qızına göndərmək üçün qutuya qoyub saxlamışdır. Kərı̇ mova Ülvı̇ yyə Əflatun qızı 2023-cü ilin sentyabr ayında qızı ilə birlikdə Türkiyəyə gedib övladını yerləşdirdikdən sonra geri qayıtmışdır. Onun dərsləri oktyabr ayında başlayanda kompüterdən istifadə edəcəkdi. Oktyabr ayında qızının dərsləri başlamış, qızı dərsi ilə bağlı kompüterdən istifadə etmək istəyərkən, kompüterin açıldığını, bir müddət sonra isə söndüyünü bildirmişdir. Bir müddət sonra isə kompüterin 5 gün işlədiyini, 15 gün dayandığını, daha sonra eyni halın təkrarlandığını bildirmişdir. İddiaçı bu barədə mağazaya məlumat vermiş, onlar HP-nin Türkiyədə servisi olduğunu, aparıb orada yoxlatmasını bildirmişlər. İddiaçı həmin servisin ona verilən qarantiya ilə təmirini soruşduqda isə, ona mümkün olmadığı bildirilmişdir. 2024-cü ilin fevral ayında qızı Bakı şəhərinə qayıdarkən noutbuku da gətirmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə noutbuku mağazaya təhvil vermiş və 10 gün müddətində kompüteri təmir edib vermələrini xahiş etmişdir. Lakin mağaza tərəfindən kompüter qəbul edilərkən su töküldüyü bildirilmişdir. İddiaçı ilə birgə gedən usta əl vurmadıqlarını, özlərinin açmasını söyləmiş, bu zaman onlar dedikləri sözü geri götürmüşlər. Onlar kompüteri təhvil verib qayıtdıqdan sonra səhəri günü “siz bu kompüteri necə açırsınız?” deyə iddiaçıya zəng etmişlər. Özləri belə kompüteri işə sala bilməmişlər. İddiaçı onlarla tez-tez əlaqə saxlamış, ona kompüterin zavoddan qüsurlu gəldiyi, platasının xarab olduğu bildirilmişdir. İddiaçı hər dəfə zəng etdikdə bir bəhanə gətirilmiş, iddiaçıya ya yeni kompüter verilməli, ya da dəymiş zərər ödənilməlidir deyə bildirilmişdir. Elə edilsə iddiaçıya çox zərər dəyəcəkdir. İddiaçı kompüteri tez bir zamanda düzəldib verilməsini xahiş etsə də, 10 gün keçmiş, 20 gün olmuşdur. İddiaçı zəng edib ona təcili kompüter lazım olduğunu, övladının dərslərə qoşula bilmədiyini söyləmiş, onlar servisin cavab vermədiyini bildirmişlər. İddiaçı bu zaman servislə əlaqə saxlamış, servis tərəfindən kompüterin ümumiyyətlə xarab olduğu, ən tez 3- 5 ay ərzində söz deyə biləcəkləri bildirilmişdir. İddiaçı buna etiraz etmişdir. Servis heçnə edə bilməyəcəklərini, iddiaçıya mağazaya gedib zərərin əvəzini tələb etməsini bildirmişlər. İddiaçı yenidən mağazaya getmiş, mağaza bəhanələr gətirmişdir. Mağaza iddiaçıya kompüterin qutusunu gətirməsini, beləliklə aktlaşdırıb götürəcəklərini bildirmişdir. İddiaçı kompüterin qutusunu aparıb onlara təhvil vermiş, bu zaman kompüterin zədəli olduğunu bildirilmişdir. İddiaçı kompüteri onlara təhvil verərkən, onlarla əməkdaşlıq edən Vüqar adlı şəxsin yanında olduğunu bildirmişdir. İddiaçı onlardan müdiriyyəti tələb etsə də, müdiriyyət ilə görüşə bilməmişdir. O, məcburiyyətdən 102 qaynar xəttinə müraciət etmiş, xx.xx.2024cü ildə etdilən şikayət üzrə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsi xx.xx.2024-cü il tarixli məktubla cavab verərək, göstərilən xüsusatlar mülki xarakterli olduğuna görə iddiaçıya məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Bundan başqa iddiaçı istehlakçı hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmiş, heç bir nəticəsi olmadığı üçün məhkəməyə müraciət etmişdir. Onu da bildirmişdir ki, 2024-cü ilin fevral ayından noutbuk cavabdehdə və ya onların servisindədir. Məhkəməyə cavabdeh Şahmərdanova Vüsalə Qı̇ yafəddı̇ n qızı tərəfindən ərizə ünvanlanmışdır. Ərizə onunla əsaslandırılmışdır ki, həqiqətəndə xx.xx.2023-cü il tarixdə Ülviyə Kərimova adlı şəxs və şəxslər tərəfindən mağazadan Kapital Banka məxsus olan BirBank taksit kartı vasitəsi ilə “HP” markalı noutbuk 12 aylıq taksitlə alınmışdır. Alan zaman həmin şəxslərə noutbuk yoxlanıb heç bir qüsur aşkarlanmadan zəmanət talonu ilə bir yerdə təhvil verilmiş, İddiaçı qeyd etdiyi kimi 3 aydan sonra yox, 7 aydan sonra yəni xx.xx.2024-cü il tarixində kompüterdə problem olduğu qeyd edilərək onlara müraciət edilmişdir. Onlar “HP” markasının yalnız satıcısı olduqlarını və Azərbaycanda “HP” markasının rəsmi servis mərkəzi, yəni “Bestcomp Group” servis mərkəzi olduğunu bildirmiş, istənilən şəxsin “HP” servis mərkəzinə yaxınlaşıb zəmanət talonunu və xarab olmuş noutbuku təqdim edib pulsuz təmirdən istifadə edə biləcəyi izah edilmişdir. Lakin qarşı tərəfin təkidi ilə elə həmin gün noutbuk “HP” markasının servis mərkəzinə göndərilmiş (halbuki şəxs özü aparmalı idi) və qarşı tərəfə işinin ləngiməməsi üçün onlar tərəfindən noutbuk təklif edilmişdir. Amma İddiaçı noutbuku Türkiyəyə göndərməli olduğunu, ona görə başqa noutbuk istəmədiyini, öz noutbukunu istədiyini bildirmişdir. Kompüter “HP” servisdə olduğu müddətdə də onlar tərəfindən servislə əlaqə saxlanılmış, İddiaçı mütəmadi olaraq məlumatlandırılmışdır. İddiaçı qeyd etdiyi noutbukda 3 ay sonra istehsal xarakterli qüsurun yaranması və bunun mağazanın təsdiq etməsi yalan və absurd məlumatdır. İddiaçı kompüteri 7 ay sonra mağazaya təqdim etdiyi zaman kompüter ümumiyyətlə işləməmiş və ana platası sıradan çıxmışdır. Ana plata əvvəldən işlək olmasaydı İddiaçı noutbuku 7 ay işlədə bilməzdi və bu da ona dəlalət edir ki, noutbukda heç bir istehsal xarakterli qüsur olmamışdır. (Noutbukun içində İddiaçı qızı Nigar Kərimova xanıma məxsus hətta 2024-cü il yanvar ayında belə hazırlanmış word və excel fayllar mövcuddur). Bundan sonra İddiaçı oğlu ilə bərabər mağazaya 24 mart 2024-cü il tarixdə yaxınlaşmış və bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Türkiyə dövlətinə gedəni var noutbuku göndərməlidir. Bu zaman mağazanın əməkdaşları İddiaçı bildirmişdir ki, Azərbaycan Respublikasında Novruz bayramı ilə əlaqədar bayram tətilinə əsasən iş günləri xx.xx.2024-cü il tarixdə başlayır və həmin gün uzağı 28-i bu məsələ onlar tərəfindən həll olunacaqdır. Əgər həmin tarixdə servisdə olan noutbuk düzəlməsə həmin noutbukdan 1 ədəd xx.xx.2024-cü il tarixdə Amerikadan təcili poçt daşınması ilə sifariş olunduğu, sadəcə olaraq bayram günlərinə düşdüyünə görə məlumat ala bilmədiklərini, onu detal kimi istifadə edib ana platasını xanımın noutbukuna qoyub məlumatların itməmək şərti ilə İddiaçı təqdim olunması bildirilmişdir. İddiaçı razılaşıb, sağollaşıb mağazanı tərk etmiş, 27 mart tarixində “HP” servisi tərəfindən mağazaya zəng olunub noutbukun hazır olduğu barədə məlumat verilmiş və onlar da eyni məlumatı Kapital Bank müştərisi olan İddiaçı təqdim etmiş və İddiaçı kompüterdən imtina etdiyini, pulunu istədiyini, işdə olduğunu və 6-cı gün (xx.xx.2024-cü il tarixdə) gələcəyini söyləmişdir. İddiaçı 6-cı gün mağazaya yaxınlaşıb hay-küy salaraq pulunu tələb etmiş, lakin onlar İddiaçı noutbukun hazır olduğu və tələb etdiyi pulun İddiaçı qaytarıla bilməyəcəklərini izah etmişlər. Çünki, əsas səbəb İddiaçı kompüteri Kapital Bankın BirBank taksit kartı ilə alması və onun Kapital Bankın müştərisi, Kapital Bankın isə mağazanın müştərisi və ya bir növ partnyoru olmasıdır. Əlavə olaraq, İddiaçı ayrılan kredit xəttinin ləğv olunması və ya o pulun hansı hissəsinin İddiaçı kartına qaytarılıb-qaytarılmaması onların səlahiyyətdə olmayan məsələdir. Ümumiyyətlə, İddiaçı heç Kapital Banka krediti tam ödəyib bağlamamış, yəni tələb edilən 1870 (min səkkiz yüz yetmiş) manat pul nə İddiaçı tərəfindən Kapital Banka ödənilməmiş, nə də ki, Kapital Bank mağazaya o qədər pul köçürməmişdir. İddiaçı telefonu çıxarıb zəng edib mağazanı 102 qaynar xəttinə şikayət etmiş, daha sonra isə mağazadan uzaqlaşaraq Nəsimi RPİ-nin 22-ci polis bölməsinə ərizə ilə müraciət edərək mağazanı şikayət etmişdir. İddiaçı son 20 gündə dəfələrlə mağazaya dəvət edib noutbukunu təhvil alması üçün müraciət edilmiş, hətta kompüterin “HP” servis tərəfindən yoxlanılıb, test olunub, tam işlək vəziyyətdə mağazada olduğu bildirilmişdir. İddiaçı isə onları həm polisə verəcəm həm də məhkəməyə verəcəm deyə hədə-qorxu gəlmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, “HP” servis mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul olunmuş, və zəmanətlə təmir olunan “HP ENVY X360 15ey0013dx” model kompüter HP-nin qəbul sənədində 40 gün qeyd olunmağına baxmayaraq 30 gün ərzində, yəni 27 mart 2024-cü il tarixdə hazır olmuş və müştəriyə məlumat verilmişdir, yubanma səbəbi həmin aralıqda olan qeyri-iş günlərinin çox olmasıdır. HP servis mərkəzinin stokunda bütün malların ehtiyat hissələri mövcud olmadığı üçün sıradan çıxmış ana platalar və bu tipli satışı və stoku mümkün olmayan detallar servis mərkəzi tərəfindən sorğu verilərək xaricdən gətirilir, sorğuya cavab, yol, daşınma gömrük və digər gözlənilən və gözlənilməyən hadisələri nəzər alaraq bu tip məslələrdə avadanlığın hazırlanması bəzən 40 günə kimi uzana bilir. Belə hallarda mağaza müştərilərə dəstək üçün əlindən gələn bütün köməklikləri etməyə çalışır. İddiaçı da dəfələrlə işinin gecikməməsi, işində problem yaranmaması üçün mağaza tərəfindən noutbuk təklif olunmuş amma İddiaçı imtina etmiş, öz noutbukunun hazır olmasını gözlədiyini bildirmiş və hətta mağazaya gəldiyi 24 mart tarixində noutbukun ona mart ayının 30-u tarixində, şənbə günü lazım olacağını demişdir. Hətta onlar İddiaçı cavab olaraq, daha tez hazır olarsa özləri göndərəcəklərini desələr də, İddiaçı nə özünün nə oğlunun iş müddəti işdən çıxa bilməyəcəyini qeyd etmiş və göndərməyə ehtiyacın olmadığını, şənbə günü işləmədiyini, özünün gəlib təhvil alacağını və bundan sonra Türkiyəyə yola salacağını bildirmişdir İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Şahmərdanova Vüsalə Qı̇ yafəddı̇ n qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş **********14001 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən “On/Off Elektroniks” mağazasına 1870 manat ödəniş edilmişdir. İş materiallarında olan 14 avqust 2023-cü il tarixli 11831 nömrəli fakturadan görünür ki, ”HP” markalı kompüter üçün zəmanət müddəti 12 aydır. İş materiallarında olan “BestComp Group” servis mərkəzi tərəfindən tərtib olunmuş 135458 nömrəli qəbzdən görünür ki, “HP” markalı kompüterin nasazlığı “no power” , fiziki zədələr olaraq isə “minor scratches” olaraq qeyd edilmişdir. İş materiallarında olan Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin İddiaçı ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, müraciətdə qeyd olunanlarla bağlı araşdırma aparılmış, göstərilən xüsusatlar mülki xarakterli olduğuna görə iddiaçıya məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Şahmərdanova Vüsalə Qı̇ yafəddı̇ n qızına ünvanladığı xx.xx.2024-cü il tarixli 3-21-1/2-K-xx-xx/2024 saylı məktubdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə “On/Of” mağazasından 1 illik zəmanətlə 1870 manat dəyərində “HP” markalı kompüter aldığını, təxminən 3 ay sonra malda qüsur yarandığını, bu səbəbdən kompüterin müayinə olunması məqsədi ilə mağazaya müraciət etdiyini və mağaza tərəfindən malda istehlak xarakterli qüsurun mövcud olduğunun təsdiq edildiyini bildirmişdir. Qeyd olunanlarla əlaqədar, xx.xx.2024-cü il tarixdə malı təmir edilməsi məqsədi ilə mağazaya təhvil versə də, təmir müddətinin yubaldığını üçün (təmir üçün 10-40 gün müddət nəzərdə tutulub), bu səbəbdən ödədiyi vəsaitin geri qaytarılmasını tələb etdiyini bildirərək, istehlakçı hüquqlarının qorunmasına köməklik göstərilməsini xahiş etmişdir. Bununla əlaqədar bildirilir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan həmin malı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehsalçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İstehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır. İstehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir. Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı (istehsalçı) qarşısında bu maddənin birinci bəndinin ikinci, üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulmuş digər tələblərin yerinə yetirilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nın 5.57-ci bəndinə əsasən satıcı lazımi keyfiyyətdə olmayan malı istehlakçıdan almağa, zəruri hallarda isə malın keyfiyyətini yoxlamağa borcludur. Malın keyfiyyəti yoxlanılarkən, istehlakçının şəxsən və ya nümayəndəsinin iştirak etmək hüququ vardır. Qeyd olunanlarla əlaqədar istehlakçının şikayətinin əsaslarını nəzərə alaraq “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələblərini rəhbər tutaraq, qaldırılan məsələyə zərurət yarandığı təqdirdə vətəndaşın iştirakı ilə baxıb, qanunamüvafiq tədbirlərin görülməsini və nəticəsi barədə məlumatın, həmçinin malın müayinə edilməsinə dair sənədin (akt, texniki rəy və s.) surətinin 5 (beş) iş günündən gec olmayaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi xahiş edilmişdir. İlkin olaraq qeyd edilməlidir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmış və alıcının almış olduğu mal keyfiyyətinə görə müqavilə şərtlərinə uyğun olmamışdır. Malın keyfiyyətli olmaması isə hazırki iddia tələbinin irəli sürülməsi ilə nəticələnmişdir. Belə ki, mübahisə iddiaçı tərəfindən alınmış olan əşyanın keyfiyyətli olmaması səbəbilə sonuncunun həmin əşyadan təyinatı üzrə istifadə etmək imkanından məhrum olması ilə əlaqədardır. İddia ərizəsində və ona əlavə edilmiş sənədlərdə əşyanın On/Off mağazasından alındığı göstərilsə də, Vergi ödəyicisi məlumatlarından çıxarışdan görünür ki, ********** VÖEN adı altında satıcı qismində X2 fəaliyyət göstərir. Məhkəmə qeyd edir ki, tərəflər arasında alğı-satqı müqaviləsinin bağlanması ilə iddiaçı (müqaviləyə görə alıcı) Kərı̇ mova Ülvı̇ yyə Əflatun qızı cavabdeh (müqaviləyə görə satıcı) Şahmərdanova Vüsalə Qı̇ yafəddı̇ n qızından “HP” markalı noutbuk almış və aldığı əşyanın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin əşyada aşkar edilmiş qüsurlar iddiaçının aldığı əşyadan təyinatı üzrə istifadə edə bilməməsi, sonuncunun əşyanın təmiri ilə əlaqədar cavabdehə müraciət etməsi, müraciətinin uzun müddət nəticəsiz qalması, bununla da iddiaçının almış olduğu əşyanı satıcıya təhvil verməsi ilə nəticələnmişdir. Cavabdeh tərəf isə öz növbəsində satılmış əşyada aşkar edilmiş qüsurların mövcud olmasını məhkəməyə ünvanlamış olduğu ərizəsində qəbul etsə də, əşyanın təmir olunduğunu, zəmanət talonunda təmir müddətinin 40 günədək müəyyən edildiyini, əşyanın 30 gün ərzində artıq hazır olduğunu, lakin həmin aralıqda qeyri-iş günlərinin sayının çox olduğunu, bu səbəbdən gecikmənin baş verdiyini və hazırda əşyada heç bir qüsurunun olmadığını və bu barədə iddiaçıya da tərəflərindən məlumat verilməsini bildirmişdir. Məhkəmə cavabdeh tərəfin bu dəlili ilə əlaqədar qeyd edir ki, zəmanət talonunda əşyanın təmir müddəti 10-40 gün aralığında müəyyən edilmiş olsa da, bu müddət əşyanın məhz sonuncu gün təhvil verilməli olması halını ehtiva etmir. Eyni zamanda, satıcı həmin ərəfədə qeyri-iş günlərinin sayının çox olması, bu səbəbdən gecikmənin baş verməsi ehtimalının yüksək olmasına diqqət yetirib, alıcının mənafeyini nəzərə alıb əşyada olan qüsurların aradan qaldırılması üçün daha öncədən tədbirlər görə bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 582.1-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 582.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını; əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını; əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin. 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.5-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan həmin malı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehsalçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Həmin Qanunun 7.3-cü maddəsinə görə istehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir. Yuxarıda sadalanmış olan maddi hüquq normaları ilə müəyyən edildiyi kimi, alğısatqı müqaviləsinin mühüm şərtlərindən biri də satıcının alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn və yaxud əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borclu olmasından ibarətdir. Lakin hazırki işin hallarından görünür ki, satıcı tərəfindən həmin şərtlərə əməl edilməmiş və bu hallar alıcının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qanunvericiliyə görə alıcıya qüsurlu əşya verildikdə, alıcı əşyanın alış qiymətinin azaldılmasını, qüsurun satıcının hesabına azaldılmasını tələb etmək hüququ vardır. Lakin əgər söhbət əşyanın keyfiyyətinə aid tələblərin əhəmiyyətli dərəcədə pozulmasından gedirsə, bu hal alıcıya öz seçimi əsasında alğı-satqı müqaviləsinin icrasından imtina etmək və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək, yaxud lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etmək hüququnu verir. Hazırki vəziyyətdə isə alıcı qüsurlu əşyanı satıcıya təhvil verməklə, öz hüququndan istifadə edərək müqavilədən imtina edib, ödədiyi məbləği geri tələb edərək məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bununla da məhkəmə hesab edir ki, satıcı tərəfindən istehlakçının hüquqlarının pozulmasına yol verildiyi öz təsdiqini tapdığından, iddia təmin edilərək, əşyaya görə ödənilmiş olan 1.870 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehin əməlində dələduzluq cinayətinin əlamətlərinin olması səbəbilə xüsusi qərardadın çıxarılmasına dair iddiaçının tələbinə münasibətdə isə qeyd edir ki, mülki məhkəmə icraatı qaydasında işə baxılan zaman xüsusi qərardadın çıxarılması məsələsi mülki prosessual qanunvericiliklə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə görə məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. İddiaçı məhkəmədən öncə hüquq mühafizə orqanına müraciət etməklə, məsələnin cinayət mühakimə icraatı qaydasında həll edilməsini tələb etmiş olsa da, iddiaçıya irəli sürmüş olduğu tələblərlə əlaqədar mülki məhkəməyə müraciət etməsi izah olunmuşdur. İddiaçının tələbinə məhkəmədə baxıldığı zaman isə xüsusi qərardadın çıxarılmasına əsas ola biləcək hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1870 manat pul vəsaiti cavabdeh X1 alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1870 manat pul vəsaiti cavabdeh X1 alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3241/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3241/2024
15.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver