Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3242/2024 16.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2004-cı il tarixdə rəsmi nikah la ailə qurmuş və bu nikahdan xx.xx.2019-ci il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün biz Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-cu il tarixli, 2(006)-716/2022 saylı qətnaməsi ilə nikahları pozulmuş və uşaq iddiaçının yanında saxlanılmışdır. Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2355/2022 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 175 manat məbləğində sabit alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi aliment qət edilmişdir. Hazırda 175 manat alimentlə uşağı saxlamaq çox çətindir. Uşaq körpədir və tələbatları çoxdur. İddiaçı uşağın qidaları, vitaminləri və həkim məsrəflərinə gğrə hər ay 600 manatadək pul xərclənməli olur. Göstərilənlərə əsasən Cavabdeh Nəsimi Rayon Məhkəməsinin 2(006)-2355 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə kəsilmiş alimentin miqdarının artırılaraq xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay 193 manat məbləğində aliment onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdi. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qətnaməsi ilə uşağın saxlanması üçün hər ay 193 manat aliment qət edilmişdir. Uşağı cəmi 193 manatla saxlamaq çox çətindir. Ona görə də Prezidentin sərəncamına uyğun kəsilməsini istəyir. İddiaçıya məhkəmə tərəfindən kəsilən alimentin artırılmasını istəyir. Ona görə ki, Prezidentin də sərəncamı ilə uşaqlar üçün yaşayış minimum 2024-ci il üçün 235 manatdır. Uşaq böyüdükcə tələbatıda daha da çoxalır. Ona görə də iddiaçı alimentin artırılmasını xahiş edir. Cavabdehin aylıq normal qazancı vardır. Göstərilənlərə əsasən, Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə kəsilmiş alimentin miqdarının iddiaçının xeyrinə dəyişdirilərək, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər ay 235 manat alimentin iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehlə aralarında bağlanmış nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X5 onun himayəsində saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün 175 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Daha sonra tərəfindən təyin edilmiş aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq 193 manat məbləğində müəyyən edilmişdir. Lakin hazırda birgə nikahdan doğulmuş uşaq 5 yaşına çatmış və ölkə üzrə yaşayış minimumu artmışdır. Cavabdeh məhkəmə tərəfindən təyin olunan aliment xaricində ümumiyyətlə heç bir maddi yardım göstərmir və öz uşağı ilə maraqlanmır. Təyin olunmuş aliment məbləği ilə isə hazırda uşağa baxmaq tək ana kimi ona olduqca çətindir. Odur ki, bu halları nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. 5.Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin rəsmi nikah münasibətlərindən bir övladları anadan olmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-716/2022 saylı qətnaməsi ilə tərəflərin nikahları pozulmuş, birgə nikahdan doğulmuş uşaq iddiaçının yanında saxlanılmışdır. Daha sonra məhkəmənin qətnaməsi əsasında cavabdehdən iddiaçının xeyrinə tutulan aliment məbləği artırılaraq 193 manat məbləğində müəyyən edilmişdir. Hazırda həmin məbləğ uşağın saxlanılması üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılaraq cavabdehdən 235 manat məbləğində aliment tutulmasını tələb edir. b) Mülki işin materialları: 8.İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3553/2022 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2355/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılması, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin alınaraq X3 verilməsi və s. qət edilmişdir. 9.İş materiallarında olan 1 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilən AZ-İV seriyalı, 382542 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə X4 qeyd edilmişdir. 10.İş materiallarında olan Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilən mediasiya sessiyasında iştirak edilməməsi barədə 03 may 2024-cü il tarixli, MŞB/16/2024-00560 saylı arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Lakin İddiaçı iştirak edərək 50 manat mediasiya xərci və 10 manat poçt xərcini ödəmişdir (Mediator:M.Elçin). c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 11.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 12.Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 13.Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. 14.Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). 15.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 16.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 17.Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 18.Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 19.Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 20.Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 21.«Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. 22.«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. 23.«Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. 24.Belə olan halda məhkəmə qanunvericiliyin tələblərini, uşağın mənafeyini və onun saxlanılması üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin tutulmasını hazırki dövrdə kifayət etmədiyini, iddiaçının digər gəlirlərinin olmadığını nəzərə alaraq hesab edir ki, iddia tələbi tam həcmdə təmin edilməli və alimentin məbləği artırılaraq, hər ay 235 manat məbləğində müəyyən edilməlidir. 25.Beləliklə məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3553/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilməli və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində tutularaq İddiaçı verilməlidir. 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 27.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 28.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 29.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3553/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilsin və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində tutularaq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-3242/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3242/2024
16.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver