Məhkəmə qərarları › İş №2(006)-3245/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3245/2023

26.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3245/2023 26.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, e-2(011)-4205/2020 nömrəli qətnaməsi ilə Cavabdeh ilə iddiaçı arasında nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların (xx.xx.2017-ci il təvəllüdlü Nigar və xx.xx.2018-ci il təvəllüdlü Murad) iddiaçının yanında qalması, xx.xx.2020-ci il tarixdən (tərəflərin faktiki ayrıldıqları tarix) hesablanmaqla cavabdehdən uşaqların saxlanılması üçün aliment tutulması qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Qətnaməyə əsasən hər ay cavabdehdən sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməlidir. Lakin, cavabdeh hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyində çalışır və əmək haqqı almaqla aylıq qazanca malikdir. Göstərilənlərə əsasən, Cavabdeh iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan iki uşağın saxlanması üçün hər ay gəlirinin üçdə bir hissəsi miqdarında aliment və mediasiya prosesi üçün ödənilmiş 50 manat pulun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş üzrə Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, uşaqların mənafeyini əsas götürərək, hər uşağa görə sabit pul məbləğində 220 manat olmaqla, cəmi 440 manat aliment uşaqlara ödəməyi təklif edir. Nəzərə alınmalıdır ki, bu təklif həm uşaqların mənafeyinə uyğundur, həm də hər dəfə əlavə, yəni təkrar məhkəmə çəkişmələrinə son qoymaq niyyəti ilə əlaqədardır. İddiaçı təklifi qəbul edərək əsassız çəkişmələrə son qoymaqla icra şöbəsi vasitəsilə, yaxud başqa formada rəsmi bank hesab nömrəsini ona təqdim etdiyi təqdirdə aliment həmin bank hesabına köçürüləcəkdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh İddiaçı xeyrinə birgə nikahlarından anadan olmuş Nigar Sadıqovanın və Murad Sadıqovun saxlanılmaları üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin və mediasiya prosesi üçün ödənilmiş 50 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün heab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iddia ərizəsinə dəqiqləşməni, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı iddiası təmin edilməlidir. Mülki işin materiallarında olan 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 28 iyul 2020-ci il tarixdə verilən AZ-İ № 104096 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası X4r. Mülki işin materiallarında olan 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 28 iyul 2020-ci il tarixdə verilən AZ-İ № 104095 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası X4r. Mülki işin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-4205/2020 saylı qətnaməsi ilə Cavabdeh və X6 arasında xx.xx.2017-ci il tarixdə 489 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X8 anaları X2 yanında saxlanılması, xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay, hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi, xx.xx.2018-ci il təvəllüdlü X8 3 yaşına çatanadək, yəni xx.xx.2021-ci il tarixədək Cavabdeh xx.xx.2020-ci il tarixdən hesablanmaqla, hər ay 100 manat məbləğində sabit pul şəklində alimentin tutularaq X5 ödənilməsi, Cavabdeh uşaqları xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X11 ilə hər həftənin bazar günü saat 12:00-dan-19:00-dək ünsiyyətdə olması qaydasının müəyyən edilməsi qət edilmişdir. Mülki işin materiallarında olan 09 iyun 2023-cü il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayışdan görünür ki, həmin tarixdə keçirilən ilkin mediasiya sessiyasında hər iki tərəf iştirak etmiş, lakin Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmiş və 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir (Mediator:E.Məmmədov). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin faktiki nikah münasibətlərindən iki övladları anadan olmuşdur-xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X11. Sonradan uşaqların iddiaçının yanında qalması müəyyən edilmiş və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat məbləğində aliment təyin edilmişdir. Hazırda həmin məbləğ uşaqların saxlanılması üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılması və aylıq hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, “bu qərarın 1-ci bəndinə göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə uşaqların mənafeyini nəzərə alaraq, valideynləri ilə birlikdə yaşadıqları vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, aliment məbləğinin yaşayış minimumu həddinə çatdırmaq məqsədilə iddia tələbi təmin edilməli, aliment məbləği artırılaraq, xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan başqa, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən iş üzrə ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci də Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş 06 iyun 2017-ci il təvəllüdlü X10 və 27 oktyabr 2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4205/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində müəyyən edilsin və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində tutularaq İddiaçı verilsin. İş üzrə ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar