Məhkəmə qərarları › İş №2(006)-3246/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3246/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3246/2021 22.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01/558/19-E saylı, 18 dekabr 2019-cu il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə edilməmiş ödənişlər üzrə 1595.74 manat, cərimə üzrə 709.152 manat, dəbbə pulu üzrə 908.71 manat, cəmi 3214.07 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 18 dekabr 2019-cu il tarixdə 01/558/19-E saylı Nisyə alqı-satqı müqaviləsi (bundan sonra «Müqavilə») bağlanıb. Müqaviləyə əsasən iddiaçı qiyməti 3.193.36 manat olan 1 (bir) ədəd 2018-ci il buraxılışlı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə (bundan sonra «Əmlak») cavabdehə təhvil verib, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan Ödəniş qrafıkinə müvafiq olaraq aybaay ödəniş etməyi öhdəsinə götürüb. Hazırda cavabdehin həmin müqaviləyə əlavə olan Ödəniş qrafikinə əsasən 15.03.21 tarixinədək ödənişləri üzrə 1595.74 manat, cərimə üzrə 709.62 manat olmaqla, dəbbə pulu üzrə 908.71 manat, cəmi 3214.07 manat məbləğində borcu yaranıb. Müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilib. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsi 261 gün müddətində gecikdirilib və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməyib. Deyilənlərdən əlavə, qeyd etmək lazımdır ki, hazırki iş üzrə cavabdeh sayılan "Modern Home Services11 MMC 18 dekabr 2019-cu il tarixli 01/558/19-E-Z2 saylı Zaminlik müqaviləsinə əsasən Nisyə alqı-satqı müqaviləsi üzrə zaminlik qəbul etmişdir. Bu isə o deməkdir ki, o, həmin müqavilə üzrə mövcud öhdəliklərin icrasının təmin olunmamasına və ya lazımınca icra olunmamasına görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilib. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsi 261 gün müddətində gecikdirilib və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməyib. Deyilənlərdən əlavə, qeyd etmək lazımdır ki, hazırki iş üzrə cavabdeh sayılan "Modern Home Services11 MMC 18 dekabr 2019-cu il tarixli 01/558/19-E-Z2 saylı Zaminlik müqaviləsinə əsasən Nisyə alqı-satqı müqaviləsi üzrə zaminlik qəbul etmişdir. Bu isə o deməkdir ki, o, həmin müqavilə üzrə mövcud öhdəliklərin icrasının təmin olunmamasına və ya lazımınca icra olunmamasına görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. 12.3. Satıcının müəyyən etdiyi müddət ərzində Əmlak, onun ayrılmaz hissəsi olan ləvazimat və sənədlər Satıcıya təhvil verilməyibsə, Satıcı Əmlakı məcburi qaydada geri ala bilər və onların təhvil verilməsinin hər gecikdirilmiş günü üçün Əmlakın cari dəyərinin 0,5% (sıfr tam onda beş faizi) məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 01/558/19-E saylı, 18 dekabr 2019-cu il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə 2055,36 manat borcun, 200,00 manat dəbbə pulunun, cəmi 2255,36 manat məbləğində pulun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə, malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinin tələblərinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İddiaçı ilə Cavabdeh1 arasında 18.12.2019-cu-ci il tarixdə 18 ay ərzində hər ay 177,41 manat olmaqla hissə-hissə ödənilməsi şərtilə ümumilikdə dəyəri 3193,36 manat təşkil edən Teplo markalı divardan asılan məişət qaz qazanına dair NAS-01/558/19-E saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 10.1-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 0,5%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. 07.01.2019-cu il tarixli əmlakın təhvil-təslim aktından görünür ki, Teplo markalı divardan asılan məişət qaz qazanı Cavabdeh1 tərəfindən tam qüsursuz halda təhvil alınmışdır. 20.11.2020 və 23.02.2021-ci il tarixli tələb məktublarından görünür ki, Cavabdeh1 borcunun ödənilməsi barədə İddiaçı MMC tərəfindən xəbərdar olunmuşdur. Maliyyə arayışından görünür ki, Cavabdeh1 ödənişlər üzrə əsas borcun qalığı 2055,36 manat, cərimə borcu 1158,71 manat, ümumilikdə 3.214,07 manat borcu vardır. Ödəniş qəbzindən (№ 748177,41826) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi yuxarıda qeyd edilən əşyanın alqı-satqısına dair müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə əşyanın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı əşyanı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin əşyanı ödəmək üzrə vəzifəsini icra etməmiş, iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən Cavabdeh1 18.12.2019-cu-ci il tarixli müqaviləyə əsasən ödənişlər üzrə əsas borcun qalığı 2055,36 manat, cərimə borcu 1158,71 manat, ümumilikdə 3.214,07 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MMnin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, 18.12.2019-cu-ci il tarixli əşyanın alqı-satqısına dair müqavilə üzrə müəyyən edilmiş dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək qiymətləndirilməli və dəbbə pulu 50 manat məbləğinədək azaldılmalıdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi Cavabdeh2 ilə bağlanan 18.12.2019-cu-ci il tarixli 01/558/19-E- Z2 saylı zaminlik müqavilələri ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdeh – zamin Cavabdeh2 borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün cavabdehdir. Mülki Məcəllənin 470.1 və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh - borc alan əsas öhdəliyi lazımınca icra etmədiyindən, iddiaçının cavabdehlərəzaminlərə qarşı da tələb hüququ yaranmışdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 01/558/19-E saylı, 18.12.2019-cu-ci il tarixli Nisyə alqı-satqı müqaviləsinə əsasən yaranmış 2055,36 manat əsas borc, 50 manat dəbbə pulu, cəmi 2105,36 manat və iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun 27 manatı məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2-dən müştərək qaydada alınaraq İddiaçı MMC-yə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 2055,36 manat, cərimə borcu üzrə 50 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 27 manatı, cəmi 2132,36 manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2-dən müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar