Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3255/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, UniBankia bağlanmış 6 avqust 2020-ci il tarixli müqavilənin ləğv olunması, sentyabr 2020-ci il mart 2021-ci il müddətində ödənilən faiz məbləğinin (370,5 azn) əsas borca hesab edilməsi, 18.07.2017-ci il tarixli müqavilənin faiz şərtləri dəyişdirilmədən uzadılması üçün qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o - İddiaçı UniBankın Xırdalan filialından 18.07.2017-ci ildə 5439 nikXRD/14 saylı kredit müqaviləsi əsasında 3923,78 AZN pul almışdır. Həmin pulu ona verilmiş cədvəl əsasında mart 2020-ci il tarixinə kimi normal şəkildə ödəmişdir. Lakin məlum COVİD-19 pandemiyası dövründə maddi durumu pisləşmiş ödəmədə çətinliklər yaranmışdır. Pandemiya dövründə əhalinin və sahibkarların maddi durumunda çətinliklərin yaranmasını qarşılamaq üçün Azərbaycan Respublikası Prezidenti 2020-ci ilin 19 mart tarixində 1950 saylı sərəncam imzalamışdır. Bu sərəncamın 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti,’”Tədbirlər planı” təsdiq etmiş və Azərbaycan Mərkəzi bankı da Maliyyə Sabitliyi şurasının tövsiyyələrini nəzərə alaraq daha geniş istiqamətləri, o cümlədən fiziki “şəxslərin kredit tarixçələrinin pisləşdirilməməsi, 30 sentyabr 2020-ci ilə kimi tam və ya qismən gecikdirilmiş ödəmələrdən cərimə, faiz, dəbbə pulu və sair ödənişlərin tutulmaması və borcun ödənilmədiyi ayların miqdarı qədər kredit müqaviləsinin müddətinin uzadılması haqqında Banklara tövsiyələr vermişdir. Bütün bunlara baxmayaraq o, "xxxx" KB ASC tərəfindən vaxtaşırı narahat edilmişdir. Avqust 2020-ci ildə onun telefonuna mesaj göndərilmişdir ki, “"xxxx" KB ASC-yə yaxınlaşın, 7 avqusta kimi Sizə güzəştlər olunacaqdır, borcun qalan hissəsini güzəştli şərtlərlə ödəyəcəksiniz”. O, 6 avqust 2020-ci ildə "xxxx" KB ASC-nin Sumqayıt filialına yaxınlaşmış və ona guya güzəştli şərtlərlə yeni müqavilə və ödəniş cədvəli təqdim olunmuşdur. O da sevinərək müqaviləni oxumadan imza etmişdir, sonra müqavilə şərtlərinə baxdıqda başa düşmüşdür ki, o, "xxxx" KB ASC tərəfindən aldadılmışdır. Belə ki, 3267 AZN borca görə 1008 AZN faiz ödəməli olduğu halda, yeni müqaviləyə görə isə 2599,8 AZN faiz ödəməlidir. Bu hesablamalardan aşkar görünür ki, "xxxx" KB ASC ona güzəşt etməmiş, əksinə onun düşdüyü vəziyyətdən istifadə edərək onun mənafeyinə ziyan vurmuş ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsi ilə etbarsız sayılır. “Banklarda kredit verilməsi qaydalarına’' görə kredit verərkən Banklar iqtisadi və bazar şərtlərini nəzərə almalıdırlar. Onunla yeni kredit müqaviləsi bağlayarkən "xxxx" KB ASC vətəndaşlara illik faiz dərəcəsi 18% olmaqla kreditlər təklif edirdi. O, elə düşünürdü ki, "xxxx" KB ASC daha aşağı faiz dərəcəsi ilə onun kredit borcunu restruktizasiya edəcəkdir. Lakin təəssüf ki, belə olmamışdır. O dəfələrlə "xxxx" KB ASC-yə müraciət etmişdir ki, ona əvvəlki müqavilə əsasında ödəniş etməyə şərait yaradılsın. Lakin onun xahişi qəbul edilməmiş və ona əvvəlki müqavilənin oxunması mümkün olmayan surətini təqdim etmişlər. O, verilən müqavilənin oxunuşunun mümkünsüz olduğunu bildirdikdə “bizdə olan nüsxə belədir” dedilər (müqavilənin nüsxəsi ərizəyə əlavə edilir) Ona görə də məhkəməyə müraciət etməyə zərurət yaranmışdır. Digər tərəfdən Mülki Məcəllənin 741-ci maddəsində deyilir. Əgər müqavilənin iştirakçıları borcun faizlərlə verilməsini şərtləndiririlərsə, faizlər müvafiq sürətdə bir ilin sonunda ödənilməlidir. Lakin "xxxx" KB ASC-nin tərtib etdiyi ödəniş cədvəlində isə əvvəlcə faizlərin daha çox Ödənilməsi, əsas borc isə ikinci dərəcəli ödəmə kimi nəzərdə tutulur. Bu da ki, məqsədli şəkildə vətəndaşın banklardan asılılığını yaradır. Halbuki, yuxarıda qeyd etdiyi kimi faizlər Mülki Məcəllənin 741-ci maddəsinə görə 1 (bir) ilin sonunda ödənilməlidir. İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, "xxxx" KB ASC ilə bağlanmış 6 avqust 2020-ci İİ tarixli müqavilənin ləğv olunması; 2020-ci ilin sentyabr ayından may ayınadək müddətində ödənilən faiz məbləğinin (420 AZN) əsas borca hesab edilməsi; faizlərin ilin sonunda ödənilməsi; 18.07.2017-ci il tarixli müqavilənin şərtləri dəyişdirilmədən uzadılması; aylıq ödəniş məbləğinin 50 AZN-ə kimi azaldılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, "xxxx" KB ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı 31 may 2021-ci ildə keçirilən məhkəmə iclasında "xxxx" KB ASC-nin nümayəndəsi tərəfindən qaldırılan və ümumiyyətlə, iddia ilə bağlı bəzi məsələlər haqqında mülahizələrini bildirmək istəyir. Məhkəmə iclasının gedişi zamanı "xxxx" KB ASC-nin nümayəndəsi bildirmişdir ki, İddiaçı müqaviləni imzalayıbsa, həmin müqaviləni dəyişdirmək, ləğv etmək olmaz. Halbuki, məlumdur ki, "xxxx" KB ASC 6 avqust 2020-ci ildə bağlanan müqavilə onun maddi durumunun pisləşməsi, ağırlaşması nəticəsində olmuşdur. O, "xxxx" KB ASC tərəfindən aldadılmışdır, onun telefonuna ismarıc gəlmişdir ki, ”7 avqust 2020-ci ilə kimi Unibanka yaxınlaşın, sizə güzəştlər olunacaqdır”. O da "xxxx" KB ASC-nin Sumqayıt filialına yaxınlaşmışdır və onun mənafeyinin ziddinə müqavilə bağlanılmışdır. Əgər ona güzəşt olunsaydı, yeni müqavilə ən çoxu 20%-lə olardı, çünki həmin ərəfədə "xxxx" KB ASC vətəndaşlara 18%-lə kreditlər təklif edirdi. Bu bir daha onu göstərir ki, "xxxx" KB ASC planlı şəkildə onun ağır maddi durum vəziyyətindən istifadə edərək əlavə gəlir əldə etmək niyyətində olmuşdur. Çünki əvvəlki müqavilədə ödənilməmiş 1008 AZN faiz məbləği olduğu halda yeni müqavilədə 2599,8 AZN faiz ödəməlidir. Bütün bunlar "xxxx" KB ASC-nin onu aldatmasını aşkar göstərir. Digər tərəfdən Bankların öz daxili qaydalarına görə də 6 avqust 2020-ci ildə bağlanmış müqavilə qeyri-qanunidir. Belə ki, Milli Bank İdarə heyətinin 18 noyabr 2008-ci il tarixli 34 saylı protokolu ilə müəyyən edilmiş 10 dekabr 2008-ci ildə Milli Bank İdarə heyətinin sədri E.Rüstəmov tərəfindən təsdiq olunmuş və 10 dekabr 2008-ci il tarixdə 3426 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış ‘'Banklarda Kredit verilməsi qaydaları”nın 4.1.5-ci maddəsinə görə banklar kredit verərkən iqtisadi və bazar şərtlərini nəzərə almalıdırlar. Həmçinin həmin "Qaydalara" görə müqavilə aydın səliqəli yazılmalıdır. Lakin ona verilən müqavilə nüsxəsini oxumaq mümkün deyil (həmin nüsxə məhkəməyə təqdim edilmişdir). Həmçinin məlum “Qaydalara” görə borclu Banka əsaslandırılmış şəkildə müraciət etdikdə (pretenziya etmək) müqavilə dəyişdirilə, həmçinin ləğv edilə bilər. "xxxx" KB ASC-nin Sumqayıt filialına dəfələrlə müraciət etmiş, problemli kredit şöbə əməkdaşları ilə əlaqə yaratmış, "xxxx" KB ASC-nin mərkəzi ofisinə ərizə ilə müraciət etmişdir. Lakin "xxxx" KB ASC-nin “Sumqayıt filialı" onun müraciətlərindən imtina etmiş, "xxxx" KB ASCnin mərkəzi ofisi ümumiyyətlə onun müraciətini cavabsız qoymuşdur. Halbuki, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin birinci hissəsinə görə “Əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə ən geci 15 gün ərzində baxılmalıdır. Məhkəmə iclasının gedişi zamanı “Siz mənim müraciətimə niyə cavab verməmisiz?" sualına "xxxx" KB ASC-nin nümayəndəsi “o, rəhbərliyin səlahiyyətidir" cavabını vermişdir. Halbuki “səlahiyyətlər rəhbərlərin istəyi ilə deyil, Bütün bunlar göstərir ki, "xxxx" KB ASC vətəndaşlara qayğı göstərmir, yalnız öz mənafelərini qorumağa səy göstərir. "xxxx" KB ASC-nin təqdim etdiyi müqaviləm oxuyub başa düşmək üçün ən azı 15-20 dəqiqə vaxt lazımdır. Praktik olaraq kredit verilərkən bu şərait yaradılmır və sonra pretenziya etdikdə işə qəbul edilmir. Bunun üçün xüsusi ekspertiza lazım deyil, "xxxx" KB ASC-yə daxil olub 5-10 dəqiqə zalda oturub kredit sənədləşdirilməsini seyr edən hər kəs bunu duya, müəyyən edə bilər. O, 2017-ci ildən "xxxx" KB ASC-nin müştərisidir. Verilmiş ödəniş cədvəli üzrə kredit borcunu ödəyir. Kredit borcu aldıqda işləyib əmək haqqı alırdı, indi isə artıq işləmir, pensiya alır. X3 borcu vardır, ayda 165 AZN ödəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək iddianın rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 20.10.2014-cü il tarixli 5439nkXRD/14 saylı əsas kredit müqaviləsindən görünür ki, bank (borc verən) İddiaçı (borc alan) 60 ay müddətinə 25% ödəməklə 6400 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 06.08.2020-ci il tarixli 1764nkSUM/20 saylı əlavə kredit müqaviləsindən görünür ki, bank (borc verən) İddiaçı (borc alan) illik 25% dərəcəsi ilə 60 ay müddətinə 3267 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 31.05.2021-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı 3267 manat məbləğində əsas borc, 270,69 manat məbləğində faiz borcu, 1,62 manat cərimə, cəmi 3539,31 manat məbləğində borcu yaranmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" KB ASC ilə İddiaçı arasında 20.10.2014-cü il tarixdə 5439nkXRD/14 saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliyi lazımınca icra edə bilməyən iddiaçı tərəfindən daha sonra 06.08.2020-ci il tarixli 1764nkSUM/20 saylı əlavə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən 20.10.2014-cü il tarixli 5439nkXRD/14 saylı və 07.03.2014-cü il tarixli 434tkXRD/14 saylı kredit müqavilələri üzrə yaranmış borcun güzəştli şərtlərlə qaytarılmasını təmin etmək məqsədilə bank (borc verən) İddiaçı (borc alan) illik 25% dərəcəsi ilə 60 ay müddətinə 3267 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 31.05.2021-ci il tarixli maliyyə arayışına əsasən iddiaçının əsas borc üzrə 3267 manat, faiz borcu üzrə 270,69 manat, cərimə borcu üzrə 1,62 manat, cəmi 3539,31 manat məbləğində borcun yarandığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, iddianın qanuni əsasını Mülki Məcəllənin 421.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İş materiallarından göründüyü kimi, İddiaçı qeyd olunanlarla bağlı məhkəməyə heç bir sübutu təqdim etməmiş, ümumiyyətlə iddianı həmin maddənin dispozisiya şərtlərinə uyğun əsaslandırmamışdır. Belə ki, iddiaçı məhkəmədən tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini xahiş etsə də, iddiada Mülki Məcəllənin 421.2-ci maddəsinin dispozisiya şərtlərinin mövcudluğuna yox, müqavilənin etibarsız hesab edilməsi üçün əsas olan və Məcəllənin 339-cu maddəsində nəzərdə tutulan şərtlərin olmasına istinad etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia “kredit müqaviləsinin ləğv edilməsi” hissəsində rədd edilməlidir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər tələbləri ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3255/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3255/2021
13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver