Məhkəmə qərarları › İş №2(006)-3255/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3255/2023

09.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3255/2023 09.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə kəsilmiş aliment miqdarının iddiaçının xeyrinə artırılaraq, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün uşağa hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin və uşağın müalicəsi üçün 200 (iki yüz) manat əlavə xərcin İddiaçı xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. Lakin münasibətləri pis olduğundan Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, xx.xx.2019-cu il təvəllüdlü X4 iddiaçının yanında saxlanılmış və uşağa görə 175 manat aliment kəsilmişdir. Hazırda 175 manat alimentlə uşaq saxlamaq iddiaçı üçün çox çətin olduğundan o, Prezidentin sərəncamına uyğun aliment kəsilməsini istəyir. Məhkəmə tərəfindən müəyyən edilmiş 175 manat aliment artırılmalıdır. Belə ki, 2023-cü il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Uşaq böyüdükcə onun tələbatları da çoxalır. Ona görə də alimentin artırılması zəruridir. Bundan başqa xx.xx.2019-cu il təvəllüdlü X4 “talassemiya” xəstəsidir və mütəmadi müalicə olunur. Maddi cəhətdən uşağa tək baxmaq iddiaçıya çox çətindir. İddiaçı uşağın müalicəsi ilə bağlı hər ay 200 manat əlavə xərc tələb edir. Cavabdeh hərbçidir, hər ay 1100 manat əmək haqqı alır. İddiaçı iddia tələbinin azadılmasına dair ərizə təqdim edərək, alimentin artırılması və 220 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edib bildirdi ki, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 manat məbləğində alimenti ödəməyə razıdır. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Nikah haqqında AZ-İİ seriyalı 302953 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 nikahı 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 18 noyabr 2018-ci il tarixdə 3169 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra arvada “Cəfərli” soyadı verilmişdir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş doğum haqqında AZ-İV seriyalı 298347 nömrəli şəhadətnamədən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində doğulmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. AA3739066 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2268/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında 18 noyabr 2018-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 3169 nömrəli qeyd ilə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılması, X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı 11 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/11-00873 nömrəli arayışından görünür ki, aliment artırılması üzrə mediasiya işi ilə bağlı həmin tarixdə saat 18:40-da keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh prosesi davam etdirməyə razılıq verməmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. Tərəflərin nikahı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, həmin qətnamə ilə xx.xx.2019-cu il təvəllüdlü X3 İddiaçı yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı xx.xx.2019-cu il təvəllüdlü X1 üçün cavabdehdən tutulan alimentin uşağın tələbatının ödənilməsi üçün kifayət etmədiyini və ölkə üzrə yetkinlik yaşına çatmayanların yaşayış minimumunun artırıldığını bildirərək, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment məbləğinin miqdarının artırılaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin ödənilməsini tələb edir. Cavabdeh iddianı qəbul edərək bildirir ki, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat məbləğində alimenti ödəməyə razıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-78.2-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı Qərarının: 8.2-ci bəndində göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2021-ci il üçün yaşayış minumumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2023-cü il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı əvvəllər müəyyənləşdirilmiş alimentin uşağın tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2268/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsini müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını, uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür. Alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək uşağın böyüməsi nəzərə alındıqda, artmış həyat standartları və istehlak qiymətləri tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Uşağın iddiaçının himayəsində qalması ona qulluq, onun sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərcinin aliment kimi digər valideyndən – cavabdehdən tutulmasına əsas verir. Cavabdehin iddianı etiraf etməsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 106.3-106.4-cü maddələrinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh iddianı etiraf etmişdir. Onun iddianı etiraf etməsi qanunazidd deyildir və hər hansı şəxsin maraqlarına və ya mənafelərinə toxunmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2268/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin məbləğinin hazırki vəziyyətdə uşağın ehtiyaclarının və maddi tələbatının ödənilməsinə kifayət etməməsi, həmçinin 2023-cü il üçün yaşayış minumumunun uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsi və cavabdehin tələb edilən aliment məbləğini ödəməyə razılıq verməsi nəzərə alınmaqla, cavabdehdən tutulan alimentin məbləğinin artırılması və uşağın yetkinlik yaşına çatanadək Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2268/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin hazırki qətnamə ilə müəyyən edilmiş qaydada tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2268/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin hazırki qətnamə ilə müəyyən edilmiş qaydada tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar