Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3264/2021 08.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Astara rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1ndən dəymiş ziyan və ödənilən dövlət rüsumu üzrə cəmi 6030 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Astara rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(018)-237/2021 saylı qərardadı ilə "xxxx" ASC-nin yazılı vəsatəti təmin edilərək mülki iş baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, 22 sentyabr 2020-ci ildə səhər saat 6:30 radələrində bibisi nəvəsi X7 atasına məxsus heyvanları örüşə aparan zaman o, da şəxsi təsərrüfatına aid 3 ədəd boğaz inəyi həmin heyvanlara qatmaqla örüşə aparılmasını ona tapşırmışdır. Rafiq İmanov da atasında məxsus heyvanları və eləcə də ona məxsus 3 ədəd boğaz inəyi örüşə aparandan təxminən yarım saat sonra ona zəng etməklə, aralıq yoldan heyvanları apararkən örüşə sahəsinə hələ çatmamış elektrik naqilinin qırıldığını və ona məxsus 3 ədəd boğaz inəyin üstünə düşməklə onların ölümünə səbəb olduğunu bildirdi. Bundan dərhal sonra o, həmin sahəyə getdi və bilavasitə vəziyyətin şahidi oldu. Gördü ki, həqiqətən də elektrik dirəkləri arasında bərkidilmiş olan elektrik naqili orada olan ağaclara sürtünmə nəticəsində və ya nasaz olması səbəbindən qırılmış və yerə düşərkən ona məxsus boğaz heyvanlara toxunduğundan onların ölümünə səbəb olmuşdur. Bununla əlaqədar gələcəkdə baş verə biləcək mübahisəli halları nəzərə almaqla o, heyvanların şəklini çəkdi. Bununla bağlı həmin günü Astara rayonu Şiyəkəran İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin, bələdiyyə sədrinin və sahə həkiminin iştirakı təmin edilməklə tərtib olunan aktda qeyd etdiyi halları bir daha təsdiq edir. Elektrik naqilinin qırılması nəticəsində 3 ədəd boğaz inəyin ölməsi ilə bağlı dəymiş ziyanın məbləğinə gəldikdə isə, hesab edir ki, həmin məbləğ realdır. Hadisədən sonra o, atası ilə Cavabdeh1nə müraciət etməklə dəymiş ziyanın könüllü əsaslarla ödənilməsini xahiş etdilər. Lakin dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh dəymiş ziyanı ödəməkdən imtina etməkdə davam edir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X2 iddiaçının dediklərini təsdiq edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci madəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Astara rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddaçı onun oğludur. Astara rayonu Şiyəkəran kəndində yaşayır. Küçədə olarkən elektrik xətlərindən səslər gəldiyini eşitdi və Elmana bildirdi. Elman dərhal işıq idarəsinə zəng vurdu. Bir həftədən sonra elektrik xətlərinin qırılması nəticəsində 03 baş inək ölmüşdür. Televiziya əməkdaşları gələrək bu hadisəni çəkdi və işıq idarəsi ziyanı ödəyəcəyini vəd etdi. Onlar işıq idarəsi ilə razılaşdılar. Razılaşmaya əsasən 2 inəyin pulunu verib, 1 inəyin pulunu verməyəcəkdirlər. Lakin həmin ziyan ödənilmədiyindən prokurorluğa müraciət etdilər. Prokurorluq da, onlara məhkəməyə müraciət etmələrini bildirdi. Astara rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, iddiaçının yaxın qohumudur. İribuynuzlu heyvanları sahəyə apararkən elektrik naqilinin qırıldığını gördü. Dərhal dayısı oğluna zəng vuraraq, elektrik naqilinin qırıldığını və 03 baş inəyin öldüyünü bildirdi. Astara rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Astara rayonu Şiyəkəran kəndində yaşayır. Küçədə işləyərkən Təyyar ona elektrik xətlərinin qırıdlğını bildirdi. O, işıq idarəsinə zəng vurdu. Bir həftədən sonra bu hadisə baş verdi. Beləliklə, Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Astara rayonu Şiyəkəran kəndinin İƏDÜ nümayəndəsinin, bələdiyyə sədrinin, sahə həkiminin, iddiaçının və təsərrüfatda fəhlə işləyən X5 iştirakı ilə tərtib edilmiş 22 sentyabr 2020-ci il tarixli aktda qeyd edilir: “həqiqətən 22 sentyabr 2020-ci il səhər saat 6:30 radələrində mal-qaranı örüşə apararkən 4 kv-lıqelektrik naqilinin qırılıb yola düşməsi nəticəsində İddiaçı məxsus 3 boğaz inəyi elektrik cərəyanı vuraraq öldürmüşdür. Bayra həkimi tərəfindən ölmüş heyvanlara baxış keçirilərkən inək qara-ağ 5 yaşar 2 aylıq boğaz, inək qonur 5 yaşar 5-6 aylıq boğaz, inək qara 5 yaşar 6 aylıq boğaz müəyyən edilmişdir”. İş materiallarında olan Astara rayonu Şiyəkəran kəndinin sakini İddiaçı, təsərrüfatda fəhlə işləyən X5 və kənd sakimi X4 iştirakı ilə tərtib edilmiş 22 sentyabr 2020-ci il tarixli aktda qeyd edilir: “həqiqətən 22 sentyabr 2020-ci il tarixdə saat 6:30 radələrində malqaranı örüşə aparan zaman elektrik xəttinin qırılıb yola düşməsi nəticəsində İddiaçı məxsus 3 baş boğaz inəyi elektrik cərəyanı vuraraq öldürmüşdür. Nəticədə mal sahibi İddiaçı 6-7 min manat dəyərində maddi ziyan dəymişdir”. İş materiallarında olan Astara rayonu “Penser Bazarı”nın direktoru tərəfindən verilmiş 15 oktyabr 2020-ci il tarixli arayışından görünür ki, həqiqətən Penser bazarında 1 baş iri buynuzlu inəyin orta satış qiyməti 1800-1900 manatdır. İş materiallarından görünür ki, 22 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının DİN-nin 102 xidmətinin zəng mərkəzindən Astara rayon polis şöbəsinin növbətçi hissəsinə Astara rayon Şiyəkəran kənd sakini X7 tərəfindən məlumat daxil olmuş, məlumata əsasən dayısına məxsus fermada elektrik naqilləri qırılaraq 3 baş iri buynuzlu heyvanın (inək) ölməsi barədə məlumat verilmişdir. Astara rayon Polis Şöbəsi tərəfindən müraciət araşdırılmış, göstərilən xüsusatlar məhkəmə səlahiyyətlərinə aid olduğundan bununla bağlı aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Beləliklə, iddiaçıya cavabdeh tərəfindən 6000 manat məbləğində maddi ziyanın vurulması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla sübuta yetirilmişdir. Cavabdeh tərəf isə məhkəmə iclaslarında iştirak etmir və ona qarşı yönələn iddia tələbinə dair etirazlarını bildirmir. Halbuki, MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, iddiaçının iddiası təmin edilməli, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 6000 (altı min) manat məbləğində maddi ziyan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları həmçinin başqa şəxsə zərər vurulması və əsassız varlanmadır. Bundan başqa, Azərbaycan Respublikası MM-nın 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Bundan başqa, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 6000 (altı min) manat məbləğində maddi ziyan tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3264/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3264/2021
08.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver