Məhkəmə qərarları › İş №2(006)-328/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-328/2023

01.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-328/2023 01.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan mənzillərə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 13 saylı evin 4,6,14 saylı mənzillərə Cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi 1035 manat+ödənilmiş dövlət rüsumunun əvəzi 33,50 manat, hüquqi yardım üçün ödənilmiş 200 manatın əvəzi, cəmi=1268,50 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 13 saylı evin 4, 6, 14 saylı mənzilləri iddiaçının mülkiyyətindədir. Nəsimi rayonu ərazisində "xxxx" MMC binaların təmiri və rənglənməsi ilə əlaqədar işlər görərkən qanusuz olaraq onun mülkiyyətində olan mənzillərin damında yaşayış otaqlarının üstündə iş üzrə cavabdeh üçün mətbəx və tualet tikilisi nəzərdə tutulan dəmir konstruksiyadan karkas quraşdırılmışdır. İddiaçının çoxsaylı şikayətləri əsasında həmin dəmir konstruksiya sökülərək, mənzillərin damı əvvəlki vəziyyətə gətirilmişdir. Bundan sonra cavabdeh iddiaçıya qarşı qərəzli hərəkətlərini davam etdirərək mülkiyyətində olan mənzillərin damında ev əşyalarını yığmış, gül dibçəkləri yerləşdirmiş, mənzilin divarına bitişik qanunsuz bağlı balkon inşa etdirərək, eyni zamanda divara su çəni və kondisioner quraşdırmışdır. Qanunsuz inşa etdiyi balkondan mənzillərin damına qoydurduğu pəncərədən düşərək dama yerləşdirdiyi iri həcmli gül dibçəklərini sulayır, damda gəzərək bitumla örtülmüş və artıq istismar müddətini ötmüş damın taxtadan olan örtüyünü zədələyərək onun mülkiyyətinə qəsd edir və yuduğu paltarları damda zivəyə asır. Mənzillərin tavanında çatlar əmələ gəlmişdir. İddiaçı dəfələrlə cavabdehə, Fövqəladə Hallar Nazirliyinə, Bakı şəhər İcra-Hakimiyyəti Mənzil-Kommunal Departamentinə, Nəsimi rayon Mənzil Koomunal Təsərrüfyatı Birliyinə, ərazi üzrə 48 saylı MKİS-nə və sahə üzrə müvəkkilə müraciət etmişdir. Bir neçə dəfə cavabdehə qanunsuz hərəkətlərinə son qoyulması tələb olunsa və damda olan dibçəklər, məişət əşyaları MİS və sahə müvəkkilinin əməkdaşları tərəfindən cavabdehə yığışdırılaraq götürülməsini təmin etsələr də, cavabdeh sonradan qanunsuz hərəkətlərini davam etdirərək məişət əşyalarını, gül dibçəklərini iddiaçının mülkiyyətində olan dama yenidən yığmışdır. Bundan əlavə, onun mənzillərinin damına çıxmaq üçün nərdivan və bağlı qapı qoyulmuşdur. İddiaçı müdaxilənin qarşısını almaq üçün həmin qapını qıfılla bağlasa da, cavabdeh həmin qıfılları dəfələrlə sındırmış və dama özünə məxsus istənilən əşyaları yığmaqda davam edir. Bütün bunların qarşısını almaq üçün cavabdehlə söhbət aparsa da, müsbət nəticəsi olmamışdır. Əksinə, iddiaçıya qarşı kobudluq edərək, təhqir etmişdir. Bundan başqa mənzilin təmiri ilə əlaqədar ustaların işinə maneçilik törədərək, müxtəlif orqanlara şikayətlər yazaraq, iddiaçıya qarşı şər-böhtan xarakterli məlumatlar vermişdir. Hətta iddiaçının mülkiyyətində olan mənzillərin damına jurnalist çıxararaq oradan reportaj hazırlatmış və kütləvi informasiya portallarında yaydırmışdır. Jurlanalist isə onun fikirini öyrənmədən, jurnalist etikasına əməl etmədən cavabdehin barəsində böhtan və şər xarakterli məlumatını yaymışdır. Eyni zamanda, cavabdeh ümumi istifadədə olan otaqdan mülkiyyətində olan mənzillərin damına çıxaraq mənzilin damından mənzilə yıxılması nəticəsində mənzilin tavanında oyuq açmışdır. Bütün bu xarakterli qərəzli hərəkətlərinin nəticəsi olaraq qaldırdığı iddia tələbi Nəsimi rayon məhkəməsinin 2(006)-134/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aşağıdakı qaydada qismən təmin edilmişdir: Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 13 saylı evin 4, 6 və 14 saylı mənzillərinə cavabdeh tərəfindən edilən müdaxilə aradan qaldırılsın və bununla bağlı hərəkətlər qanunsuz hesab edilsin; mənzillərin damına qoyulmuş gül dibçəkləri, məişət əşyaları götürülsün, mənzilin güc götürən divarına quraşdırılmış kondisioner və su çəni cavabdehin hesabına sökülsün; cavabdehə məxsus 9 saylı mənzildən İddiaçı mülkiyyətində olan mənzillərin üst hissəsinə (damına) tərəf 1,1x1.2 kv.m ölçüdə qanunusuz açılmış pəncərə oyuğu Cavabdeh hesabına mişar daşı ilə bağlansın; İddiaçı mənzilinin damına hər hansı bir əşyanı qoyması, dama çıxması, o cümlədən dama çıxan qapının sındırılması X2 qadağan edilsin. Lakin, bugünə qədər cavabdeh məhkəmə qətnaməsinin icrasına maneçilik törədərək qətnaməni icra etməmişdir. Beləliklə, cavabdeh qərəzli hərəkətlərini davam etdirərək ona ziyan vurmaqda davam etdiyinə görə iddiaçı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə və 48 saylı Mənzil İstismar Sahəsinə cavabdeh tərəfindən qəsdən su axıdılaraq mülkiyyətində olan mənzillərə davamlı olaraq ziyan vurması və bunun qarşısının alınması barədə müraciət etmişdir. Hər iki təşkilatın əməkdaşlarının və cavabdehin iştirakı ilə mənzillərə və evin damına baxış keçirilərək cavabdeh tərəfindən damda iri həcmli gül dibçəklərinin yığılmaması, su çənininn və kondisionerin hələ də sökülmədiyi və su axıntısı nəticəsində mənzillərin divarında sarı ləkələr, çatlar və divara vurulmuş boyada qopmaların aşkar olunması barədə akt tərtib olunmuşdur. Bundan sonra iddiaçı cavabdeh tərəfindən vurulmuş ziyanın qiymətləndirilməsi barədə “X4 və Ekspertiza Mərkəzi MMC-nə müraciət etmişdir. Həmin Cəmiyyətin əməkdaşı olan ekspert və cavabdehin iştirakı ilə mülkiyyətində olan mənzillərdə və onun damına baxış keçirilərək mütəxəssis rəyi verilmişdir. Həmin mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehin ona qarşı qərəzli hərəkətləri nəticəsində mənzillərinə ümumilikdə 1035 manat maddi ziyan vurulmuşdur. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddia tələbi qanunsuz və əsassızdır. İlk öncə qeyd edilməlidir ki, cavabdeh 13 saylı evin 4, 6, 14 saylı mənzillərin damında yaşayış otaqlarının üstündə mətbəx və tualet tikilisi nəzərdə tutulan dəmir konstruksiyadan karkas quraşdırmamışdır, qanunsuz balkon inşa etməmiş və balkondan dama çıxmaq üçün hər hansı pəncərə açmamışdır. Ümumi istifadədə olan təsərrüfat otağına çıxmaq üçün əvvəllər pilləkən mövcud olmuşdur. Sonradan iddiaçı həmin pilləkəni sökmüş, pilləkən qəfəsi və ümumi istifadədə olan digər sahələri öz mənzilinə qatmışdır. Mənzilin ikinci mərtəbəsində yerləşən ümumi istifadədə olan sahəyə qalxmaq üçün isə dəmirdən vintvari pilləkən düzəltdirmişdir ki, həmin pilləkənlə yuxarı qalxmaq və otağa daxil olmaq çox təhlükəlidir. İddiaçı özü iddia ərizəsində də qeyd etmişdir ki, mənzilin taxta tavanının istismar müddəti başa çatmışdır. Yuxarı mərtəbədə yerləşən qonşu mənzillərə quraşdırılmış kondensionerlərin suları və pəncərə önünə qoyduqları dibçəklərin suları da iddiaçının mənzillərinin üstünə axır. Qonşular da məcburiyyət qarşısında qalaraq iddiaçının mənzillərinin üstünə çıxır. Sözügedən təsərrüfat otağına da təhlükəsiz giriş məhz həmin mənzillərin üstündəndir. İddiaçının mənzillərinə hər hansı atmosfer, yağış sularının sızması cavabdehin günahı deyil. Cavabdeh onun mənzillərinin damından istifadə etmir. Tikinti normalarına görə mənzilin damı möhkəm materialdan, dəmir-beton örtüyündən və təhlüksiz olmalıdır. Lakin, iddiaçı ümumi istidadədə olan təsərrüfat otağına olan pilləkəni sökmüş, həmin hissəinin tavanına alçipan materialı vuraraq bağlamış və evinə qatmışdır. Alçipanın üzərini toz basmış, cavabdeh də təsərrüfat otağına əşya qoyarkən həmin alçıpan sınmış, cavabdeh yıxılaraq xəsarət almışdır. Sağalmağı üçün uzun müddət müalicə almışdır. Göründüyü kimi iddiaçının iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən 0936529№-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 13, mənzil 4,6 və 14 saylı mənzillər xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. -Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilən 30 mart 2018-ci il tarixli İddiaçı ünvanlanmış məktubdan görünür ki, 48 saylı MKİS-in xx.xx.2018-ci il tarixli aktına əsasən görülmüş tədbirlər nəticəsində sözügedən dəmir konstruksiya həmin ünvanda abadlıq və təmir-bərpa işləri aparan "xxxx" MMC-nin əməkdaşları tərəfindən sökülərək dam örtüyü əvvəlki vəziyyətinə qaytarılmışdır. -Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilən 24 aprel 2018-ci tarixli İddiaçı ünvanlanmış məktubdan görünür ki, sözügedən ünvanda olmaqla 10 gün müddətində vət.İddiaçı mülkiyyətində olan mənzillərin damında quraşdırılmış və yığılmış bütün əşyaların oradan götürülərək təmizlənməsi, dama çıxış qapısının bağlanaraq açarlarının mülkiyyətçilərə verilməklə, digər açarın isə MKİS-də saxlanılması, kənar şəxslərin dama çıxmasının qarşısının alınması, həmçinin təmiz saxlanmasına nəzarət edilməsi və görülmüş tədbirlər haqqında Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə rəsmi məlumat verilməsi tapşırılmışdır. -48 saylı Mənzil-Kommunal İstismar Sahəsindən verilən 02 iyul 2018-ci il tarixli, 24 nömrəli İddiaçı ünvanlanmış məktubdan görünür ki, baxış zamanı müxtəlif əşyaların dam örtüyünün üstündə olduğu faktı aşkar edilmişdir. Sahə müvəkkilinin iştirakı ilə dam örtüyü əvvəlki vəziyyətinə qaytarılmışdır. Bir neçə həftədən sonra məlum olmuşdur ki, qonşu Cavabdeh məxsus bütün əşyalar yenidən damın üstünə yığılmışdır. Təkrarən dam örtüyü yığılmış əşyalardan təmizlənmiş, yaranmış münaqişəyə baxmayaraq Cavabdeh ona məxsus gül dibçəklərini və müxtəlif əşyaları yenidən İddiaçı məxsus dama yığmışdır. -xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, mənzilə baxış keçirən zaman su axıntısı nəticəsində divarlarda sarı ləkələrin əmələ gəldiyi, çatlar və divara vurulmuş boyada qopma aşkar olunmuşdur. -“X5 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilən 21 sentyabr 202-ci il tarixli, 218№-li mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 13-də yerləşən 4,6 və 14 saylı mənzillərə su sızması halları baş vermişdir. Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 13-də yerləşən 4,6 və 14 saylı mənzillərə su sızması vardır, su sızması rəyin tədqiqat hissəsində göstərilən amillərdən baş verə bilər. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 13-də yerləşən 4,6 və 14 saylı mənzillərdə su sızması nəticəsində dəymiş ziyanın dəyəri təqribən 1035 manat məbləğində müəyyən edilmişdir. -Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2023-cü il tarixli, 10/7603№-li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 4,6 və 14 saylı mənzilin konstruktiv elementlərində (divar, tavan və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarındakı məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 13-də yerləşən İddiaçı istifadəsində olan 4,6 və 14 saylı mənzilinə həmin mənzilin dam örtüyünə quraşdırılmış su çənindən, kondisionerdən və gül dibçəklərindən su axıdıldığı və nəticədə 4,6 və 14 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 4,6 və 14 saylı mənzilin dam örtüyünə baxış keçirilən zaman sözügedən mənzilin dam örtüyü faktiki olaraq quru olduğundan, dam örtüyünə quraşdırılmış su çənindən, kondisionerdən və dam örtüyünə yığılmış gül dibçəklərindən hər hansı su axıntısının olmadığından 4,6 və 14 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin, su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 4,6 və 14 saylı mənzilə su sızması həmin mənzilin dam örtüyünə quraşdırılmış su çənindən, kondisionerdən və gül dibçəklərinə qulluq zamanı cavabdeh tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 13-də yerləşən iddiaçı İddiaçı istifadəsində olan 4,6 və 14 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1015 manat məbləğində müəyyən olunmuşdur. Ekspert tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. -Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-134/2020 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 13 saylı evin 4, 6 və 14 saylı mənzillərə Cavabdeh tərəfindən edilən müdaxilənın aradan qaldırılması və bununla bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, mənzillərin damında qoyulmuş gül dibçəklərinin, məişət əşyalarının götürülməsi, mənzilin güc götürən divarına quraşdırılmış kondisioner və su çəninin Cavabdeh hesabına sökülməsi, Cavabdeh məxsus 9 saylı mənzildən İddiaçı mülkiyyətində olan mənzillərin üst hissəsinə tərəf qanunsuz açılmış pəncərə oyuğunun Cavabdeh hesabına mişad daşı ilə bağlanması, Ə.Xədicənin mənzilinin damına hər hansı bir əşyanı qoyması, dama çıxması, dama çıxan qapının qıfılının sındırılması T.Südabəyə qadağan edilməsi və Ə.Xədicəyə məxsus təsərrüfat təyintatlı otaqdan T.Südabənin əşyalarının çıxarılması qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-134/2020 saylı qətnaməsi Ə.Xədicəyə məxsus təsərrüfat təyintatlı otaqdan T.Südabənin əşyalarının çıxarılması hissəsində ləğv edilmiş və həmin hissədə Ə.Xədicənin iddiası təmin edilməmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş işin mübahisəsiz hallarından məlum olur ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 13 saylı evin 4, 6 və 14 saylı mənzillərinin dam hissəsində kondisionerlərin, gül dibçəklərinin və dama tərəf olan 1,1m x 1,2m ölçüdə su çəninin quraşdırılması müəyyən olunmuşdur. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə həmin Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 13 saylı evin 4, 6 və 14 saylı mənzillərə Cavabdeh tərəfindən edilən müdaxilənin aradan qaldırılması və bununla bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, mənzillərin damında qoyulmuş gül dibçəklərinin, məişət əşyalarının götürülməsi, mənzilin güc götürən divarına quraşdırılmış kondisioner və su çəninin Cavabdeh hesabına sökülməsi, Cavabdeh məxsus 9 saylı mənzildən İddiaçı mülkiyyətində olan mənzillərin üst hissəsinə tərəf qanunsuz açılmış pəncərə oyuğunun Cavabdeh hesabına mişar daşı ilə bağlanması, Ə.Xədicənin mənzilinin damına hər hansı bir əşyanı qoyması, dama çıxması, dama çıxan qapının qıfılının sındırılması T.Südabəyə qadağan edilməsi qət edilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən su çənindən, kondisionerdən və gül dibçəklərindən su axıdıldığını və bunun nəticəsində də onun mənzilinə ziyan vurulduğunu iddia edərək hazırki tələbin təmin edilməsini tələb edir. Məhkəmə iddia tələbinə münasibətində aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusunun yaranması üçün üç ümumi şərt mövcud olmalıdır: 1) Törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması; 2) Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi; 3) Zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması və 4) Hüquqpozan şəxsin təqsirinin olması. İş üzrə iddiaçıya məxsus mənzilin dam örtüyündə su çəni, kondisioner və gül dibçəklərinin olması və cavabdehin həmin ərazidən istifadə etməsi, eyni zamanda iddiaçıya məxsus mənzilə ziyan dəyməsi işin mübahisəsiz hallarıdır. Lakin, məhkəmə qeyd edir ki, araşdırma zamanı iddiaçıya məxsus mənzilə vurulmuş ziyanın birbaşa cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulması sübuta yetirilə bilməmişdir. Belə ki, məhkəməyə təqdim edilən ekspert rəyindən də görünür ki, ünvana mütəxəssis tərəfindən baxış keçirilən zaman sözügedən mənzilin dam örtüyü faktiki olaraq quru olduğundan və dam örtüyünə quraşdırılmış su çənindən, kondisionerdən və dam örtüyünə yığılmış gül dibçəklərindən hər hansı su axıntısının olmadığından 4,6 və 14 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Həmçinin, iddiaçıya konkret olaraq cavabdeh tərəfindən ziyan vurulması halı müəyyən edilməmişdir. Həmçinin, məhkəmə tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 13 saylı evin 4, 6 və 14 saylı mənzillərinin dam hissəsinə baxış keçirilən zaman iddiaçıya məxsus mənzilin 1-ci və 2-ci mərtəbələrində yerləşən otaqların binanın fasad divarında sarımtıl su sızma ləkələrin olduğu müəyyən edilmişdir. Həmçinin baxış zamanı 4,6 və 14 saylı mənzilin dam örtüyünün şüşəli ruberoidlə izolyasıya olunduğu, həmçinin dam örtüyündə su axımı dama olan kondisionerlərin, müxtəlif həcmi gül dibçəklərin, dama tərəf olan 1,1m x 1,2m ölbüdə su çəninin quraşdırıldığı müəyyən edilmişdir. Baxış zamanı sözügedən mənzilin dam örtüyünün faktiki olaraq quru olduğu, dam örtüyünə quraşdırılmış su çənindən, kondisionerdən və dam örtüyünə yıqılmış gül dibcəklərindən hər hansı su axıntısının olmadığı müşahidə olunmuşdur. Məhkəmə, iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin), b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Həmçinin, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Həmçinin, məhkəmə qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona maddi ziyanın vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə tərəfindən də ziyanın həqiqətən də cavabdeh tərəfindən vurulması halı aşkar edilməmişdir. Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan mənzillərə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə iddia tələbinin dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi əsas hissədə, yəni maddi ziyan tutulması hissəsində təmin edilmədiyindən məhkəmə hesab edir ki, həmin hissələrdə də iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan mənzillərə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar