Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3282/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi MƏmmədova Şəbnəm Hikmət qızının katibliyi ilə, İddiaçı, 3-cü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə, 3-cü şəxs “xxxx” ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə, 3-cü şəxs “xxxx” ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi barədə” tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən 19.11.2020-ci il tarixdə aparılmış və reyestrdə “8İ-15906” nömrə ilə qeyd edilmiş icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, “xxxx” ASC ilə arasında bağlanmış müqaviləyə əsasən ona 500 manat məbləğində bolkart istehlak krediti verilmişdir. Tərəfindən həmin kart üzrə 1100 manatdan artıq ödəniş etmişdir. Buna baxmayaraq bank notariat orqanına müraciət edərək kredit müqaviləsi üzrə icra qeydi verilməsini xahiş etmiş və notarius tərəfindən də 19 noyabr 2020-ci il tarixdə icra qeydi verilmişdir. Həmin icra qeydi icra edilməsi üçün Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. İcra sənədindən görünür ki, guya onun “xxxx” ASC-yə əsas borc 510 manat 56 qəpik, 35 manat cərimə-penya, 20 manat dövlət rüsumu, cəmi, 565 manat 56 qəpik məbləğində borcum vardır və tutulmalıdır. Bu tamamilə əsassız və qanunsuz bir qeyddir ki, notarius tərəfindən verilmişdir. Məbləğ olduqca şişirdilmiş, ödənişlərim nəzərə alınmamışdır. Hazırda ödənişlərlə və borc məbləği ilə bağlı mübahisə olduğundan bu mübahisənin icra qeydi ilə həll edilməsi qanunvericiliyin tələbinə ziddir. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. İndiki halda notariat orqanı öz qanunsuz hərəkəti ilə icra qeydi tərtib etmişdir. Çünki, qanunun tələbindən göründüyü kimi icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdikdə verilə bilər. İndiki halda borc və borcun məbləği ilə bağlı mübahisə vardır. Bundan başqa onu da nəzərə alaq ki, o, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş veteran, Qarabağ müharibəsi 2-ci qrup əlilidir. Sağlamlığı da yerində deyil. Bu ağır vəziyyəti ilə yenə də verilmiş kredit puldan iki qat artıq məbləğdə ödəniş etmişdir. Bank hüququndan sui-istifadə edərək ona məlumat vermədən və məhkəməyə müraciət etmədən belə bir özbaşnalığa nail olmuşdur. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Lakin məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi X3 işin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Eyni Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur Məhkəmə hesab edir ki, hazırkı mübahisə predmetini təşkil edən icra qeydinin verilməsinə əsas (iş materiallarında olan 19 noyabr 2020-ci il tarixli icra qeydində qeyd edilir: “Mən, Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X2 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edirəm həmin sənədlər üzrə AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, X5, ev 42 ünvanında yerləşən “xxxx” ASC xeyrinə ünvan 2yyatda olan İddiaçı BALBM001821/14 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 510 manat 56 qəpik tutulsun. Bundan əlavə təklif edirəm borcludan İddiaçı 35 manat 00 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 20 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqlacəmi 565 manat 56 qəpik pul tutulsun. Həmin icra qeydi 19 noyabr 2020-ci il tarixdə aparılmışdır”.). Lakin iddiaçı “xxxx” ASC ilə arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq tam əməl edərək borcunu tam olaraq ödəmiş və müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmişdir. Buna baxmayaraq “xxxx” ASC Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət edərək tərəflərin arasında bağlanmış kredit müqaviləsi üzrə icra qeydinin verilməsini xahiş etmişdir. Bu səbəbdən Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən icra qeydi aparılmışdır. Odur ki, iddia təmin edilərək Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən 19.11.2020-ci il tarixdə aparılmış və reyestrdə “8İ-15906” nömrə ilə qeyd edilmiş icra qeydi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən qət etdi: İddia təmin edilsin. Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən 19.11.2020-ci il tarixdə aparılmış və reyestrdə “8İ-15906” nömrə ilə qeyd edilmiş icra qeydi ləğv edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3282/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3282/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver