Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3294/2023 12.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştiraklatrı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «borcun olmaması barədə məlumatın verilməsi öhdəliyinin icrası» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «borcun olmaması barədə məlumatın verilməsi öhdəliyinin icrası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 iyul 2020ci il tarixli RGTK2459946A162 saylı kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi öhdəliyinin Cavabdeh ASC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ASC ilə bağlanmış 09 iyul 2020-ci il tarixli RGTK2459946A162 saylı kredit müqaviləsi üzrə borc öhdəliyini hər ay əmək haqqından məcburi tutulmalar hesabına yerinə yetirmişdir. Bununla bağlı olaraq, ona Cavabdeh ASC-nin Binəqədi filialından «aktiv borc öhdəliyinin olmamasına» dair 26 avqust 2022-ci il tarixli 753 saylı arayış təqdim olunmuşdur. Buna baxmayaraq, Azərbaycan Respublikası Məpkəzi Bankının «Mərkəzləşdirilmiş Kredit Reyestri»ndə hələ də adına cavabdehlə əlaqədar olan aktiv borc öhdəliyi haqqında məlumat mövcuddur. Bu da o deməkdir ki, cavabdeh üzərinə düşən müvafiq öhdəliyi yerinə yetirməmişdir və problemin məhkəmədən xaric həlli də qeyri-mümkün olmuşdur. Cavabdeh həmçinin iddia edir ki, borcun olmaması haqqında sözügedən arayış ona «texniki problem» nəticəsində təqdim edilmişdir. Bu iddianı isə əlbəttə ki, əsassız sayır. Çünki uzun müddətdir ki, onun əmək haqqından cavabdehin xeyrinə məcburi tutulmalar gerçəkləşib və borc məbləği bu şəkildə aradan qalxıb. Bu baxımdan da, təsadüfi hal deyil ki, o, 26 avqust 2022-ci il tarixdə Cavabdeh ASC-nin Binəqədi filialına müraciət edərək, «aktiv borc öhdəliyinin olmaması» haqqında 753 saylı arayışı əldə etmişdir. Məhz bundan sonra cavabdehə müraciət edərək üzərinə düşən öhdəliyi icra etməsini xahiş etmişdir. Cavabdeh isə qeyd etdiyi kimi, üzərinə düşən öhdəliyi icra etməkdən imtina etmişdir. Bu da, məhkəməyə müraciət etməsinə səbəb olmuşdur. Qeyd edir ki, cavabdehlə onun arasında yaranmış hüquq münasibətlərinə öhdəliyin lazımınca icrası nəticəsində xitam verilmişdir. Bu hal cavabdeh tərəfindən ona təqdim edilmiş 26 avqust 2022-ci il tarixli 753 saylı arayışla öz təsdiqini tapır. Lakin Cavabdeh ASC tərəflər arasındakı hüquq münasibətlərinə öhdəliyin lazımınca icrası nəticəsində xitam verilməsinə baxmayaraq müvafiq məlumatı "xxxx" MMC-yə «Məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi» Qaydalarına uyğun olaraq verməmişdir. Halbuki, banklar fiziki və hüquqi şəxs olan borc alanların istənilən valyutada hər bir krediti, həmçinin, fiziki şəxs olan borc alanların kredit kartları üzrə istənilən valyutada hər bir krediti, kredit müqaviləsi üzrə öhdəliyin olmaması haqqında büroya məlumat verməlidir. Beləliklə, cavabdeh "xxxx" MMC-yə müvafiq məlumatı verməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayani və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl etməmiş və onun hüquqlarını pozmuşdur. Hesab edir ki, borcun olmaması halı istinad etdiyi arayış növündə sənədlə öz təsdiqini tapdığından 09 iyul 2020-ci il tarixli RGTK2459946A162 saylı kredit müqaviləsi üzrə aktiv borc öhdəliyinin olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia tələbi əsassızdır. İddiaçı 2020-ci il tarixdə 84 ay ödəmək şərti ilə 9.000 manat kredit götürmüşdür. Qrafik üzrə tutulmalar müxtəlifdir. Aylıq adətən 110 manat olmuşdur. Kredit üzrə ilk pul tutulması 10 avqust 2020-ci il tarixdə olur. Son tutulma vaxtı 06 aprel 2021-ci il tarixdə olmuşdur. Ümumi 1.718 manat 40 qəpik tutulmuşdur. 9.000 manat kredit tam ödənilməmişdir. Cəlilabad rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli 2(073)-325/2022 saylı, 9.000 manat əsas borcun, 1.215 manat faizin ödənilməsi ilə bağlı qətnaməsi mövcuddur. İddiaçı 26 avqust tarixdə bankdan arayış almış, 31 avqustda sistemdə problem olduğu banka məlum olmuşdur. Texniki problemə görə kredit borcları silinmişdir, lakin daha sonra yenidən bərpa olunmuşdur. Çıxarışa əsasən iddiaçı 9.000 manat məbləğində kreditdən sadəcə 1.718 manat 40 qəpik məbləğində pul ödəmişdir. Qeyd etdiyi kimi, iddiaçı ilə cavabdeh arasında 09 iyul 2020-ci il tarixli RGTK2459946A162 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçıya illik 20 % olmaqla, 84 ay müddətinə 9.464,75 qəpik kredit verilmişdir. Bankın əməliyyat sistemində yaranmış problemlə bağlı bir neçə müştəriyə borcun silinməsi ilə əlaqədar yanlış SMS getmişdir. İddiaçı da bundan istifadə edərək, banka yaxınlaşaraq, borcun olmaması barədə arayış əldə etməyə nail olmuşdur. Həmin arayışın olması borcun olmaması anlamına gəlmir. Bu səbəbdən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. İddiaçı iddia tələbinin əsası kimi cavabdehin «Binəqədi» filialı tərəfindən verilmiş 26 avqust 2022-ci il tarixli 753 saylı arayışa istinad edir. Həmin arayışda qeyd olunmuşdur ki, İddiaçı Cavabdeh ASC-də xx.xx.2022-ci il tarixə heç bir aktiv borc öhdəliyi yoxdur. Məhkəmə qeyd edilən arayışı mötəbər sübut kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sənədlərlə təsdiq olunur ki, həmin arayış real vəziyyəti əks etdirmir, bankın əməliyyat sistemində yaranmış nasazlıqla bağlı olaraq iddiaçıya təqdim olunmuşdur. Əksinə, təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçının cavabdehə 09 iyul 2020ci il tarixli RGTK2459946A162 saylı kredit müqaviləsi üzrə aktiv borcu mövcuddur, kredit müqaviləsi üzrə yalnız 1.718 manat 40 qəpik ödəniş edilmiş, qalan borc ödənilməmişdir. 06 fevral 2023-cü il tarixə qalıq borc 10.254 manat 47 qəpik təşkil edir. İşin qeyd olunan halını Cəlilabad rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli 2(073)-325/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi (icra edilməmişdir), Cavabdeh ASC-nin 16 fevral 2023-cü il tarixli 20xx/xx/1360 saylı məktubu, eləcə də, təqdim edilmiş digər sənədlər təsdiq edir. Bu səbəbdən, iddia təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «borcun olmaması barədə məlumatın verilməsi öhdəliyinin icrası» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «borcun olmaması barədə məlumatın verilməsi öhdəliyinin icrası» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3294/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3294/2023
12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver