Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3300/2021 05.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "maddi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "maddi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 tapşırığına əsasən digər Cavabdeh3 29 yanvar 2021-ci il tarixdə saat 11:00 radələrində İddiaçı MMC-nin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, “ƏR-RİYAD” ticarət mərkəzinə gələrək ünvansız nalayiq söyüşlər söyərək cəmiyyətin fəaliyyətinə mane olmağa çalışmışdır. İlk öncə Cavabdeh3 şirkətin fəaliyyətinə maneəçilik törətməməsi, həmçinin ictimai asayişi pozmamağı bildirilmişdir. Lakin Cavabdeh3 bu kimi əməllərinə son qoymayaraq, həmin obyektin dayısı Cavabdeh1 məxsus olduğunu və istədiyini edə biləcəyini bildirmişdir. İddiaçı tərəfindən cavabdeh intizama dəvət edilmiş və bildirilmişdir ki, şirkətin fəaliyyətinə mane olmaqla yanaşı şirkətə maddi ziyan vurur. Cavabdeh3 şirkətin giriş hissəsində yerləşən qeyri-yaşayış sahəsinin pəncərəsinə təpiklə zərbə vuraraq şüşələri sındırmışdır. Bununla da, şirkətin iş ahəngi pozulmaqla yanaşı şirkətə maddi ziyan dəymişdir. Bundan sonra, həmin gün, yəni 29.01.2021-ci il tarixdə təxminən saat 16:00 Cavabdeh3 İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi 1030 məhəllə ünvanında çoxmərtəbəli yaşayış binasına gələrək oraya daxil olmağa çalışmış və binanın mühafizəçiləri tərəfindən bu cəhdin qarşısı alındıqda, Cavabdeh3 təhqiramiz hərəkətlər edərək, hədə-qorxular gəlir, onun tərəfindən binanın ümumi işıq sisteminə, su sisteminə qanunsuz müdaxilələr edilmiş, lift sistemi sıradan çıxarılmış, binanın ümumi istifadədə olan sahəsinə və qonşuların mənzillərinə bilərəkdən su axıdılmış, bu cür qanunsuz hərəkətlər nəticəsində cəmiyyətə ziyan dəymişdir. Eyni əməllər Cavabdeh2 tərəfindən də əvvəllər dəfələrlə törədilmişdir. Belə ki, psixi qüsuru olan Cavabdeh2 21 oktyabr 2016-cı il tarixdə İddiaçı MMC-nin mülkiyyətində olan və cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, Bakı-Sumqayıt şosse yolunun 16-cı km-də, Xırdalan şəhəri ərazisində yerləşən “Riyad” Ticarət Mərkəzinə gələrək bildirmişdir ki, bura ona məxsusdur, nə istəsə edə bilər, buradan heç yerə gedəsi deyil və heç kəsdə onu burdan çıxara bilməz. Cavabdeh özünü çox aqressiv aparmaqla və məntiqsiz hərəkətlər etməklə, Ticarət Mərkəzində səbəbsiz yerə dava-dalaş salmaqla, pis söyüşlər söyməklə İddiaçı MMC-nin əməkdaşlarının və ətrafda olan insanların üzərinə hücum etmişdir. Öz hərəkətlərinin mənasını dərk etməyən cavabdeh Ticarət Mərkəzinin iş ahəngini pozmuş və alış-verişə gəlmiş insanlar tələm-tələsik şəkildə oranı tərk etmişdir. Cavabdehin Ticarət Mərkəzindən kənarlaşdırılması üçün mühafizə xidmətinin əməkdaşları dəvət olunmuşdur. Mühafizə xidmətinin rəisi Zakir Manafov özünü təqdim edərək Cavabdeh2 işçilərə maneçilik törətməməsini izah edərək çıxıb getməsini xahiş edərkən Cavabdeh2 daha da aqressivləşərək Zakir Manafovun üzərinə hücum çəkmiş, baş geyim örtüyünü başından çıxararaq yerə atmış, yaxasından tutaraq dartıb çölə çıxarmış və nalayiq küçə söyüşləri ilə hətta ifadə olunmayan sözlərlə onu təhqir etmişdir. Bundan sonra o, İddiaçı MMC-nin inzibati binasında olan bütün pəncərə şüşələrini sındırmış, televizoru və kompyuter dəstini yerə ataraq yararsız hala salmışdır. Bundan əlavə, 27 oktyabr 2016-cı il tarixdə saat 14:00 radələrində Cavabdeh1 arvadı Cavabdeh2 İddiaçı MMC-nin nəzdində olan “Çıl Çıraq” elektrik mağazasına girib, heç bir səbəb olmadan hay-küy salmış, onu intizama dəvət edən Ağaverdi Süleymanovun və mühafizəçilərin təklifinə məhəl qoymadan qışqırtı, emosional hərəkətlərlə mağazanın iş fəaliyyətini dayandırmış, mağazada olan müxtəlif əşyaları sındırmışdır. Bundan əlavə, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi, 1030 məhəllə ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının qısa bir müddət ərzində komendantı olmuş Cavabdeh2 özünü çox aqressiv aparmaqla və məntiqsiz hərəkətlər etməklə, səbəbsiz yerə dava-dalaş salmaqla, pis söyüşlər söyməklə qonşulara və ətrafda olan insanlara qarşı çoxsaylı münaqişələr törətmişdir. Həmçinin, psixi qüsuru olan Cavabdeh2 bildirir ki, əri Cavabdeh1 xəbərsiz olaraq qarajda su matorunun içərisində 100 000 manat pul gizlədibmiş və həmin pulu Hüseynov Alim oğurlamışdır. Hansı ki, Alim Hüseynov cəmiyyətin təsisçisi İlqar Əliyevin köməkçisidir və cəmiyyətdə, respublikada nüfuzlu şəxslərdəndir. Cavabdehlər tərəfindən uzun illərdən bəri bu kimi psixi anormal hərəkətlər davam etdirilməkdədir. İddiaçı MMC X2 müraciət edərək xx.xx.1962-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh2 psixiatrik, psixoloji və ya psixososial vəziyyəti barədə ekspert rəyinin verilməsini xahiş etmişdir. X1 19.03.2021-ci il tarixli 171 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, “Təqdim olunmuş foto, video və audio fayllarda Cavabdeh2 məxsus olan səs və görüntüləri psixoloji cəhətdən araşdırılmasına görə emosional-gərginlik vəziyyətində uzun müddət qalması onun psixisabitlik vəziyyətinə neqativ təsir etməsinə gətirib çıxara bilər. Cavabdeh2 özünü psixoloji cəhətdən qeyri-stabil şəxs kimi aparmış, affektogen reaksiyalar göstərmişdir. O, etik-davranış qaydalarını pozaraq, “qadın” obrazına xas olmayan kobud və ədəbsiz-sosial davranış (həm verbal, həm də qeyri-verbal) nümayiş etdirirdi. Cavabdeh2 nitqində həcm səviyyəsindəki dalğalanmalarla xarakterizə olunur (yəni, normal vəziyyətdə danışma ilə müqayisədə sayı artan kəskin yuxarı zirvələr var), bir düşüncədən digərinə tez- tez keçid, yersiz gülüşlər ilə kəsilən mənasız ifadələr və həmçinin səslənən bəzi sözlər qəhqəhə zamanı başqaları ilə söhbətlərinin yazılarındakı vəziyyəti psixi cəhətdən problem yaşamasına dəlalət edir. Cavabdeh2 başqalarına gerçəkliyə uyğun olmayan məlumatları təqdim etmək üçün bu kimi terminlərlə doymuş nitq ya bəzi gizli motivləri (hədə-qorxu, şantaj, təhdid, manipulyasiya və s.), ya da onun psixi pozuntularını göstərə bilər.Məhz buna görə, Cavabdeh2 şəxsiyyətini, psixoloji və psixi problemlərinin olub-olmamasını daha ətraflı öyrənilməsi üçün məhkəmə psixiatrik və psixoloji ekspertizanın aparılması məqsədəuyğun hesab edilir. Göründüyü kimi, psixiki pozuntusu olan və öz hərəkətlərinin mənasını dərk etməyən və onları şüurlu idarə etmək iqtidarında olmayan, həmçinin psixi cəhətdən problem yaşayan cavabdehlər Cavabdeh2 Şahbaz qızının və Cavabdeh3 törətdiyi mülki hüquq pozuntusu nəticəsində İddiaçı MMC-yə 50 000 (əlli min) manat ziyan dəymişdir. Göstərilənlərə əsasən məhkəmə psixiatrik və psixoloji ekspertizası keçirilməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 psixi pozuntusunun olması və onlar tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində dəymiş 50 000 (əlli min) manat məbləğində ziyanın cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, "xxxx" MMCyə 2018-ci ildə komendant təyin edilmişdir. O, Sərdarı tanıyır. Sərdar həmin ünvanda yaşamır, lakin dayısı Şahbazın evinə gəlirdi. Həmin ünvanda digər şəxsləri narahat edirdi. Cavabdeh2 psixoloji problemləri var idi. Bununla əlaqədar, hüquq-mühafizə orqanlarına müraciət edilsə də, heç bir tədbir görülməmişdir. Cavabdeh2 müşahidə kameralarını, giriş qapısını sındırıb. Mühafizə əməkdaşlarını təhqir etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş 05.02.2021-ci il tarixli “qiymətləndirilmə barədə rəy”dən görünür ki, 02 fevral 2021-ci il tarixli müraciətə cavab olaraq bildirilir ki, ünvan 5 ünvanında yerləşən yaşayış binasında icra edilmiş təmir-bərpa və quraşdırma işlərinə çəkilən xərcin ümumi məbləği 15800 manat və Abşeron rayonu, Xırdalan şəhərinin, Bakı–Quba şossesinin, 7-ci km-də ünvanında yerləşən “Riyad” Ticarət Mərkəzində icra edilmiş təmir-bərpa və quraşdırma işlərinə çəkilən xərcin ümumi məbləği 7420 manat olmaqla, ümumi məbləğ 23.220 manat müəyyən edilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İş materiallarından göründüyü kimi ekspert rəyində ünvan 5 ünvanında yerləşən yaşayış binasında icra edilmiş təmir-bərpa və quraşdırma işlərinə çəkilən xərcin ümumi məbləği 15800 manat və Abşeron rayonu, Xırdalan şəhərinin, Bakı–Quba şossesinin, 7-ci km-də ünvanında yerləşən “Riyad” Ticarət Mərkəzində icra edilmiş təmir-bərpa və quraşdırma işlərinə çəkilən xərcin ümumi məbləği 7420 manat olmaqla, ümumi məbləğ 23.220 manat müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı maddi ziyanın əvəzi kimi 50.000 manat tələb etsə də, vurulmuş ziyanın məhz həmin məbləğdə olmasını, habelə ziyanın digər cavabdehlərlə yanaşı Cavabdeh1 tərəfindən vurulduğunu əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada maddi zərərin əvəzi kimi 23.220 (iyirmi üç min iki yüz iyirmi) manat məbləğində pul alınaraq İddiaçınə verilməli, iddia tələbi qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada maddi zərərin əvəzi kimi 23.220 (iyirmi üç min iki yüz iyirmi) manat məbləğində pul alınaraq İddiaçınə verilsin. İddia tələbi qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3300/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3300/2021
05.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver