Məhkəmə qərarları › İş №2(006)-3308/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3308/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3308/2024 17.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun olmaması barədə məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun olmaması barədə məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun guya "xxxx" ASC-yə 1.067,09 (bir min altmış yeddi manat doqquz qəpik) manat məbləğində borcunun ləğv edilməsinə göstəriş verilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə kredit əldə etmək məqsədilə "xxxx" ASC-yə müraciət etmiş, lakin ona 2011-ci ildən həmin günədək 1.067,09 (bir min altmış yeddi manat doqquz qəpik) manat məbləğində kredit borcunun olması bildirilmişdir. Bununla əlaqədar olaraq "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, SF-9295 saylı Çıxarışda iddiaçıya xx.xx.2011-ci il tarixində 865,09 (səkkiz yüz altmış manat doqquz qəpik) manat kreditin verilməsi, kreditin bitmə tarixinin xx.xx.2011-ci il (yəni 1 günlük kredit) göstərilmişdir. Həmçinin, bildirilmişdir ki, hazırda həmin kreditin qalıq məbləği yoxdur, faiz məbləği isə 1.067,09 manatdır. İddiaçı xx.xx.2011-ci il tarixində heç bir kredit müqaviləsi imzalamamış (bağlamamış) və heç bir kredit vəsaiti (yəni 865,09 manat) əldə etməmişdir. Həmçinin, iddiaçıya 2011-ci ildən bu günədək cavabdeh "xxxx" ASC tərəfindən kredit borcunun olması barədə nə yazılı, nə də şifahi məlumat verilməmişdir.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-yə 1.067,09 manat kredit borcunun olmaması barədə MKR-ə məlumat təqdim edilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə prosesi:

4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyib, təmin edilməməsini xahiş etdi.

6. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

7. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, SF-9295 nömrəli Çıxarışın “Borcalanın aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı fiziki şəxslərə verilmiş istehlak krediti ilə əlaqədar "xxxx" ASC-yə xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə 1.067,09 manat faiz borcu vardır. Kreditin verilmə tarixi xx.xx.2011-ci il, kreditin bitmə tarixi xx.xx.2011-ci il olmuşdur. (3.2-ci bənd).

8. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 31 (otuz bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir.

9. "xxxx" ASC tərəfindən təsdiq edilməklə məhkəməyə təqdim edilmiş İddiaçı məxsus ******************** nömrəli hesabdan xx.xx.1999-xx.xx.2024-cü il tarixləri əhatə edən çıxarışdan görünür ki, xx.xx.2009-cu ildə “-865,09” (Data conversion), xx.xx.2011-ci ildə “865,09” (Loan booking) qeydləri edilmişdir.

10. "xxxx" ASC tərəfindən təsdiq edilməklə məhkəməyə təqdim edilmiş İddiaçı məxsus ******************** nömrəli hesabdan xx.xx.1999-xx.xx.2024-cü il tarixləri əhatə edən çıxarışdan görünür ki, xx.xx.2011-ci ildə “-496.49” qeydi edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Mərkəzləşdirilmiş Kredit Reyestrində xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı istehlak krediti kimi verilmiş 865,09 manat əsas borcun ödənilməsi və onun cavabdeh "xxxx" ASC-yə həmin müqavilə üzrə ödənilməmiş 1.067,09 manat məbləğində aktiv faiz borcunun olması, kreditin müddətinin 1 gün, yəni xx.xx.2011-ci il tarixədək olması barədə məlumatlar öz əksini tapsa da, hazırkı iş üzrə tərəflər arasında kredit müqaviləsinin bağlanmaması mübahisəsizdir. Belə ki, iddiaçı cavabdehlə heç bir kredit müqaviləsi bağlamadığını iddia etmiş, cavabdeh də bu faktı təsdiq etmişdir.

12. Hazırda iddiaçı cavabdehlə heç bir kredit müqaviləsi imzalamadığından, adında əks olunan borcun onun hüquqlarını pozduğunu bildirərək, həmin borcun olmaması barədə məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını; cavabdeh isə bu borcun iddiaçının əvvəllər – cavabdehin işçisi olduğu vaxtlarda işçilərin istifadə etməsinə imkan verilən məbləğ üzrə onun istifadəsi nəticəsində yarandığını bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər.

c) Məhkəmənin mövqeyi:

13. İş üzrə tərəflər arasında kredit müqaviləsinin bağlanmaması faktı mübahisəsiz olduğundan, tərəflərin izahatlarında göstərdiklərinə əsasən (məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən cavabdeh bankın 2000-ci illərin əvvəllərində işçilərinə əmək haqqının müəyyən hissəsi qədər overdrafta icazə verməsi bildirilmiş, iddiaçı da belə bir qaydanın olduğunu təsdiq etmiş, lakin uzun müddət keçdiyindən özünün bu qaydadan yararlanıb-yararlanmadığını xatırlamadığını qeyd etmişdir), məhkəmə tərəfindən cavabdehə iddiaçıya istifadə etməsinə icazə verilən bankın vəsaitinin həcmi və həmin məbləğin hansı şərtlərlə (faizsiz, yoxsa faizlə) verilməsi barədə şərtlərin (müvafiq bəndlərin) olduğu əmək müqaviləsinin (ona əlavənin) və ya iddiaçının qeyd olunan məbləğdə vəsaitdən, həqiqətən də, istifadə etməsini təsdiq edən digər mötəbər sübutların (kassa məxaric orderinin və s.) təqdim edilməsi təklif edilsə də, cavabdeh həmin sübutları məhkəməyə təqdim etməmiş, borcun olmasını yalnız məhkəməyə təqdim etdiyi hesabdan çıxarışlara istinadla əsaslandırmışdır. Məhkəmə hesab edir ki, bankın təqdim etdiyi hesabdan çıxarışlar birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan, məhkəmə tərəfindən həmin sənədlər öhdəliyin yaranması faktını təsdiq edən mötəbər sübutlar kimi qiymətləndirilmir (Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən (üç ulduzlu) 2-2(102)-575/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı). Bununla yanaşı, iddiaçı da hesabdan çıxarışların ona aid olub-olmamasını dəqiq bilmədiyini qeyd edir.

14. Məhkəmənin mövqeyinə görə, vətəndaşlara peşəkar qaydada kredit verilməsi fəaliyyətini həyata keçirən təşkilat kimi cavabdeh bank öz işçiləri üçün yuxarıda qeyd edilən imkanı yaratmış olsa da, işçiləri həmin imkandan istifadə edərək müvafiq məbləğdən yararlandığı zaman bunu və istifadə edilmiş məbləğin geri qaytarılması şərtlərini qarşılıqlı razılıq əsasında müəyyən edərək bunu müvafiq qaydada rəsmiləşdirmək vəzifəsini daşımışdır. Lakin göründüyü kimi, cavabdeh iddiaçının banka məxsus pul vəsaitindən istifadə etməsi faktını, habelə onun qaytarılması şərtlərini və qaydasını özündə əks etdirən heç bir mötəbər sübutu (müqavilə, razılaşma, saziş, əmək müqaviləsi və ona əlavə (əgər hər hansı bənddə nəzərdə tutulmuşdursa), kassa məxaric orderi və s.) məhkəmə tərəfindən təklif edilməsinə baxmayaraq, məhkəməyə təqdim etməmiş və belə sübutların olmadığını, bu məsələlərin məhkəməyə təqdim edilmiş hesabdan çıxarışlarda əks olunduğunu bildirmişdir.

15. Məhkəmə bu halla bağlı qeyd etməyi zəruri hesab edir ki, reyestrdə əks olunan məlumatlardan aydın olur ki, iddiaçının istifadə etdiyi iddia edilən 865,09 manat əsas borc ödənilmiş (865,09 manat əsas borcun ehtiyat hesabdan silinməsi faktı cavabdehin nümayəndəsi tərəfindən də xx.xx.2024-cü il tarixli məhkəmə iclasında (4:38-ci dəqiqə) təsdiq edilmişdir), 1.067,09 manat ödənilməmiş faiz borcu qalmışdır. Mülki qanunvericiliyin tələbinə görə isə müəyyən bir məbləğə faizlərin hesablanması tərəflərin razılaşması ilə mümkündür. Lakin məhkəmə tərəfindən tərəflər arasında belə razılaşmanın olması müəyyən edilməmişdir. Bununla da məhkəmə hesab edir ki, iddiaçının istifadə etdiyi iddia edilən məbləğə cavabdeh tərəfindən faiz hesablanmasının, bir sözlə, reyestrdə iddiaçının adında aktiv qalan öhdəliyin mötəbər bir əsası olmamışdır.

16. İddiaçı 1999-2007-ci illərdə cavabdeh bankın işçisi olması faktını mübahisələndirməmiş, işçi olduğu vaxt ona verilən imkandan istifadə etsəydi belə, işdən çıxarkən son haqq-hesab zamanı həmin öhdəliyin nəzərə alınaraq, müvafiq əvəzləşmənin aparılmış olacağını, lakin əmək münasibətlərinə xitam verilərkən cavabdehlə aralarında olan təhvil-təslim zamanı belə bir borcunun olmadığını, reyestrdə göstərilən borcun yaranma tarixinin onun işdən çıxandan sonrakı dövrə təsadüf etdiyini və özünün heç bir müqavilə üzrə belə bir borc götürmədiyini, habelə ötən bu qədər müddət ərzində həmin borcun ödənilməsi ilə bağlı cavabdeh tərəfindən ona heç bir xəbərdarlıq və ya bildiriş verilmədiyini, buna görə də belə bir borcun olmasından xəbərdar olmadığını bildirmişdir. Hazırkı işin faktiki halları nəzərə alındıqda, iddiaçının bu dəlilləri məhkəmə tərəfindən ağlabatan hesab edilir. İddiaçı, həmçinin, işlədiyi dövrdə aylıq 700 manat məbləğində əmək haqqı aldığından, cavabdehin nümayəndəsinin bildirdiyi kimi, əmək haqqının müəyyən hissəsi miqdarında puldan istifadə etməyə imkan yaradılsa da, özünün istifadə edəcəyi əsas məbləğin heç vaxt 700 manatı aşmayacağını, buna görə də 865,09 manat əsas borcun ona verilməsinin, habelə hazırda ödənilməmiş qalan məbləğdə faiz borcunun hesablanmasının da ağlabatan olmadığını, işdən çıxandan sonra isə ümumiyyətlə belə bir borcun yarana bilməyəcəyini mübahisələndirmiş, lakin tərəflərin heç biri nə iddiaçının işlədiyi dövrlər, nə aldığı əmək haqqı, nə də əmək müqaviləsi, ona əlavələri və əlaqədar digər sənədləri məhkəməyə təqdim etməmişlər.

17. Mülki prosessual qanunvericiliyin tələbinə görə, tərəflər öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyır. Burada qeyd edilməlidir ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. Pul öhdəlikləri ilə bağlı münasibətlərdə kredit verilməsi halı kredit müqaviləsi, məxaric qəbzi, yazılı sənədlər və digər sübutlarla müəyyən edildiyi halda, müqavilə üzrə pulun borcalana verilməsi qanuni prezumpsiyaya əsaslanır. Bunun əksini, habelə pulun tam və ya qismən qaytarılmasını isə borcalan sübut etməlidir. Bu qaydanın hazırkı işə tətbiqi nəticəsində isə məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmadığından öhdəliyinin olmadığını mübahisələndirən iddiaçının iddiasına etiraz edərək, öhdəliyin yarandığını və mövcud olduğunu bildirən cavabdeh ilk öncə həmin öhdəliyin yarandığını sübut etməlidir ki, məhz bundan sonra iddiaçının təqdim edəcəyi sübutlar əsasında onun aktiv öhdəliyinin qalıb-qalmaması məsələsi araşdırılsın. Lakin məhkəmə tərəfindən təklif edilsə də, bu məsələ ilə bağlı sübut etmə vəzifəsini daşıyan cavabdeh tərəfindən mülki qanunvericilikdə mülki hüquqların, vəzifələrin və öhdəliyin yaranmasının əsasları kimi göstərilmiş hər hansı bir halın tərəflər arasında olmasına dair mötəbər sübut məhkəməyə verilməmişdir.

18. Məhkəmə hesab edir ki, öhdəlik hüquq münasibətləri ilə bağlı hazırkı mübahisə üzrə kreditor (cavabdeh) tərəfindən pulun borcluya (iddiaçıya) verilməsi faktını təsdiq edən heç bir sənəd təqdim edilmədiyindən, hazırkı iş üzrə iddiaçının cavabdeh qarşısında ödənilməmiş faiz borcu olmasına dair öhdəliyinin yaranması faktı sübuta yetirilməmiş hesab olunur. Bankın təqdim etdiyi hesabdan çıxarış yuxarıda da qeyd edildiyi kimi, bank tərəfindən birtərəfli qaydada tərtib edilmiş sənəd olduğundan, öhdəliyin yaranması və mövcud olması faktlarını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilmir.

19. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdeh bankın vəsaitindən istifadə etməsi və faiz borcunun yaranması sübut olunmadığına görə, tərəflər arasında Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbləri baxımından öhdəlik münasibətlərinin yaranması faktı öz təsdiqini tapmır. Göstərilənləri ümumiləşdirən məhkəmənin mövqeyinə görə, iddiaçının iddiası əsaslı olduğundan və mövcudluğu öz təsdqini tapmayan öhdəliyin müvafiq reyestrdə onun adında qalması iddiaçının hüquqlarını pozduğundan (və ya məhdudlaşdırdığından), iddia təmin edilməli, İddiaçı 1.067,09 (bir min altmış yeddi manat doqquz qəpik) manat məbləğində borcunun (aktiv öhdəliklərinin) olmamasına dair məlumatların Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsinə dair öhdəlik cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. d) Tətbiq edilən hüquq və gəlinən nəticə:

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.1, 14.2. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: - Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. - Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. - Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. - Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. - Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. - Başqa şəxsə zərər vurulması. - Əsassız varlanma. - Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. - Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (reyestrdə 2011-ci il qeyd edildiyindən, 2011-ci ildə qüvvədə olan redaksiyada). Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir (reyestrdə 2011-ci il qeyd edildiyindən, 2011-ci ildə qüvvədə olan redaksiyada).

21. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydalar: 5.1-5.2-ci bəndlər. Banklar MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. MKR-də bu məlumatlar yalnız texniki emal edilir və istifadəçilərə təqdim edilir. Səhv məlumatlar yalnız banklar tərəfindən düzəldilir. MKR banklardan təsdiqləyici hesabatlar almadan, səhv məlumatları təshih etmir. 6.1-6.4-cü bəndlər. Bütün banklar qanuna və bu Qaydalara uyğun olaraq MKR-ə məlumatları təqdim etməlidirlər. Məlumatlar təqdim edilmədikdə, bank dərhal MKR-in məlumatlarından istifadə hüququndan məhrum olunur. MKR-də toplanan və oradan alınan məlumatlara qanunla müəyyən olunmuş bank sirrinin qorunması rejimi tətbiq edilir və MKR-dən məlumat alan banklar bu sirrin qorunmasını təmin etməlidirlər. Borcalanların düzgün eyniləşdirilməsinə görə banklar məsuliyyət daşıyırlar.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 noyabr 2023-cü il tarixli 19 №-li Qərarı ilə təsdiq edilmiş “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi Qaydaları”: 2.1 və 2.1.3-cü bənd. Bu Qaydalara uyğun olaraq indeksləşmə məhkəmə aktlarına aşağıdakı “ulduz” nişanlarının təyin edilməsi yolu ilə həyata keçirilir: ★★★ (üç ulduz) – Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə aktına təyin edilən fərqləndirici nişandır.

24. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

25. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı 1.067,09 (bir min altmış yeddi manat doqquz qəpik) manat məbləğində borcunun (aktiv öhdəliklərinin) olmamasına dair məlumatların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsinə dair öhdəlik cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalıdır.

26. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsaslanaraq, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə qeyd edir ki, bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bu barədə qərar qəbul edərkən məhkəmə iddia ərizəsində belə tələbin olub-olmamasından asılı deyildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı verilməlidir.

Nəticə:

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı 1.067,09 (bir min altmış yeddi manat doqquz qəpik) manat məbləğində borcunun (aktiv öhdəliklərinin) olmamasına dair məlumatların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsinə dair öhdəlik cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulsun. İş üzrə ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar