Məhkəmə qərarları › İş №2(006)-3309/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3309/2024

24.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3309/2024 24.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtoqəza nəticəsində “Zil-130-76” yük markalı, ** BA *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə dəymiş maddi zərərin əvəzi olaraq cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (“Azərsığorta”) 1460 manat və Cavabdeh1 1530 manat məbləğində pulun, ödənilmiş 49,90 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən alınaraq İddiaçı2 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ona məxsus “Zil-130-76” yük markalı, ** BA *** dövlət qeydiyyat nişanlı yük avtomobilini digər İddiaçı2 alqı-satqı əsasında satmış, ona əvvəl sürücülük, xx.xx.2023-cü il tarixində isə nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə vermişdir. xx.xx.2023-cü il tarixində Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonunun Qəribli kəndi ərazisindən keçən 273-cü km-də İddiaçı2 idarə etdiyi “Zil-130-76” yük markalı, ** BA *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Cavabdeh1 idarə etdiyi “Mercedes Benz C220D” markalı, ** MN *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində yük avtomobilinə maddi zərər dəymiş, onun barəsində Ağdaş RPŞ tərəfindən protokol tərtib edilmiş, o cərimələnmişdir. Hadisə zamanı yük avtomobili tam yararsız vəziyyətə salınmış və ilkin ziyan aktına əsasən 6530 manat dəyərində maddi ziyan dəymişdir. “Mercedes Benz C220D” markalı, ** MN *** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta olunduğundan, ziyanın 5.000 manat hissəsi sığorta şirkəti tərəfindən ödənilməli, qalan 1.530 manat hissəsi isə Cavabdeh1 tərəfindən qarşılanmalı idi. Lakin maddi ziyan əsassız olaraq “Bakı Ekspertiza Mərkəzi” tərəfindən ümumilikdə 3.540 manat hesablanmış və İddiaçı2 ödənilmişdir. Hətta sığorta ödənişinin edilməsi üçün ondan 150 manat məbləğində ilkin ödəniş də alınmışdır. O, ziyanın düzgün hesablanmadığını bildirərək, bu məsələyə öz etirazını bildirmişdir. Belə ki, avtoqəza nəticəsində yük avtomobilinə ilkin ziyan aktına əsasən dəymiş 6.530 manat maddi ziyanın cavabdehlər tərəfindən ödənilməyən 2.990 manat hissəsi məcburi qaydada alınaraq iddiaçılara verilməlidir. Buna görə də qeyd olunan məsələnin həll olunması üçün məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia tələbinə dair etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, iddiaçıların vəkili-nümayəndəsi Vəkil “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyindən hazırlıq iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini xahiş etmiş, Cavabdeh1 isə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçıların və Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə təqdim etdi. Məhkəmə iddiaçıların vəkili-nümayəndəsinin ərizəsini nəzərdən keçirib, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini mülki işin materialları ilə birgə araşdıraraq hesab edir ki, hazırki mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki işin materiallarında olan: Nəqliyyat vasitəsinin AA seriyalı 086140 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, AZ 36BA850 qeydiyyat nömrəli “Zil-130-76” markalı nəqliyyat vasitəsinin sahibi İddiaçı1dur. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında xx.xx.2023-cü il tarixli, ƏN-Vİİİ seriyalı 990657 nömrəli etibarnamədən görünür ki, İddiaçı1 36BA850 dövlət qeydiyyat nişanlı “Zil-130-76” markalı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyi, bağışlamağı, ipoteka qoymağı, sərəncam verməyi və digər hərəkətləri, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı, ərizə verməyi 1 il müddətinə İddiaçı2 etibar etmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki: - İddiaçı2 (VÖEN: **********) xx.xx.2005-ci ildə; - İddiaçı1 (VÖEN: **********) isə xx.xx.2007-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışlar. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, iddiaçılar İddiaçı2 (VÖEN: **********), İddiaçı1 (VÖEN: **********) və cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti müvafiq qaydada dövlət qeydiyyatına alınmış vergi ödəyiciləridir. Belə ki, iddiaçılar fərdi sahibkar statusuna malik olan fiziki şəxslər, cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti isə kommersiya hüquqi şəxsidir. Deməli, hazırki mübahisənin subyektiv tərkibi olan iddiaçılar və cavabdehlərdən biri sahibkarlıq fəaliyyəti subyektləridir. Tərəflər arasında olan hüquq münasibətlərinin xarakterinə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçılar cavabdeh şirkət tərəfindən icbari sığorta müqaviləsi əsasında sığortalanmaqla digər cavabdehin idarə etdiyi maşınla onlara qarşı delikt törətməsini iddia edərək, vurulmuş zərəri cavabdehlərdən müştərək qaydada tələb etdiklərindən, zərər dəymiş avtomobilin yük maşını təyinatlı, iddiaçıların fərdi sahibkarlar, cavabdehlərdən birinin isə məhz kommersiya məqsədilə fəaliyyət göstərən sığorta şirkəti olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında kommersiya münasibətlərindən irəli gələn mübahisə yaranmışdır. Belə ki, qeyd olunduğu kimi, iddiaçılar fərdi sahibkardırlar və zərər dəydiyini iddia etdikləri avtomobil yük maşını təyinatlıdır. Deməli, həmin maşın onların (hər ikisinin birlikdə və ya ayrı-ayrılıqda) gəlir əldə etmək niyyətilə istifadə etdikləri nəqliyyat vasitəsidir. Cavabdeh sığorta şirkəti isə digər cavabdehin idarə etdiyi avtomobili sığortalayan zaman ondan sığorta haqqı almaqla gəlir əldə etmişdir. Qeyd olunanlara əsasən məhkəmənin qənaətinə görə hazırkı mübahisəyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26-cı maddəyə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının: 10-cu bəndində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. 11-ci bəndində göstərilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir; 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bəndində göstərilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 14-cü bəndində göstərilmişdir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. 15-ci bəndinə görə, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. 20-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Beləliklə, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin, həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən məhkəmə hesab edir ki, həmin məsələyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin: 31.1-ci maddəsinin tələbinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-32.4, 32.7-ci maddələrinin tələblərinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31-32 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar