Məhkəmə qərarları › İş №2(006)-3329/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3329/2023

06.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3329/2023 06.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsinin təsviri hissəsində göstərilən fərdi yaşayış evinə dəymiş ziyanın dəyəri 5821 manatın və 71 manat ödənilən dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, kənddə yaşadığı evə xx.xx.2022 ci il tarixdə **********99-10301 saylı çıxarış almaqla texniki pasport da almış, lakin evi xx.xx.2022-ci il tarixdə yanaraq məhv edilmişdir. Evi Paşa Sığorta tərəfindən sığortalanmışdır. Lakin, indi sığorta iddiaları departamentinin rəhbəri Zaur Abbasov xx.xx.2023-cü il tarixdə 0132/1 saylı məktubu ilə bildirir ki, onlar ödəyə bilməzlər. Onlar evi sığorta etdirəndə demədilər ki, evin bütün komunikasiya avadanlıqlarını divar kağızlarını sığorta etdirməlidir. Nəyi demişlər həmin pulu da vermişdir. İndi isə evin hansı hissəsini necə sığorta etmişlərsə indi də həmin hissənin sığortasını ödəsinlər. Demişlər ki, ümumiyətcə onlara aid deyil. Bəs onda yalandan onların pulunu niyə almışlar. Bəs sığortaya olan inamı niyə itirirlər. Paşa Sığorta ASC onun sığorta sənədlərini hansı səbəbdən qəbul etməməsi onun üçün qaranlıqdır. Belə çıxır ki, idarə və təşkilatlar da sənəd verməklə onları aldadır. O, da məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Qeyd etmişdir ki, əmlakına və fərdi yaşayış evinə dəymiş ziyan aşağıdakı formadadır. 1. mil 35 əd (5 sm *18 sm, uzunluq 4.5 m) (1 ədədi 11 manat) 385 m 2. üzlük (oblitsovka) 96 kv.m 7 manat) 672 m 3. işlənmiş döşəmə taxtaları (çornu pol) 96 kv.m (2.5 kub, 1 kub 320 manat) 800m 4.reyka 150 m (5 sm*3 sm) (1 m1 manat) 150 m 5. plintus 60 m (1 m 1.60 manat) 96 m 6. mil 2 əd (1 əd 19 man) ( 5 sm*20*sm uzunluq 6 m) 38 m 7.strapila 60 əd (5 sm *10 sm, uzunluq 6 m) (1 əd 10 man) 600 m 8.reyka 400 metr (1 metr 0.80 man) 320 m 9.dam örtüyü 80 əd (1 əd 13 man) 1040 m 10.dam örtüyü list 40 əd (1 əd 12 man) 480 m 11. mismar 20 kq ( 1 kq 1.50 manat) 30 m 12.asma tavan 10 kv.m (1 kv.m 12 man) 120 m , 13. profil 50 metr 25 lik (1 metr 0.50 manat) 25 m. 14.plastik qapı 4 əd ( 1 əd 220 manat) 880 manat 15.şrup 5 qutu (1 paçkası 13 manat) 65 m 16.spot 12 (1 ədədi 10 manat) 120 m. Fərdi yaşayış evinə dəymiş ziyanın cəmi dəyəri 5821 m. Həmin yuxarıda göstərdiyi fərdi yaşayış evinə dəymiş ziyan mütəxəsis rəyi ilə 2 qiymətləndirilmişdir. Yuxarıdakı formada evə zərər vurulmaqla bahəm məişət əşyaları tamamilə məhv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran hüquqa zidd əməlidir. ” Cavabdeh iddiaya etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış RPA********** (BB 739874) nömrəli sığorta şəhadətnaməsi ilə ünvan 1 kəndində yerləşən yaşayış evi “Daşınmaz əmlakın icbari sığortası” üzrə xx.xx.2022-xx.xx.2023-cü il tarixləri üçün sığortalanmışdır. xx.xx.2022-ci il tarixində İddiaçı Cəmiyyətə müraciət edərək həyətdə yerləşən tikiliyə qısaqapanmadan baş vermiş yanğın hadisəsi nəticəsində ziyan dəydiyini bildirmişdir. Müraciət dərhal qeydiyyata alınmış, sığorta araşdırmasına başlanılmış, ziyan dəymiş əmlaka baxış keçirilmişdir. Araşdırma zamanı zərər dəymiş əmlakın sığorta predmetini təşkil etmədiyi, bu səbəbdən sığorta təminatına daxil edilmədiyi müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixində sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim edilmişdir. Qeyd etmişdir ki, sözügedən imtina tam əsaslıdır, faktiki hallara və qüvvədə olan qanunvericiliyə müvafiq olaraq verilmişdir. Belə ki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 886.3-cü maddəsinə əsasən sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya haldır. RPA********** (BB 739874) nömrəli sığorta şəhadətnaməsi üzrə sığorta predmetini ünvan 1 kəndində yerləşən məhz yaşayış evi təşkil edir. RPA********** (BB 739874) nömrəli sığorta şəhadətnaməsinin “Sığortalıya istifadə hüququ verən digər sənəd” xanasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa (daşınmaz əmlakın reyestr nömrəsi: **********99-10301) istinad edilmişdir. Həmin çıxarışa əsasən ünvan 1 kəndində yerləşən yaşayış evinin ümumi sahəsi 141.5 kvadratmetrdir. Yəni adıçəkilən sığorta şəhadətnaməsi ilə 141.5 kvadratmetr sahəyə sığorta təminatı verilmişdir. Texniki pasporta baxdıqda yaşayış evinin “A” ilə işarələndiyini və ümumi sahəsinin 141.5 kvadratmetr olduğunu görmək mümkündür. xx.xx.2023-cü il tarixli hazırlıq iclasında İddiaçı texniki pasporta əsasən hansı tikiliyə zərər dəydiyi ilə bağlı sual verildikdə iddiaçı “B, C, 1” ilə işarələnmiş tikiliyə cavabını vermişdir. Texniki pasporta əsasən “B, C, 1” tikilisi yaşayış evinə daxil deyil, “həyətyanı tikili və qurğu” olaraq müəyyən edilmişdir. Yaşayış evinə deyil, məhz həyətyanı tikiliyə ziyan dəydiyi xx.xx.2023-cü il tarixli yanğın haqqında aktda da öz əksini tapmışdır: ünvan 1 kənd sakini İddiaçı məxsus fərdi yaşayış evinin həyətindəki yardımçı tikilidə baş vermiş yanğın haqqında akt tərtib edilmişdir.” Təbii ki, fotoşəkillərlə də bu məqam öz təsdiqini tapır. Azərbaycan Respublikasının 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Göründüyü kimi "xxxx" ASC qanunvericiliklə və müqavilə ilə öhdəliklərini düzgün və tam icra etmiş, müvafiq müraciət üzrə isə məsuliyyəti yaranmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan “X3” MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən Bərdə rayon Yenidaşkənd kəndində yerləşən fərdi yşayış evinə dəymiş ziyanın ümumi məbləği 5821 manat müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 kəndi ünvanda yerləşən 141.5 kv.m daşınmaz əmlak İddiaçı adına xüsusi mülkiyyət kimi qeyd edilmişdir. İş materiallarında olan RPA********** nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin surətindən görünür ki, sığortaçı Paşa Sığorta ASC tərəfindən sığortalı İddiaçı mülkiyyətində olan ünvan 2 kəndi ünvanda yerləşən daşınmaz əmlak 15 000 manat məbləğində sığorta edilmiş, sığorta haqqı 30 manat, azadolma məbləği 150 manat, sığorta müqaviləsinin müddəti xx.xx.2022-xx.xx.2023-cü il qeyd edilmişdir. İş materiallarında olan FHN-nin DYNX-nın Qarabağ regional inspektoru X5, Bərdə rayonu Yenidaşkənd kənd sakini İddiaçı, X4 Baş mühəndisi Sahib Abbasov, Tərtər regional QİV-nin Bərdə rayon sahəsi üzrə TQQ və SX-nın rəisi Z.Hacıyev və Bərdə rayonu Yenidaşkənd İƏV üzrə icra nümayəndəsinin iştirakları ilə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, həmin akt Bərdə rayonu Yenidaşkənd kənd sakini İddiaçı məxsus fərdi yaşayış evinin həyətindəki yardımçı (mətbəx-istirahət) tikilidə baş vermiş yanğın haqqında tərtib edilmişdir. İş materiallarında olan Paşa Sığorta ASC tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixində Cəmiyyətə müraciət edərək RPA********** (BB 739874) saylı “Daşınmaz Əmlakın İcbari Sığortası” müqaviləsi üzrə sığortalanmış, ünvan 1 kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikiliyə yanğın nəticəsində zərər dəydiyini bildirmişdir. Cəmiyyətə məlumat verildikdən dərhal sonra tərəflərindən sığorta araşdırmasına başlanılmış, əməkdaşları hadisə yerinə baxış keçirmiş, fotoçəkilişlər etmiş və hadisəyə dair ilkin akt tərtib etmişdir. Məlumat üçün bildirilmişdir ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 35.4-cü maddəsinə əsasən yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. Əlavə olaraq qeyd edilmişdir ki, RPA********** (BB 739874) saylı müqavilənin bağlanmasına əsas olan sənədə əsasən yalnız fərdi yaşayış evi sığorta predmetini təşkil edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli müraciəti üzrə "xxxx" ASC-nin məsuliyyəti yaranmaması qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında ünvan 2 kəndi ünvanda yerləşən daşınmaz əmlakın sığortlanması müqaviləsi bağlanılmaqla, həmin əmlak 15 000 manat məbləğində sığorta edilmişdir. xx.xx.2022-ci il tarixdə sözügedən fərdi yaşayış evinin həyətində yerləşən yardımçı tikilidə yanğın olmuş, iddiaçı sığorta hadisəsinin baş verməsi əsası ilə sığorta obyektinə dəymiş zərərlə bağlı sığorta məbləğinin ödənilməsini cavabdehdən tələb etmiş, cavabdeh isə sığorta hadisəsinin sığorta obyekti ilə əlaqədar olmaması səbəbindən həmin məbləğin ödənilməsindən imtina etmişdir. Hazırda iddiaçı həmin məbləğin məhkəmə qaydasında cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. Həmin Məcəllənin 888.2-ci maddəsinə əsasən əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ilk öncə sığortalının sığorta etdiyi sığorta obyekti müəyyən edilməlidir. Tərəflər arasında bağlanmış icbari sığorta müqaviləsi üzrə verilmiş sığorta şəhadətnaməsində daşınmaz əmlaka dair məlumatda sığortalıya istifadə hüququ verən sənəd **********99-10301 reyestr nömrəsi göstərilməklə, təyinatı-yaşayış evi kimi qeyd edilmişdir. İş materiallarında olan **********99-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportunda yaşayış evi (texnki pasportda Liter A) kimiünvan 2 kəndi ünvanda yerləşən ümumi sahəsi 141.5 kv.m olan tikinti göstərilmişdir. Həmin texniki pasportda eyni zamanda həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri də öz əksini tapmışdır. Yanğın yerinə baxış aktında yanğın hadisəsinin ümumi sahəsi (texnki pasportda Liter B, C, İ) 120 kv.m olan yardımçı tikilidə baş verməsi öz əksini tapmışdır. Beləliklə də, müəyyən etmək olur ki, yanmış tikili sığorta obyekti olmamaqla, ona dəymiş zərər sığorta hadisəsi nəticəsində vurulması kimi qiymətləndirilməməli, beləliklə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiaları təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar