Məhkəmə qərarları › İş №2(006)-3331/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3331/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3331/2020 29.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdeh "Cavabdeh" BOKT Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "Cavabdeh" BOKT Açıq Səhmdar Cəmiyyətinə qarşı "artıq ödənilmiş pul məbləğinin qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" BOKT Açıq Səhmdar Cəmiyyətinə qarşı "artıq ödənilmiş pul məbləğinin qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "Cavabdehbank” ASC-nin “Beyləqan” filialı arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli, 09/Ş saylı kredit müqaviləsi üzrə bankdan 24 ay müddətinə, 28 faizlə 2000 ABŞ dolları kredit götürmüşdür. İddiaçı devalvasiya olana kimi kreditini vaxtlı-vaxtında ödəmiş, devalvasivadan sonra isə ödənişlərini vaxtında ödəyə bilməmişdir. Buna görə də, bank iddiaçının barəsində borc məbləğinin alınması üçün Beyləqan Rayon Məhkəməsinə müraciət etmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-2008/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı 2481,16 ABŞ dolları əsas, 450 ABŞ dolları faiz, 10 ABŞ dolları dəbbə, cəmi 2941,16 ABŞ dolları və Azərbaycan manatı ekvivalenti ilə 30 manat dövlət rüsumunun alınaraq Cavabdeh BOKT ASC-nin hesabına ödənilməsi göstərilmişdir. Qətnamə qanuniqüvvəsini aldıqdan sonra icra olunması üçün Beyləqan rayon İcra və Probasiya şöbəsinə yönəldilmişdir. İş icraya yönəldikdən sonra iddiaçı xx.xx.2018-ci il tarixdə kredit borcunu qətnamə üzrə tam şəkildə ödəmişdir. Problemli kreditlərlə bağlı iddiaçının krediti Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 551 nömrəli Fərmanına əsasən borcu güzəşt olunanlar siyahısına düşmüşdür. "Cavabdeh" BOKT ASC sistemdə iddiaçının adına 1035,27 ABŞ dolları borc saxlamışdır. Dövlət tərəfindən isə iddiaçının adına 1622,34 manat kompensasiya hesablanmışdır. Dövlət tərəfindən iddiaçıya hesablanmış kompensasiya ona çatacağı halda "Cavabdeh" BOKT ASC-nin iddiaçı barəsində sistemdə saxladığı qeyri-qanuni 1035,27 ABŞ dollardan (1759,96 manatdan) çıxılaraq hələ indidən belə iddiaçının 137 manat borclu qaldığını göstərmişlər. Bu qanunsuzdur. İddiaçı cavabdeh "Cavabdeh” BOKT ASC-yə olan borcunu qətnamə üzrə tam şəkildə ödəmişdir. Dövlət tərəfindən ayrılan kompensasiya (1622,34 manat) iddiaçıya çatmalıdır. Göstərilənlərə əsasən iddiaçının əvvəlki “Cavabdehbank” indiki Cavabdeh BOKT ASC ilə bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli, 09/Ş saylı kredit müqaviləsi üzrə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 551 nömrəli Fərmanına əsasən iddiaçıya hesablanmış 1622,34 manat kompensasiyanın və 30 manat ödənilmiş dövlət rüsumunun “Cavabdeh" BOKT ASC-dən alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "Cavabdeh" BOKT Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin 2(020)-2008/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı xx xxxxxxxx 2015-ci il tarixli, 09/Ş saylı kredit müqaviləsi üzrə əsas borca görə 2481,16 ABŞ dolları, faiz borcuna görə 450 ABŞ dolları, dəbbə borcuna görə 10 ABŞ dolları, borcun cəmi məbləği 2941,16 ABŞ dolları Azərbaycan manatı ekvivalenti ilə və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulub "Cavabdeh" BOKT ASCnin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan "Cavabdeh" BOKT ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-2008/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə borc İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə tam şəkildə ödənilmişdir. İş materiallarında olan “icra sənədi üzrə icraata xitam verilməsi” barədə xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-2008/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icraatına xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan “Problemli kreditlərin kompensasiyası”na dair çıxarışdan görünür ki, İddiaçı Cavabdeh BOKT ASC ilə bağlanmış kredit müqaviləsi üzrə 1622,34 manat kompensasiya məbləği hesablanmışdır. Məhkəmə hazırki mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi İddiaçı Beyləqan Rayon Məhkəməsinin 2(020)-2008/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsiüzrə kredit təşkilatına öhdəliyinin qalmaması müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya hesablanmış kompensasiyanın 1622,34 manat məbləği Cavabdeh BOKT ASC tərəfindən qanunsuz olaraq silinmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya hesablanmış kompensasiyanın həmin vaxtı artıq mövcud olmayan borca silinmiş 1622,34 manat məbləği Cavabdeh BOKT ASC-dən tutulub İddiaçı qaytarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı hesablanmış kompensasiyanın Cavabdeh BOKT ASC tərəfindən borca silinmiş 1622,34 (bir min altı yüz iyirmi iki manat, otuz dörd qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1652,34 (bir min altı yüz əlli iki manat, otuz dörd qəpik) manat məbləğində pul Cavabdeh BOKT ASC-dən tutulub İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı hesablanmış kompensasiyanın Cavabdeh BOKT ASC tərəfindən borca silinmiş 1622,34 (bir min altı yüz iyirmi iki manat, otuz dörd qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1652,34 (bir min altı yüz əlli iki manat, otuz dörd qəpik) manat məbləğində pul Cavabdeh BOKT ASC-dən tutulub İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar